İrəvan xanlığı və ətraf Azərbaycan torpaqlarının verilməsinə aydınlıq gətirildi-

İrəvan xanlığı və ətraf Azərbaycan torpaqlarının verilməsinə aydınlıq gətirildi- F.X.Xoyski M.Ə.Rəsulzadəyə məktub yazıb ki...

Prezident İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan edib ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətraflarını əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət yaradıblar.

Bunu Trend.az-ın  Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.


Onun sözlərinə görə, ölkə başçısının tövsiyə və tapşırıqları əsasında Tarix İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlar daha da genişləndirilib, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı bir sıra yeni sənədlər və maraqlı faktlar aşkar olunub. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib.


Y.Mahmudovun bildirdiyinə görə, elmi müəssisədə aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.


Fevral inqilabından sonra -1918-ci ildə Cənubi Qafqazda yalnız iki yerli (aborigen) xalqın - azərbaycanlıların və gürcülərin dövləti yaradıla bilərdi. Çünki ancaq bu iki xalqın müstəqil dövlət yaratmaq üçün tarixi etnik - ərazi bazaları vardı. Cənubi Qafqaza köçürülüb gətirilmiş və əsasən Azərbaycan torpaqlarında yerləşdirilmiş ermənilərin isə dövlət yaratmaq üçün burada ərazi bazaları yox idi.


Birinci Dünya müharibəsini aparan hərbi blokların hər ikisinin- həm Antantanın, həm də Almaniya-Osmanlı blokunun üzvləri arasında ermənilərə dövlət yaratmaq barədə ümumi fikir formalaşmışdı.


Y.Mahmudov əlavə edib ki. Çar Rusiyası, İngiltərə, Fransa və ABŞ gələcək erməni dövlətinin Osmanlı imperiyası ərazisində - Şərqi Anadoluda yaradılmasına tərəfdar idilər. Osmanlı imperiyasının bəzi siyasi dairələri isə “erməni təhlükəsi”ni özündən, yəni Şərqi Anadoludan uzaqlaşdırmaq üçün erməni dövlətinin imperiya sərhədləri xaricində - Azərbaycan torpaqlarında yaradılmasına çalışırdılar.


Yaranmış tarixi şəraitdə Azərbaycan tərəfi, yəni Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasının nümayəndələri ermənilərə dövlət yaratmaqdan ötrü hansı Azərbaycan torpaqlarının verilməsini müəyyən etmək üçün Osmanlı dövlətinin vasitəçiliyi ilə erməni tərəfi ilə danışıqlara girdi. Danışıqlar Batum konfransı (11 may - 4 iyun 1918-ci il) çərçivəsində və konfransda iştirak edən Osmanlı nümayəndə heyətinin vasitəçiliyi ilə aparıldı:


"Osmanlı dövlətinin hakim siyasi dairələrində Cənubi Qafqazda erməni dövləti yaradılması məsələsində fikir ayrılığı vardı. Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinə idilər və bu məsələdə “çibanı kökündən təmizləmək” tərəfdarı idilər. Bu mümkün olmadıqda “ermənilərin çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsini” təklif edirdilər. Lakin Tələt paşa və Ənvər paşadan fərqli olaraq, Batum danışıqlarında Osmanlı nümayəndə heyətinə başçılıq edən Dövlət Şurasının sədri və Ədliyyə naziri Xəlil bəy Menteşə və Osmanlı Orduları Qafqaz Cəbhəsinin komandanı Ferik Mehmed Vehib paşa Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratmaq tərəfdarı idilər. Onlar güman edirdilər ki, bununla ermənilər həm Anadoludan uzaqlaşdırılacaq, həm Osmanlı-erməni münasibətləri biryolluq nizama salınacaq, həm də “erməni məsələsi” ilə bağlı Osmanlı dövlətinə qarşı beynəlxalq qınağa son qoyulacaq. Yeri gəlmişkən, Azərbaycan tərəfi də Tələt paşa və Ənvər paşanın “çibanı kökündən təmizləmək” siyasətinin əleyhinə idi və “kiçik bir erməni kantonunun” yaradılmasını təklif edirdi. Belə bir təkliflə Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri M.H.Hacınski və M.Ə.Rəsulzadə hələ 1918-ci il mayın 23-də Ənvər Paşaya xüsusi müraciətnamə göndərmişdilər. Həmin müraciətnaməni onlardan başqa Əhməd bəy (Can Baba), A.B.Səfikürdski, Ə.C.Pepinov, M.Y.Cəfərov, F.X.Xoyski, N.B.Usubbəyov və X.B.Xasməmmədov da imzalamışdılar. Eyni təkliflə bundan bir gün əvvəl - 1918-ci il mayın 22-də Tələt paşaya və Ənvər paşaya Ə.B.Hüseynzadə və Ə.B.Ağaoğlu da müraciət etmişdilər".


Akademik qeyd edib ki, danışıqlar zamanı Azərbaycan ərazisində dövlət yaratmaq üçün ermənilərə torpaq veriləcəyi halda erməni tərəfi Azərbaycan və Osmanlı tərəfləri qarşısında bir sıra öhdəliklər yerinə yetirməyi üzərinə götürdü:"Həmin öhdəliklər aşağıdakılar idi:


1) Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır.


2) Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar dayandırılacaqdır.


3) Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürdü.


4) Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər.


5) Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.


29 may 1918-ci il tarixli qərar qəbul olunarkən 28 nəfər Milli Şura üzvündən 20 nəfər iştirak edirdi. Onlardan qərarın lehinə 16 nəfər səs vermiş, 1 nəfər əleyhinə olmuş, 3 nəfər bitərəf qalmışdı. Yəni qərar üçdəiki səs çoxluğu olmadan qəbul edilib. İyunun 1-də İrəvandan olan deputatlar – Mirhidayət Seyidov, Bağır Rzayev, Nəriman bəy Nərimanbəyov protest verdilər ki, bu, qeyri-qanuni qərardır. O zaman xalqın iradəsi ilə hesablaşılmadan onun torpağında İrəvan mərkəz olmaqla erməni dövləti yaradıldı. Cümhuriyyət xadimləri Azərbaycan torpaqlarının ermənilərə verilməsi səbəblərini beynəlxalq aləmə açıqlayan bəyanatla da çıxış etmədilər".


Y.Mahmudov deyib ki, emənilər məqsədlərinə nail olduqdan dərhal sonra Batum danışıqları zamanı və Batum müqavilələrinə əsasən İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərilərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirməkdən imtina etdilər. Məhz buna görə də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı F.X.Xoyski 1918-ci il iyulun 31-də o zaman İstanbulda danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadəyə belə bir göstəriş vermişdi: “Əgər ermənilər əldə olunmuş razılığı pozaraq Qarabağla bağlı iddia qaldırsalar, İrəvanın onlara güzəştə gedilməsindən imtina et:


"Fikrimcə, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır. Milli Məclisdə Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Bununla, Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi