Mayın 28-i həm dövlətimiz, həm də xalqımız üçün ikiqat bayrama çevrildi

Mayın 28-i həm dövlətimiz, həm də xalqımız üçün ikiqat bayrama çevrildi 

Müstəqillik Günümüzün 107-ci ilində Laçın Beynəlxalq hava limanınin açılışı oldu.

Bu, tarixi hadisədir. Həmçinin bu, Qarabağ və Şərqi Zəngəzurda sayca üçüncü hava limanıdir. Təbii ki, Azərbaycan Türkiyə və Pakistan liderlərinin bir araya gəlməsi, qardaşlıq nümunəsi sərgiləməsi lazımı ünvanlara ötürülən mesajdır. Əvvəla, hər 3 ölkəni birləşdirən tarixi bağlar, oxşar mədəni və dini ənənələr var.


Hazırda Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi dialoq yüksək dinamizmi ilə səciyyələnir. Hər üç ölkənin liderləri tez-tez qarşılıqlı səfərlər edirlər, müxtəlif beynəlxalq tədbirlərdə bir araya gəlirlər və əməkdaşlığın yeni perspektivləri ilə bağlı müzakirələr aparırlar. Üç ölkə liderlərinin -İlham Əliyevi, Rəcəb Tayyib Ərdoğanı və Şahbaz Şərifi bir araya gətirən Zirvə görüşü regionda yeni geosiyasi quruluşa işarə edən mühüm strateji addım kimi dəyərləndirilir.


Zirvə görüşü Azərbaycanın Respublika Günü münasibətilə təşkil olunsa da, bu tədbir sadəcə simvolik deyil, həm də siyasi, iqtisadi və hərbi inteqrasiyanın dərinləşməsinə yönəlmiş planların təqdimatı oldu.


Zirvə görüşü zamanı enerji və nəqliyyat xətlərinin inkişafı, xüsusən də Zəngəzur dəhlizinin əhəmiyyəti ön plana çıxarıldı. Bu dəhliz yalnız Azərbaycanın deyil, bütün regionun iqtisadi potensialını artıracaq və üç ölkə arasında iqtisadi inteqrasiyanı dərinləşdirəcək. Eyni zamanda, Laçın kimi strateji bir məkanda belə bir zirvə görüşünün keçirilməsi Azərbaycanın bu bölgədəki geosiyasi əhəmiyyətini vurğulayır.


Türkiyə və Pakistanla hərbi əməkdaşlıq Azərbaycanın regional təhlükəsizlik siyasətində mühüm yer tutur. Üçtərəfli əməkdaşlıq çərçivəsində keçirilən təlimlər və layihələr regional sabitlik və sülhün təmin edilməsinə xidmət edir. Laçında keçirilən zirvə, bu əməkdaşlığın yalnız hərbi deyil, həm də siyasi və iqtisadi sahələrdə davamlı olduğunu göstərir.


Laçında baş tutan zirvə görüşü Azərbaycanın "orta güc" kimi mövqeyini gücləndirmək və regionda daha böyük təsir gücünə sahib olmaq istəyini əks etdirir. Bu görüş təkcə üç ölkə arasında deyil, həm də daha geniş bir regional kontekstdə əməkdaşlıq və inteqrasiyanın yeni yollarını açır. Azərbaycanın bu strategiyası regionda balansı qorumaq, yeni strateji imkanlar yaratmaq və beynəlxalq arenada mövqeyini möhkəmləndirmək baxımından uğurlu bir addımdır.

İbrahim Cəfərov
AMEA-nın müxbir üzvü, professor,

Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi