Jurnalistlər onlara tikilən evlərin şəhid ailələrinə verilməsi üçün Prezidentə müraciət etdi

Jurnalistlər onlara tikilən evlərin şəhid ailələrinə verilməsi üçün Prezidentə müraciət etdi 

Bir qrup media və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Məlum olduğu kimi, Azərbaycan tarixində yeni bir mərhələ başlanıb. Artıq ölkəmiz bütün dünyada qalib Azərbaycan kimi tanınır. Dövlətimizin yenilməz gücü, xalqımızın həmrəyliyi, Sizin ətrafınızda birləşərək dəmir yumruğa çevrilməsi dillərə dastandır.

Əlbəttə, Azərbaycanın fəth etdiyi bu zirvənin ucalığı, Zəfərin böyüklüyü zaman keçdikcə, Vətən müharibəsi tarixə çevrildikcə daha da aydın görünəcək.

Bu Qələbəyə cəmiyyətimiz Sizin rəhbərliyiniz altında sıx birləşərək nail oldu. Artıq İkinci Qarabağ müharibəsi arxada qalıb. Sizin də qeyd etdiyiniz kimi, qarşımızda daha böyük missiya dayanır. İndi azad olunmuş Qarabağı cənnətə çevirmək, qaçqın və məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmaq, şəhid ailələri və qazilərimizin qayğısına qalmaq, bir sözlə, yaralarımızı sarıyaraq sağalmaq və irəli getmək kimi böyük bir prosesin içindəyik.

Biz artıq müharibədən az bir vaxt keçməsinə baxmayaraq, olduqca böyük işlərin görülməsinə şahidlik edirik. Elə Siz son müsahibənizdə ilin sonunadək 3 min şəhid ailəsi və qazinin mənzillərlə təmin ediləcəyini, artıq 1300 mənzilin onlara verildiyini bildirdiniz.

Biz də bu böyük missiyanın həyata keçirilməsində öz həmrəyliyimizi nümayiş etdirmək, olduqca böyük və şərəfli işin icrasında töhfəmizi vermək, dövlətimizin və Sizin yanınızda olduğumuzu bir daha bildirmək istəyirik.

Məlum olduğu kimi, son illər Azərbaycan dövləti jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atıb. Bunlardan biri də media nümayəndələri üçün yaşayış binalarının tikilməsi, onların dövlət hesabına mənzillərlə təmin edilməsidir.

Ötən dövrdə 500-ə yaxın jurnalist belə mənzillərlə təmin olunub. Jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina da artıq istifadəyə hazırdır. Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən müharibəsi qəhrəmanlarına təqdim olunsun.

Bu, gözəl həmrəylik nümunəsi olmaqla yanaşı, həm də Qələbədən sonrakı proseslərə bizim töhfəmiz olar.

Belə bir şərəfli işin həyata keçirilməsi üçün təşəbbüsümüzü nəzərə almağınızı Sizdən xahiş edirik-deyə müraciətdə bildirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi