
İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilib - FOTO
AR ETN İnformasiya Texnologiyaları İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) iclası keçirilib. İclasda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, YAP Yasamal rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Nəbiyev, institutun ictimai təşkilatlarının rəhbərləri, YAP-ın üzvü olan əməkdaşları və digər aidiyyəti şəxslər iştirak edirdilər.
Faktinfo.az xəbər verir ki,əvvəlcə çıxış edən akademik Rasim Əliquliyev YAP-ın sıralarına yeni üzvlərin qəbul olunması məsələsinə həsr olunan tədbirin Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində baş tutmasının xüsusi məna daşıdığını vurğulayıb.
Alim Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm tarixi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb: “Son 30 ildə Azərbaycan xalqı ağır sınaqlardan keçmişdir. 2020-ci ildə başlanan Vətən müharibəsində işğal altında qalan torpaqlarımız dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, əsgər və zabitlərimizin gücü, qorxmazlığı, iradə möhkəmliyi, qanı-canı bahasına düşməndən azad edilmişdir. 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı erməni hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulmuş və ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam şəkildə bərpa edilmişdir. Artıq biz təkcə müstəqil deyil, eyni zamanda tam suveren və güclü dövlətik”.
Akademik R.Əliquliyev Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində rəhbərliyi dövründə ölkə iqtisadiyyatının, hərbi potensialının gücləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan xidmətlərindən bəhs edib.
Alim bu gün Ümummilli Liderin siyasi kursunun dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanın müstəqilliyinin qorunub-saxlanılmasında, dövlətçiliyimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan YAP-ın sıralarına daxil olmaq hər bir vətəndaş üçün həm böyük şərəf, həm də məsuliyyətdir.
İnformasiya Texnologiyaları İnstitutunun ölkə başçısının yürütdüyü məqsədyönlü siyasəti hər zaman dəstəklədiyini söyləyən akademik R.Əliquliyev, bu qurumun əməkdaşlarının İKT sahəsində həyata keçirilən dövlət proqramlarında fəal iştirak etdiklərini vurğulayıb. YAP-a yeni üzv olan institut əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra iclasda YAP Yasamal rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Nəbiyev çıxış edərək YAP-ın qurucusu, Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəldiyi illərdə ölkəmizdə geriliyin aradan qaldırılması, Azərbaycanın SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilməsi, eyni zamanda müasir Azərbaycan dövlətinin qurulması və inkişafındakı müstəsna rolundan söz açıb. Bildirib ki, Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan aqrar iqtisadiyyatdan sənaye iqtisadiyyatına keçid etmiş, yüzlərlə zavod və sənaye müəssisələri inşa olunmuş, yüksəkixtisaslı kadrların hazırlanması üçün minlərlə azərbaycanlı gənc təhsil almaq üçün xarici ölkələrə göndərilmişdir.
Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyən dos. B.Nəbiyev, əldə etdiyimiz tarixi zəfəri – torpaqlarımızın azad olunmasını, ölkəmizin tam suveren dövlətə çevrilməsini Ulu Öndərin müəyyən etdiyi strateji xəttin məntiqi davamı kimi qiymətləndirib.
YAP Yasamal rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunan əməkdaşları təbrik edib, onların dövlətçilik ideyalarına sadiq qalacaqlarına və YAP-ın inkişafına töhfə verəcəklərinə inamını ifadə edib.
Sonra YAP sıralarına yeni qəbul edilmiş əməkdaşlara Partiyanın üzvlük vəsiqələri təqdim olunub.
İclasda həmçinin institutun şöbə müdirləri – AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev, institutun YAP Yasamal rayon təşkilatı üzrə ərazi partiya təşkilatının sədri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, Həmkarlar Komitəsinin sədri Anar Səmidov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Dilbər Əlizadə çıxış edərək Ümummilli Lider Heydər Əliyev və dövlət başçısı İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıblar.






Bu xəbər üçün şərh yazın