Macarıstan parlamentində İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə baş tutmayıb

Macarıstan parlamentində İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə baş tutmayıb 

Macarıstan parlamentinin növbədənkənar iclasında İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası üzrə səsvermə baş tutmayıb.

APA.az xəbər verir ki, bu barədə parlamentin sədr müavini Şandor Lejak bildirib.

Onun sözlərinə görə, səsvermənin baş tutmamasının səbəbi parlament üzvlərinin əksəriyyətinin iclasa qatılmaması ilə bağlıdır. Belə ki, parlamentdə yerlərin əksəriyyətinə malik olan hakim partiyanın "FİDESZ – Macarıstan Vətəndaş Birliyi" fraksiyası müxalifət partiyalarının nümayəndələrinin iştirak etdiyi iclasda iştirakdan imtina edib. İclas zamanı zalda 199 deputatdan cəmi 51-i iştirak edib.

"Reuters"in xəbərinə görə,parlamentin iclasına ABŞ-ın Budapeştdəki səfiri, Danimarka və Polşa da daxil olmaqla digər NATO müttəfiqlərinin səfirləri də qatılıb.

FIDESZ partiyasının parlamentdəki qrupu bildirib ki, Macarıstan parlamenti normal iclas üçün yenidən toplananda İsveçin NATO-ya daxil olmaq istəyi təsdiqlənə bilər.Parlament qış fasiləsindən sonra fevralın sonunda yenidən toplaşacaq.

Xatırladaq ki, Macarıstan Stokholmun alyansa üzvlük ərizəsini ratifikasiya etməyən yeganə NATO ölkəsidir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi