“Kiyev işğal olunsa da, müharibə bitməyəcək“ - “Partizan savaşı gözlənilir“

“Kiyev işğal olunsa da, müharibə bitməyəcək“ - “Partizan savaşı gözlənilir“ 

“Əslində, Ukraynanın vəziyyəti o qədər də yaxşı deyil. Amma Rusiyanın da hücum tempi əvvəlki günlərə nisbətən kifayət qədər zəifləyib. Lakin bu o demək deyil ki, hücum əməliyyatları tamamilə dalana dirənib və yaxud da davam etmir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O, Rusiyanın Uzaq Şərq və Kamçatkadakı hərbi birləşmələrinin də müharibəyə cəlb olunması ilə bağlı iddialara fikrini bildirib:

“Görünən odur ki, Rusiya artıq Kiyevi mühasirəyə almaqla, Poltavaya gedən yolu da bağlamaq niyyətindədir. Belə olan halda, Kiyevə bir çıxış magistralı qalır, qalan istiqamətlərlə əlaqə kəsilir.

Digər tərəfdən, Rusiyanın kontinental ərazidən Krıma quru yolu da açılıb. Növbəti günlərdə Rusiya, yəqin ki, Ukraynanın Qara dənizlə əlaqəsini kəsmək üçün hücumlarını Mikolayevdən Odessa istiqamətinə doğru genişləndirəcək, lakin Odessanın strukturunu dağıtmadan. Çünki orada mövcud olan limanlardan Rusiya öz desant gəmiləri ilə heyətin daşınması və bu istiqamətdə hücumların genişləndirilməsi üçün istifadə etmək niyyətindədir.

Hazırda Rusiyaya aid böyük bir donanma, təxminən 7 desant gəmisi Qara dəniz hövzəsindədir və buradan Odessaya desant çıxarmaq istəyirlər”.

Hərbi ekspert əməliyyatların yekun tarixi haqqında da öz ehtimallarını açıqlayıb:

“Ümumən əməliyyatların nə zaman Rusiyanın tam qələbəsi ilə nəticələnəcəyini demək olmaz. Hansı ölkənin qalib olacağını söyləmək əslində, düzgün deyil. Çünki hər iki tərəf itirir. Rusiya bir miqdar ərazi əldə edirsə, iqtisadi-siyasi cəhətdən uduzur, Ukraynada isə ərazilərlə bərabər, infrastruktur dağılır". 

Ədalət Verdiyev əlavə edib: "Rusiya Ukraynanın paytaxtı Kiyevə təzyiqi artırmaqla, bu ölkənin mərkəzi idarətemə sistemini pozmağa, o cümlədən Ukrayna rəhbərliyini ruspərəst bir fiqurla əvəzləməklə, vəziyyəti öz xeyirinə dəyişməyə çalışır. Amma Kiyev işğal olunsa belə, əməliyyatlar bitməyəcək. Ola bilsin ki, uzun müddət partizan savaşı getsin".


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi