İcra başçısı Asif Əsgərovun himayə etdiyi şəxs ağacları kəsdirdi

İcra başçısı Asif Əsgərovun himayə etdiyi şəxs ağacları kəsdirdi 

Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində 30-35 il əvvəl tikilmiş kooperativ binaların həyətində yaşıllıq sahəsini məhv edərək 15 mərtəbəli bina tikirlər.

 Aprel ayının ortalarından “Yeni ev -19” tikinti şirkəti tərəfindən başlanan inşaat işləri üçün həyətdə vaxtilə sakinlər tərəfindən əkilən 50-yə yaxın çoxillik meyvə və digər ağaclar kəsilib, 149 saylı Mənzil Tikinti Kooperativinin ərazisi zəbt olunub.

Bu barədə virtualaz.org-a H. Seyidzadə küçəsi, 5 ünvanında yerləşən 9 mərtəbəli binanın sakinləri bildiriblər. Onların sözlərinə görə, tikinti aparılan onlara məxsus tikinti kooperativinin ərazisi olsa da, aylardır ki, öz pozulmuş haqlarını bərpa edə bilmirlər.”Bu bina tamamilə qeyri-qanuni tikilir. 1985-ci ildə bizim yaşadığımız bu binanın xəritəsi tərtib olunanda həmin ərazi də 149 saylı MTK-nın ərazisi kimi göstərilib. Hazırda tikinti gedən ərazidə 50-yə yaxın ağac var idi, hamısını qırıblar. Həm də Şəhərsalma və Tikinti Məcəlləsinin qaydaları pozulub, çünki binaların arasındakı məsafə azı 30 metr olmalıdır.  Amma bu ərazi ilə bizim bina arasında məsafə heç 15 metr yoxdur.  Ümumiyyətlə, bura bina yeri deyil. İndi tətildir, o qədər hiss olunmur, məktəb başlananda bu yoldan avtomobillərin əlindən keçmək olmur. Siz təsəvvür eləyin ki, burada 15 mərtəbəli bina tikilsə vəziyyət necə olar…”, – deyə sakin Rabil Sadıxov bildirir.

Sakinlər deyirlər ki, binalarına bitişik inşa olunan yeni bina onların rahatlığını pozur, həyətdə oynayan uşaqlara təhlükə yaradır. Digər tərəfdən isə, bina əsasən gecə saatlarında və keyfiyyətsiz tikildiyindən hər an başlarına uçma təhlükəsi ilə yaşayırlar.Şikayətçilərin sözlərinə görə, bir neçə gün əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Prezident Aparatına 89 nəfərin imzası ilə yazılı müraciət olunub. Əgər müraciətə cavab verilməsə və bu tikinti dayandırılmasa  117 mənzildə yaşayan 400-dək insanın həyatı təhlükə altında qala bilər.

Şikayəti araşdırmaq üçün binada tikinti işləri görən şəxslərə yaxınlaşsaq da, suallarımıza cavab vermək istəmədilər.

“Yeni ev–19”  şirkətinin  ünvanı, ofisi və əlaqə nömrələri barədə internet mənbələrində məlumat yoxdur. Bununla belə KİV-lərdə, bir sıra internet portallarında bu şirkətin və daha bir neçə adda MMC-nin sahibi Fədai İmanovun əməlləri barədə bəhs edilir, şikayətlər əksini tapır.Fədai İmanov “Yeni ev-19” MTK-dan başqa, o “EFEM-2016” MTK, “Daim” MTK adlı şirkətlər təsis edərək Nəsimi rayonu ərazisində əsasən yaşayış binalarının həyətlərinin zəbt edilməsi yolu ilə  çoxmərtəbəli yaşayış binaları inşa edib. Virtualaz.org ötən il Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsində Fədai İmanova bağlı şirkət tərəfindən binaların həyətində ağacları qıraraq qanunsuz bina tikintisi ilə bağlı şikayəti araşdırmışdı. O vaxt sakinlərin çoxsaylı şikayətlərinə, etirazlarına baxmayaraq bina tikildi və mənzillər satıldı.Sakinlərin şikayətlərini araşdırsaq da, həmin bina tikildi də, mənzillər satıldı da. Bundan başqa, eyni küçədə daha bir yaşıllıq sahəsinin məhvi də bu şəxsin adı ilə bağlıdır. O, yaşıllıqları məhv edərək  tikinti aparmaq istəsə də, sakinlər etirazlara başladı və mətbuatda ağacların problem işıqlandırılandan sonra tikinti müvəqqəti dayandırıldı.

Mətbuatda həmçinin Fədai İmanov barəsində dəfələrlə Ekologiya və Təbii Sərvətlər nazirliyinin, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Departamentinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və digər qurumların xəbərdarlıqları ilə qarşılaşdığı haqda xəbərlər yer alır. Amma “gözəgörünməz” tikinti baronu İmanovu heç kim və heç nə, o cümlədən prezident İlham Əliyevin bu günlərdə Nazirlər Kabinetinin iclasında Bakıda binaların həyətlərini zəbt edib heç bir şəhərsalma normalarına əməl edilmədən binalar tikənlərə ünvanlanmış qəzəbli mesajları dayandıra bilmir. Deyilənlərə görə İmanov Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova yaxın adamdır və onun himayəsinə arxalandığı üçün heç kimi saymır. İmanovun özü ilə əlaqə saxlamaq mümkün olmadığından ona ünvanlanmış suallar da cavabsız qalıb…

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər