İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı Azərbaycan hökumətinin prioritetidir

İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı Azərbaycan hökumətinin prioritetidir 

Hər bir münaqişənin hüquqi müstəvidə həlli mümkündür. Əgər beynəlxalq vasitəçilər məsələyə ikili standartlar prizmasından baxmasaydılar bölgədə müharibənin, insan faciələrinin və fəlakətlərin qarşısını ala bilərdilər.

Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır. Təəssüf ki, beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Beynəlxalq təşkilatların sanksiyaları savaşın qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpağımızdan çıxacaqdılar. Rəsmi İrəvan 30 il ərzində münaqişənin sülh yolu ilə həll olunmasından yayındı.

Ermənistan tərəfi isə bütün bunlardan daha da arxayınlaşdı. Bu arxayınlıq elə bir həddə çatdı ki, ermənilər 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlamaqlarına baxmayaraq, yeni savaşa başlamaq iddiasına düşdülər.

Təbii ki, bu iddialar rəsmi İrəvanın səriştəsizliyinin və səhvinin məhsulu idi. Odur ki, Ermənistanın acı məğlubiyyəti qaçılmaz oldu.

Hazırda Minsk qrupunun tam fəaliyyətsiz olduğunu aydın şəkildə görürük. Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur. İşğalı 30 il ərzində görməyən, indi isə olmayan işğalı görən qurum, ya kordur, ya da riyakardır. Otuzillik işğal dövründə, cəmi iki dəfə faktaraşdırıcı missiya göndərildi və məruzə hazırlandı. Ermənilərin bütün cinayətləri məruzədə göstərildi. Sonuncu belə bir missiya təqribən 10 il əvvəl həyata keçirilmişdi. Azərbaycan dəfələrlə Minsk qrupuna, onun həmsədrlərinə müraciət etmişdi ki, yenə də missiya göndərilsin. Çünki orada qanunsuz məskunlaşma aparılırdı, Suriyadan, Livandan, başqa yerlərdən ermənilər gətirilib məskunlaşdırılırdı. Bu, hərbi cinayətdir. Bütün beynəlxalq konvensiyalara görə bu, hərbi cinayət sayılır. Lakin bu cinayətlər qarşısında beynəlxalq vasitəçilərin susması Ermənistanı yeni cinayətlərə sürüklədi.


Nəticədə Azərbaycan dövləti bizə qarşı törədilən təxribatlara cavab vermək məcburiyyətində qaldı. 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin Zəfəri və tarixi ədalətin bərpası ilə yekunlaşdı. Bu tarixi Zəfər ölkəmizdə xalq-ordu-rəhbər birliyini bir daha təsdiqləməklə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bütün dünyaya sübut etdi. Prezident Rəcəb Tayyib Ərdoğan bütün dövrlərdə yüksək platformalardan Azərbaycanın haqq işi haqqında çox geniş məlumatlar verirdi. Türkiyə, onun Prezidenti və xalqı hər zaman Azərbaycanın yanındadır. Necə ki, savaşın ilk saatlarında Türkiyə Prezidenti bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə əlavə güc verdi və mənəvi güc verdi. Son illər ərzində biz çox böyük yol keçdik və demək olar ki, münasibətlərimizi ən yüksək zirvəyə qədər qaldırdıq.Türkiyə bizim yanımızda olmaqla, bütün dünyaya mesaj göndərdi ki, qarışmayın, müdaxilə etməyin. Azərbaycan haqq yolundadır və əgər qarışsanız, əgər müdaxilə etsəniz, qarşınızda Türkiyəni görəcəksiniz. Şuşa Bəyannaməsinin imzalanması bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırdı.


Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz işğal altında olan digər ərazilərimiz kimi, doğma şəhərimiz olan Füzuli şəhərini və 61 kəndimizi işğaldan azad etdi. İllərlə həsrətində olduğumuz torpaqlarımızı görmək, məzarlarını ziyarət edə bilmədiyimiz yaxınlarımızın məzarlarını ziyarət etmək nəsibimiz oldu.

İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı Azərbaycan hökumətinin prioritetidir. Müharibə bitər-bitməz vaxt itirmədən Azərbaycan dərhal öz gücünü göstərdi və ərazilərin bərpa olunması işlərini başladı. Çünki bu işləri görmək üçün təkcə pul kifayət etməz. Çünki resurs olmalıdır, kadrlar olmalıdır, heyətlər olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı tikinti-quruculuq işləri, həyata keçirilən irimiqyaslı layihələr dövlətimizin iqtisadi gücünün göstəricisidir. Qardaş Türkiyə dövlətinin nüfuzlu şirkətlərinin aparılan bərpa işlərində yaxından iştirakı hər birimizi sevindirir və qürurlandırır.


Hazırda bizim rayonumuzun ərazisində də tikinti-quruculuq və bərpa işləri sürətlə davam etməkdədir. Sevindirici haldır ki, bu gün dövlətimizin iqtisadi gücünün göstəricisi olan, işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı tikinti-quruculuq işləri uğurla davam etməkdədir. Dövlətimiz tərəfindən həyata keçirilən beynəlxalq və regional əhəmiyyətli layihələrin bir çoxu Füzuli rayonu ərazisində reallaşdırılmaqdadır. Füzuli Beynəlxalq Hava Limanının tikilməsi, Füzuli və Şükürbəyli yarımstansiyalarının açılması rayonumuzun strateji əhəmiyyətini daha da artıracaq layihələrdəndir. Hal- hazırda yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, Horadiz-Zəngilan, Füzuli-Hadrud, Füzuli-Cəbrayıl avtomobil yollarının tikintisi sürətlə davam edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsini bərpa edəcək, gələcəkdə Türkiyəyə kimi uzanacaq siyasi və strateji əhəmiyyətli Horadiz-Ağbənd dəmir yolunun çəkilişi uğurla davam etməkdədir. Əminik ki, ərazisində belə əhəmiyyətli infrastruktur layihələrin reallaşması rayonumuzun gələcək sosial-iqtisadi inkişafına möhkəm təməl olacaqdır.

Bu gün füzulilər 30 il həsrətini çəkdikləri torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Əminik ki, dövlətimizin gücü, dövlət başçımızın qətiyyəti nəticəsində tezliklə doğma Füzulimiz öz sakinlərinə qucaq açacaqdır.

Vətən müharibəsində qazandığımız Qələbə torpaqlarımızın işğaldan azad edilməsini təmin etməklə yanaşı, regionda sürətli inkişafa və dayanıqlı sülhün təminatına şərait yaratdı. Həmçinin yeni reallıqlar regionda yeni münasibətlər, yeni siyasi sfera yaradıb. Aydın məsələdir ki, bölgədə sülhün təmin olunması üçün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması labüddür.

Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır.Dəhlizlərin açılması prinsipial məsələdir. Bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Biz müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkdik – həm torpaq yol, həm asfalt yol. İndi orada 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur. Ermənistan rəhbərliyi imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirməlidir.

Hazırda Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb. Zəngilana həm dəmir yolu çəkilir, həm də avtomobil yolu. Gələcəkdə regionun beynəlxalq əhəmiyyətini artıracaq hava limanları tikilir. Bütün bu görülən işlər qəti əminlik yaradır ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək və Azərbaycanın dilbər guşəsi olaraq öz qonaqlarını qarşılayacaqdır.

Natiq Ağayev

Füzuli RİH-nin

Memarlıq və Tikinti şöbəsinin müdiri

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi