
KİYEV MÖVQEYİNİ SƏRTLƏŞDİRDİ – Ukraynanın təklif etdiyi sənədin detalları açıqlandı
İyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti sülh danışıqları keçiriləcək.
Azpolitika.info xəbər verir ki, danışıqlar ərəfəsində “Reuters” agentliyi Ukraynanın Rusiya tərəfinə təqdim etməyi planlaşdırdığı sülh təkliflərinin tam mətnini dərc edib. Jurnalistlərin tanış olduğu sənəd beş əsas bölmədən ibarətdir və regionda uzunmüddətli atəşkəsin, siyasi sabitliyin bərqərar olması məqsədilə mühüm mexanizmlər təklif edir.
Sənədin əsas bəndləri:
Razılaşmanın və danışıqlar prosesinin əsas prinsipləri
Sənədin ilk hissəsində tam və qeyd-şərtsiz atəşkəsin təmin olunması təklif olunur. Hava, quru və dəniz məkanında ən azı 30 günlük tam atəşkəs rejimi elan edilməlidir. Atəşkəsin icrasına ABŞ rəhbərliyi altında beynəlxalq müşahidə missiyası nəzarət edəcək və üçüncü ölkələrin də bu prosesdə iştirakına yer ayrılacaq.
Növbəti addım liderlərin görüşü və atəşkəsin razılaşdırılması
Ukrayna tərəfi danışıqların davamı üçün dövlət başçılarının – Zelenski və Putinin görüşünü əsas şərt kimi təqdim edir. Liderlərin görüşü olmadan razılaşmanın yekun detallarının müzakirəsi mümkün sayılmır.
Atəşkəs
Sənəddə tərəflər arasında "hamı hamıya" prinsipi ilə hərbi əsirlərin dəyişdirilməsi təklif edilir. Bu, humanitar etimadın bərpasına yönəlmiş addım kimi qiymətləndirilir.
Etimadın möhkəmləndirilməsi tədbirləri
Ukrayna mümkün sülh prosesini yalnız etimadın möhkəmləndirilməsi mexanizmləri ilə birgə real hesab edir. Bunlara beynəlxalq nəzarət, mərhələli sanksiyaların yüngülləşdirilməsi və s. daxildir.
Liderlərin görüşü
Sülh sənədinin yekun koordinasiyası üçün dövlət başçılarının görüşü qaçılmaz kimi təqdim olunur. Bu görüşün sülh prosesində dönüş nöqtəsi ola biləcəyi vurğulanır.
“Reuters”in yaydığı məlumata görə, Ukraynanın təqdim etdiyi layihədə Kiyevin neytral statusdan imtina etdiyi qeyd olunur. Sənəddə Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyü perspektivi, eləcə də ölkə ərazisində xarici hərbi qüvvələrin mövcudluğuna qoyulan qadağaların ləğvi öz əksini tapıb. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin say tərkibi və yerləşməsi ilə bağlı hər hansı məhdudiyyət qəbul olunmur.
Sənədin ərazi ilə bağlı bəndində vurğulanır ki, ərazi məsələlərinin müzakirəsi yalnız atəşkəsdən sonra başlaya bilər. Həmçinin sənəddə beynəlxalq ictimaiyyətin Rusiya tərəfindən 2014-cü ildən sonra işğal olunmuş Ukrayna ərazilərinə dair suverenlik iddialarını tanımayacağı açıq şəkildə qeyd olunur.
Kiyev Rusiyaya qarşı tətbiq olunan sanksiyaların mərhələli şəkildə ləğvini, eyni zamanda Rusiyanın dondurulmuş suveren aktivlərinin yalnız reparasiyalar tam ödənildikdən sonra azad edilməsini təklif edir. Sanksiyaların bərpa olunması ehtimalı da sənəddə ehtimal kimi yer alır.
Rusiya tərəfi indiyə qədər öz təkliflərinin tam mətni ilə çıxış etməyib. Moskvanın əsas istəkləri arasında Ukraynanın neytral və bloklara qoşulmayan status alması, rus dilinin istifadəsinə dair qanunların ləğvi, eləcə də Krım və hazırda Rusiya qoşunlarının nəzarətində olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinə dair suverenliyin tanınması daxildir.
“Reuters”-in məlumatına görə, Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşü iyunun 2-də saat 13:00-da (Moskva vaxtı ilə) İstanbulun “Çırağan” sarayında baş tutacaq. Rusiya nümayəndə heyəti artıq bazar günü axşam saatlarında Türkiyəyə çatıb. Ukrayna Prezidenti Volodimir Zelenski də Kiyevin bu danışıqlarda iştirak edəcəyini təsdiqləyib.
Bu xəbər üçün şərh yazın