Həkimə 90 qəpik müayinə pulu hesablanır

Həkimə 90 qəpik müayinə pulu hesablanır -Gənclərimizin əksəriyyəti ölkəyə geri qayıtmır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkədə ixtisaslı həkimlərin sayını azalmasının səbəblərini açıqlayıb.


Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli Cəlilabad rayon Mərkəzi Xəstəxanasına mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib ki, ixtisas həkimlərinin sayının azalmasına səbəb Azərbaycan Tibbi Universitetini bitirən həkimlərin ixtisas seçməsi ilə əlaqədardır:

"Azərbaycan Tibb Universitetini bu vaxta qədər 1000 tələbə bitirirdi, onların hamısı ixtisas həkimliyi seçirdi. Amma son illərdə universiteti bitirən 1000 tələbənin 120 nəfəri ixtisas həkimliyini seçir, digərləri adi həkim olur, yəni ixtisaslı həkim ola bilmir. Buna görə də ixtisaslı həkimlərin sayı azalır".

Qeyd edək ki, son illər ölkədə vətəndaşlar xəstəxalanalara müraciət etdikdə uzman həkimlərin qəbuluna düşməyə can atırlar və bu da həmin həkimlərin daha bilikli olmasına inamdan irəli gəlir. Bu da bir faktdır ki, hazırda ölkədə Rezidenturaya qəbul sayı o qədər də çox deyil.

Doğrudanmı, bu gün savadlı, ixtisaslı həkimlərin sayının azlığı qəbul sayının azlığı ilə bağlıdır?

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev Cebhe.info-ya açıqlamasında İTSA-nın nümayəndəsinin bəzi fikirləri ilə razılaşmayıb:

“Azərbaycan Tibb Universitetində sorğu keçirilsə, 5-6-cı kurs tələbələrinin əksəriyyətinin Almaniya, bir hissəsinin də Türkiyədə rezidenturaya hazırlaşdığını görmək olar. Eyni zamanda, onlar ən çox savadı olan tələbələrdir. Mən bunu çox təəssüf hissi, ürək ağrısı ilə deyirəm. Bizim bu qədər güclü “beyinlərimiz” axıb xaricə gedir. Mənim çox savadlı nə qədər tələbələrim olub, gənc həkimlər tanıyıram ki, əksəriyyəti Almaniyaya, bir qismi də Türkiyəyə gedib. Nəyə görə? Dünən bir xəstə mənə müraciət etmişdi ki, dövlət xəstəxanasına gedib, deyiblər növbədə 70-ci adamdır, növbəm gecə saat 3-də çatacaqdı. Ona görə özəl xəstəxanaya getdim. Xəstəxanaların əksəriyyətinin maddi-texniki bazası zəifdir və ona görə ki, səhiyyəyə, sığortaya ayrılan vəsaitlər müxtəlif yollarla mənimsənilir.

Yetəri qədər tibbi avadanlıqların alınmasına sərf edilmir. Məsələn, 10 min manatlıq cihazı 50 min manata aldıqlarını yazırlar. Bu absurddur və sağlam rəqabətin olmamasıdır. Bilikli insan qiymətli çiçək kimidir. Münbit şərait olmayanda, o açmır. Bilikli insan haqsızlıqdan küsür, inciyir, şəraitsizlikdən üz döndərib çıxıb gedir. Əgər vəziyyəti dəyişdirməsələr, önümüzdəki illərdə bununla bağlı daha ciddi böhran yaşayacağıq”.

Həmsöhbətimiz bildirib ki, xaricdə təhsil alan gənclərimizin əksəriyyəti ölkəyə geri qayıtmır:

“Onlara hansı əməkhaqqı verirlər? Bir cərrah ayda 500 əməliyyat keçirməlidir ki, 3 min manat qazanmış olsun. Elə müayinə var ki, onunla bağlı həkimə 90 qəpik ödəniş hesablayırlar. Əsas maaşı verirlər, bonusların ödənişini aylarla uzadırlar. Bunlar hamısı faktlardır. Sadəcə dövlət xəstəxanasında çalışan həkimlər bunları deməyə qorxurlar, çünki onları o zaman sıxışdırırlar”.

A.Əliyevin sözlərinə görə, Rezidenturaya qəbul sayını artırsalar, keçid balını aşağı salınmalıdır:

“O zaman da keyfiyyət aşağı düşür. Ancaq mütləq şəkildə Rezidenturada dəyişiklik etmək lazımdır. Bütün aktiv klinikalarda çalışan uzmanlar, təcrübəli həkimlər rezidenturada qəbul sayı artan ixtisaslarda təhsil alanları öyrətsinlər. Həm həkim kimi çalışsınlar, həm də onlara kömək etsinlər. Bu gün rezidentlərə 350 manat maaş verilir. Almaniyada rezidenturaya qəbul olurlar, 2-3 min avro maaş və əlavə bonus alırlar. O həkim niyə buraya qayıdıb gəlir? O, ölkədə Rezidenturanı qurtarıb tam fəaliyyətə başlayanda 10 min manat əməkhaqqı alacaq. Sağlam rəqabət şəraiti yaratmalıyıq ki, onlar burada qalsınlar. Bəzi məmurların yaddaşında Sovet dövrünün qorxusu ilə iş görmək prinsipi qalıb. İndi zəmanə dəyişib, heç kəsə qorxu ilə iş gördürə bilməzsən”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər