"Hamımızın bir Vətəni var - Azərbaycan!"

"Hamımızın bir Vətəni var - Azərbaycan!" - Çingiz Qənizadə

"Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-ni - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük təntənə ilə qeyd edir.

 Bu bayram ildən-ilə daha geniş vüsət alır və təntənəli şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Builki bayram əvvəlki illərdən daha coşqu və həvəslə qeyd edilir. Çünki bu il xalqımız bayramı qalib xalq kimi qeyd edir. Dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız azərbaycanlı olması ilə fəxr edir və qürur duyur. Çünki 30 il ərzində dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların həll edə bilmədikləri münaqişəni Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz öz gücü ilə 44 gün ərzində həll etdi. Azərbaycanın dünya birliyindəki şöhrətini artıran bu Qələbə dünyada yaşayan bütün azərbaycanlıların Qələbəsidir".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Hüquq müdafiəçisi bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq zərurətə və mənəvi ehtiyaca çevrilmişdir: " Bu əlamətdar gün millətimizin birlik şüarının simvolik günüdür. Hər bir soydaşımız üçün əziz olan bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik günü dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız üçün çox əlamətdar bayrama çevrilib. Hazırda həmrəylik gününü, hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq, dünya sivilizasiyasına böyük töhfələr vermiş azərbaycanlılar müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan soydaşlarımızın qəlbi daim Vətənlə döyünüb. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda soydaşlarımız dünyanın bir çox ölkələrində -Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində yaşayır və həmin bölgələrdə Azərbaycan icmaları yaratmışlar".

Ç.Qənizadə deyib ki, dünya azərbaycanlılarının həmrəyliyini yaratmaq ideyası ulu öndər Heydər Əliyevdən gəlmişdir.: "Respublikamız müstəqilliyini yeni bərpa etdiyi dövrdə respublikamızda daxili vəziyyətin gərgin olduğu dövrdə Naxçıvanda yaşayan və fəaliyyət göstərən ulu öndər Heydər Əliyev dünya azərbaycanlıların bir bayraq altında fəaliyyət göstərməsi üçün bütün imkanlardan istifadə etdi. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Qərarda qeyd olunurdu:

-31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin;

-Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin;

-31 dekabrın Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilsin;

-Naxçıvan Muxtar Respublikasının şəhər və rayon məclislərinə tapşırılsın ki, bayram günləri demokratik təşkilatların iştirakı ilə təntənəli mərasimlər hazırlayıb həyata keçirsinlər;

-Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsinə, Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan vilayət şöbəsinə, Xalq Təhsili Nazirliyinə tapşırılsın ki, 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik gününə həsr olunmuş elmi konfrans keçirsinlər;

Sərhəd çəpərlərinin bərpa edilməsi qanunsuz hesab edilsin və istehkam qurğularının ləğv edilməsini təmin etmək üçün deputat komissiyası yaradılsın".

Ç.Qənizadə Ulu Öndərin xalqın təkidli xahişi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra soydaşlarımızın həmrəyliyinin daha da gücləndirilməsini prioritet vəzifə kimi qarşıya qoyulduğunu xatırladaraq qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi: "Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi.

“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”, – deyən Ulu Öndərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Ümummilli Liderimiz 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

Hüquq müdafiəçisi bildirib ki, dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır: "Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsi istiqamətində bütün imkanlardan istifadə etdi. Dövlət başçısının sərəncamları ilə Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin - Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi. Bu birlik və həmrəylik qələbələrimizin rəhnidir".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi