Laçınlı köçkünlər mənzil paylanmasından narazı qaldılar

Laçınlı köçkünlər mənzil paylanmasından narazı qaldılar - İŞƏ POLİS VƏ İCRA BAŞÇISI QARIŞDI

Ağcabədi rayonunda məcburi köçkünlərə mənzillərin verilməsi zamanı narazılıq yaranıb.

Bir neçə köçkün Laçın Rayon İcra Hakimiyyətinin qarşısına gələrək onlara valideynlərindən ayrı yaşamaları üçün mənzil verilməsini tələb ediblər. Narazı köçkünlər bildiriblər ki, ailə qurublar, buna görə də ayrıca mənzil istəyirlər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, yaşayış sahələrinin bölgüsü zamanı Laçın rayonu, Vağazin kəndindən məcburi köçkün Yusif İsmayılova və onun ailəli olan oğlu Rəhimə ayrılıqda ikiotaqlı ev verilməsi nəzərdə tutulub. Lakin ata ümumilikdə 5 nəfərdən ibarət olan iki ailəyə birlikdə yaşamaq üçün üçotaqlı mənzil ayrılmasını xahiş edib. Komissiya atanın xahişini nəzərə alaraq müvafiq qərar qəbul edib. Bu qərarı etirazla qarşılayan Rəhim İsmayılov etiraz edəb və ictimai asayişi pozmağa çalışıb. Komissiya ata ilə oğul arasında yaranan fikir ayrılığını nəzərə alaraq, əvvəlki kimi, onların hər birinin ailəsinə ikiotaqlı ev verilməsini qərarlaşdırıb.

Vağazin kəndindən olan digər məcburi köçkünlər – Zöhrab və Babək Mürsəlovların yeni yaşayış sahələri ilə təmin edilməsi məsələsinə də təkrarən baxılıb və onların hər ikisinə ailə tərkiblərinə uyğun evlər verilib.

Qeyd edək ki, Ağcabədi rayonunun Taxtakörpü ərazisində yeni salınmış 645 ailəlik üç qəsəbənin ikisində bu il yanvarın 15-də püşkatma keçirilib. Yeni salınmış qəsəbələr - Vağazin obasında 256 evdən, Qarakeçdi obasında 245 evdən, Şeylanlı obasında isə 144 evdən ibarətdir. Qəsəbələrə Taxtakörpü ərazisindəki Vağazin, Qarakeçdi və Şeylanlı obalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülür. Hazırda məcburi köçkünlərin yerləşdirilməsi davam etdirilir. Narazılıq edərək dava salan köçkünlər polis tərəfindən saxlanılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamentinin direktoru Natiq Hüseynov və Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli münaqişəni aradan qaldırmaq üçün yerindəcə məcburi köçkünlərlə görüşüblər. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi