Könül Nurullayeva: “Azərbaycanda qəbul edilən qanun və dövlət proqramları xəstəliklərdən əziyyət çəkən şəxslərin işəgötürülmə hüquqlarını və sosial müdafiəsini təmin edir“

Könül Nurullayeva: “Azərbaycanda qəbul edilən qanun və dövlət proqramları xəstəliklərdən əziyyət çəkən şəxslərin işəgötürülmə hüquqlarını və sosial müdafiəsini təmin edir“ - VİDEO

Milli Məclisin deputatı Könül Nurullayeva AŞPA-nın Yaz Sessiyası çərçivəsində müzakirə olunan xroniki və uzunmüddətli xəstəliklərlə mübarizə aparan insanlara qarşı bərabərsizliyin aradan qaldırılmasına dair hesabatın müzakirəsində iştirak edib.

Millət vəkili bildirib ki, bu hesabatda diqqətlə nəzərdən keçirilməli olan ən mühüm məsələ xroniki və uzunmüddətli xəstəliklərin yalnız sağlamlıq problemləri yaratması deyil, həm də xəstəliklərdən əziyyət çəkən insanların əksər hallarda ictimai qınağa məruz qalmasıdır. Millət vəkili bu problemi aradan qaldırmaq üçün sektorlar və qitələrarası ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Dövlət səviyyəsində, hökumətin və Parlamentin bu istiqamətdə həyata keçirdiyi səmərəli icra mexanizmləri vasitəsilə hüquqi müdafiənin təmin edilməsində potensial imkanlardan danışan deputat, bu sahədə Azərbaycan təcrübəsini də bölüşüb. Bildirib ki, hələ 2003-cü ildə Azərbaycanda xroniki və uzunmüddətli xəstələri, o cümlədən şəkərli diabet, hemofiliya və talassemiya, xroniki böyrək xəstəliyinə dair dövlət qayğısını əhatə edən qanunlar qəbul edilib, dövlət dəstək proqramları hazırlanıb. 


Onun sözlərinə görə, sözügedən qanunlar və dövlət proqramları xəstəliklərdən əziyyət çəkən şəxslərin bərabər hüquqlarını bərpa etməklə yanaşı, onların işəgötürülmə hüquqlarını və sosial müdafiəsini də təmin etməkdədir: “Bu müstəvidə, dövlət tərəfindən talassemiya xəstəliyindən əziyyət çəkən şəxslər üçün tibbi mərkəz yaradılıb, dövlətin iqtisadi və mənəvi qayğısı gücləndirilib, “Talassemiyasız həyat üçün” sosial layihəsinə start verilib”.
Azərbaycanda fəaliyyət göstərən QHT-lərin yerlərdə BMT agentlikləri ilə birlikdə xroniki xəstələr üçün müxtəlif ictimai inteqrasiya proqramları da həyata keçirdiyini bildirən K. Nurullayeva maarifləndirmə kampaniyalarının aparıldığını da qeyd edib.


Millət vəkili dünya miqyasında işəgötürənlərin də xroniki xəstəliklərdən əziyyət çəkən işçilərin bərabərliyini təmin etmək və onlara lazımi dəstək göstərmək məqsədilə hüquqi rola sahib olmasının zəruriliyini qeyd edib. İş yerlərinin “Bərabərlik Aktları”na uyğunlaşdırılmasının, sağlamlıq siyasətlərinin tərtib olunmasının, xəstəlik və müalicə sonrası işə dönərkən məhdudiyyətlər əvəzinə fərdi qabiliyyətlərin üzə çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər