
Maliyyə Nazirliyi bu il 162 milyon manat artıq və əsassız ödəniş aşkar edib
Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 77 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 162 milyon manat artıq və əsassız ödənişlər aşkar edib, ilkin maliyyə nəzarəti çərçivəsində isə 10,22 milyon manat vəsaitin artıq xərclənməsinin qarşısı alınıb.
Məlumata görə, hesabat dövründə Xidmətin fəaliyyətinin əsas hissəsini Baş Prokurorluqdan və digər hüquq-mühafizə orqanlarından daxil olan məktub və qərarların icrası ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri təşkil edib. Belə ki, hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 53 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 85,24 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə yoxlama materialları aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına təqdim olunub.
Bundan əlavə, iş planına və plandankənar nəzarət tədbirlərinə əsasən 2025-ci ilin birinci yarımilliyində Xidmət tərəfindən 24 təşkilatda yoxlamalar aparılıb. Bu nəzarət tədbirləri nəticəsində ümumilikdə 76.771,1 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş və müvafiq pozuntulara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.
Bu xəbər üçün şərh yazın