Hər sinifdə 30-40 şagird və potensial yoluxma: -

Hər sinifdə 30-40 şagird və potensial yoluxma: - Məktəbləri bu şərtlərlə açmaq mümkün olacaqmı?

Məlumdur ki, məktəbləri açan ölkələrdə pandemiya şəraiti ilə əlaqədar xüsusi təlimatlar var və orada şagird sayı da əsas götürülür.

Statistikadan da məlum olduğu kimi, məktəblərdə şagird sıxlığı var. Bir çox hallarda, xüsusilə Bakı məktəblərində şagird sayı bəzi siniflərdə 30-dan yuxarı olur. Bu, əsasən ibtidai siniflərdə müşahidə olunur ki, şagird sıxlığı da mənimsəmə faizini aşağı salır. İndi isə həm də pandemiya bu məsələnin həllini aktuallaşdırıb. Çünki koronavirusun yayıldığı indiki durumda tədris başlayacağı təqdirdə siniflərdə şagird sıxlığı yoluxmanı artıra bilər. Nazirlər Kabinetinin şagird sayı ilə bağlı təlimatı olsa da, reallıq fərqlidir.

Maraqlıdır, hazırda statistika neçədir? Bu sayla məktəbləri açmaq mümkün olacaqmı? Xüsusi təlimatlar dedikdə nələr nəzərdə tutulur və təkliflər nələrdir?

Mövzu ilə bağlı Təhsil eksperti Kamran Əsədov Cebhe. info-ya danışıb.

O bildirib ki, orta məktəblərdə siniflərdəki şagirdlərin sayı 24 nəfər, sinif otağının sahəsi isə 36-42 kvadratmetrdir:

"Amma son illər ölkədə fəaliyyət göstərən 4447 orta məktəbdə 1.6 milyon şagirdin təhsil aldığını nəzərə alsaq, xüsusilə Bakı şəhərində siniflərdə şagird sayı normadan çoxdur. Nəzərə alsaq ki, Bakıda 320 orta məktəb var və burada 440 min şagird təhsil alır, rəqəmlər şagird sıxlığını qaçılmaz edir".

Ekspert bildirib ki, pandemiya dövründə şagird sıxlığı ilə məktəblərdə dərslərin təşkil olunması yolverilməzdir:

"Bir müddət əvvəl Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nı təsdiq edib. Bu qərarda dövlət ümumi təhsil müəssisəsində ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir.

Xüsusilə 1-ci sinifdə 165 min şagirdin təhsil aldığını nəzərə alsaq, Nazirlər Kabinetinin qeyd etdiyi sayda sinifdə şagird sayını tənzimləmək mümkün deyil.

Düşünürəm ki, pandemiya dövründə siniflərdə normalar çərçivəsində tədris həyata keçirilməlidir. Belə ki, dərslər sinifdə üzbəüz formada keçirildikdə otaqların sahəsi bir şagirdə 2,0-2,5 kvadratmetr, qrup formasında və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 2,5-3,0 kvadratmetr ilə hesablanır".

Təhsil eksperti Kamran Əsədov əgər ənənəvi tədris bərpa olunacaqsa, təkliflər nələrdən ibarətdir onları da qeyd edib.

O bildirib ki, sinif otaqlarının ölüçüsü, partalar arasındakı məsafələr diqqətə alınmalıdır:

"Əgər ənənəvi tədris bərpa olunacaqsa, avadanlıqlar arasında aşağıdakı məsafə normativlərinə əməl edilməsinə şərait yaradılmalıdır:

-İki yerlik masalar yerləşən sıraların arasında 60 sm-dən az olmayaraq;
-Masaların cərgələri ilə çöl uzununa divar arasında 70 sm-dən az olmayaraq;
-Masaların cərgələri ilə daxili uzununa divar arasında və ya bu divar boyu dolablar arasında 70 sm-dən az olmayaraq;
-Sonuncu masalardan yazı taxtasının əks istiqamətində yerləşən divara və ya arakəsməyə qədər ən azı 70 sm;
-Sonuncu yerdə oturan şagirddən yazı taxtasına qədər ən uzaq məsafə 760 sm;
-Yazı taxtasının kənarından öndəki şagirdin oturduğu masanın arxasına qədər 350 sm, 6-7 yaşlı uşaqlar üçün isə 450 sm-dan az olmayaraq".

Ekspert bildirib ki, mövcud vəziyyətlə əlaqədar olaraq dərslər 2 hissəyə bölünərək həftədə 3 dəfə təşkil olunmalıdır:

"Bundan başqa siniflərdə, xüsusilə ibtidai siniflərdə şagird sayı 20 nəfərdən çox olarsa, onlar iki hissəyə bölünməli, bir hissəsi 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir.

Hesab edirəm ki, bu qaydalar ilə tədris ili ənənəvi formada baş tuta bilər".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi