İt gömrük bəyannaməsində göstərilməyən pulları aşkarladı

İt gömrük bəyannaməsində göstərilməyən pulları aşkarladı 

“Lyuk” ləqəbli gömrük iti Düsseldorf aeroportunda xidmət etdiyi 6 ay ərzində ümumilikdə 11 sərnişində 1,2 milyon avro dəyərində bəyannamədə göstərilməyən nağd pul iyləyərək aşkarlayıb.

Almaniyanın “WDR Fernsehen” telekanalında bu gün nümayiş etdirilən videoreportaj gömrükçülərin dördayaqlı “dost”una həsr olunub.

Üç yaşlı alman çoban iti Almaniyada yeganə itdir ki, şübhəli iri partiyalı nağd pulların aşkar edilməsinə öyrədilib. “Lyuk” kiminsə baqajda böyük məbləğdə pul aparmasını hiss etdikdə, dərhal hürməyə başlayır.

Əgər sərnişin gömrükdən keçdiyi zaman bəyannamədə göstərilməyən 10 min avrodan yuxarı nağd pul aparırsa, o zaman bu, Almaniyada qayda pozuntusu hesab edilir. Gömrükçülər başa düşmürlər ki, sərnişinlər bəyannamədən niyə boyun qaçırırlar. Sadə bəyannamədə 5-6 bəndi doldurmaqla qeyri-məhdud sayda nağd pul aparmaq mümkündür. Gömrükdə heç kim bu pulların mənşəyi barədə soruşmur, heç bir komissiya haqqı ödəmək lazım gəlmir. Hətta ən böyük məbləğdə nağd pulu bəyannamədə göstərdikdən sonra keçirmək mümkündür. Bəyannamə yalnız statistik təhlil və narkotiklərin qanunsuz dövriyyəsində və çirkli pulların “yuyulmasında” şübhəli şəxslərin üzə çıxarılmasından ötrü lazımdır.

“Lyuk”un məşqçilərinin sözlərinə görə, it çap rəngləri kombinasiyasının və əsginasların qoxusunu hiss edərək pulu tapır.

“Hər valyuta özünəməxsus qoxuya malikdir”, – deyə “Lyuk”un məşqçilərindən biri danışır. İti avro, ABŞ dolları, Britaniya funtu və Türkiyə lirəsinin qoxusunu qəbul etməyə öyrəşdirirlər.

Ötən ilin noyabrında sərnişin tərəfindən təxminən 870 min avro nağd pulun keçirilməsinə cəhd göstərildikdən sonra Düsseldorf hava limanı qəzet başlıqlarına düşmüşdü(azərtac).

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi