“Mən Elçibəyin adamı olmamışam...” – Zəlimxan Məmmədli
Sabiq səhiyyə naziri Əli İnsanovun qurucusu və sədri olduğu Haqq və Ədalət Partiyasının Ali Məclis sədri Zəlimxan Məmmədli Yenisabah.az-ın suallarını cavablandırır.
- Zəlimxan bəy, Haqq və Ədalət Partiyasının sıralarına daxil olmaq barədə qərar hansı zərurətdən doğdu?
- Mən 10 ildir ki, aktiv siyasi fəaliyyətlə məşğul deyildim. “Borçalı” Cəmiyyətinin sədri olaraq daha çox ictimai fəaliyyətlə məşğul idim. Təbii ki, siyasət də diqqət mərkəzimdə idi. Belə bir vaxtda qarşı tərəfdən təklif gəldi. Bu yöndə təxminən bir il müzakirələr aparıldı. Görüşlərimiz, söhbətlərimiz oldu. Ortada seçki prosesi var idi. Mən bildirmişdim ki, seçki bitməyənə qədər bununla bağlı hər hansı mövqe bildirməyəcəm. Bu müddət həm də mənim üçün Əli İnsanov personasını öyrənmək baxımından bir şans oldu.
Təklifə müsbət yanaşmama gəlincə, hər halda mən zaman-zaman “Azərbaycan siyasətində yeniliyə ehtiyac var” deyən adamam. Zaman göstərdi ki, əski formatlarda birləşə bilmirik. Əksinə, enerji daha çox daxili çəkişmələrə sərf olunur. Mənim bununla bağlı açıqlamalarım da olub. Erirazımı bildirmişəm. Daxili çəkişmələrə qarşı çıxmışam. Hətta yeni partiya qurmaq barədə düşüncələrim də olub. Amma sıradan deyil, öndə olan bir partiyanı qurmaq üçün müəyyən komponentlər çatmadığından niyyətimi reallaşdıra bilməmişəm.
- Siyasi partiya təsis etmək üçün nə çatmırdı?
- Məsələn, maliyyə. Təbii ki, çatışmayan başqa komponentlər də var.
Belə bir zamanda Haqq və Ədalət Partiyasından gələn təklifi dəyərləndirmək lazım idi. Uzun dialoqlarımız oldu. Ayrı-ayrı dostlarımız da təklifə müsbət yanaşdılar. Hətta aktiv siyasətlə məşğul olan və milli qüvvələrdən hesab edilən dostlar da dəstək verdi. Mən düşündüm ki, axtradığım variant elə budur. Yəni, Zəlimxan Məmmədlinin xalq hərəkatından gələn, Əbülfəz Elçibəy komandasında olan, prinsiplərinə sədaqəti önəmli sayan bir fiqur olaraq siyasətə yeni nəfəs vermək iddiası bir növ reallaşır. Yeri gəlmişkən, partiyada yüksək post tutmamı da qarşı tərəf istəyib. Mənim belə bir iddiam olmayıb. Çünki post davası aparmıram. Nəhayət, övliya kimi yanaşdığım dəyərli dostlarımla məsələhətləşdim və bu qərarı verdim. Hesab edirəm ki, doğru qərardır.
Əli İnsanov isə hər halda siyasətdə təsadüfi şəxs deyil. Heydər Əliyev hakimiyyətinin bərqərar olmasında və möhkəmlənməsində rolu olub. Yüksək post tutub. Amma hesab edirəm ki, biz onu qara görməli deyilik. Görüşlərdə onun personası, ortaya qoyulan platforma, mənim düşüncələrim, qırmız xətlərim müzakirə olunub, hər bir detal nəzərə alınıb.
- Amma bu qərarınıza tənqidi yanaşanlar da oldu. Heydər Əliyev hakimiyyətinin bərqərar olunmasında və möhkəmlənməsində rolu olan bir şəxslə eyni siyasi platformada təmsil olunmağınız az qala Elçibəy ideyalarına xəyanət kimi dəyərləndirildi...
- Bəli tənqidi yanaşanlar da oldu, müxtəlif fikirlər, mülahizələr səsləndirilidi. Mənim Elçibəy komandasında olmağım önə çəkildi və s. Amma əksəriyyət dəstəklədi. Bayaq dedim ki, siyasətə yeni nəfəs vermək lazımdır. Buna zəurət yaranıb. Əski düşərgədə o yeniliklərin olması üçün buxovlar var. Onun üçün bu seçimi etdim və hesab edirəm ki, doğru seçimdir.
- Amma belə deyənlər də var ki, Zəlimxan Məmmədlinin Yeni Azərbaycan Partiyasına üzv olması bundan daha yaxşı olardı...
- Ola bilər. Desinlər. Mən “Borçalı” Cəmiyyətinin sədri olaraq Tiflisdə Heydər Əliyevin büstünə əklil qoyanda da buna tənqidi yanaşanlar olmuşdu. Amma biz bilməyilik ki, Borçalı təkcə borçalıların problemi deyil, hamımızın problemidir. Biz hər zaman demişik ki, Borçalı, Dağlıq Qarabağ, Qərbi Azərbaycan və ölkənin digər ümumilli problemlərinin həlli üçün bütün qüvvələr bir səngərdə olmalıdır. Əbülfəz Elçibəy də zamanında çox ziqzaqlı insanlarla bir arada olmağı məqbul hesab edərdi. Çünki Azərbaycanı bataqlıqdan çıxarıb üst qata qoymaq üşün bütün səyləri birləşdirmək lazımdır. Azərbaycan siyasətində ifrat qütbləşmə yox, mötədillik, cəmiyyətin tarazlıq nöqtələrinin tapılması önəmli düsturlardan biridir.
Bu gün biz Azərbaycanın durumuna dəyər versək görərik ki, 90-cı illərdən çox fərqlənir. Həmin illərin tələbatları başqa idi. Milli Azadlıq Hərəkatına başlayırsan, hakimiyyət qurursan, Rəsulzadəni, onun ideyalarını tanıdırsan, milli valyuta buraxırsan, ordu qurursan, təhsil sahəsində islahatlar aparırsan və s. Amma indi Qarabağ işğaldadı.
- Həmin illərdə də Qarabağ problemi var idi...
- Həmin illərdə bu məsələ ətrafında indiki qədər mürəkkəb vəziyyət yaranmamışdı. İndi Qarabağı birdəfəlik itirmək təhlükəsi var. Ermənistan Azərbaycanı, beynəlxalq qurumları saymır. İşğal olunmuş ərazilərdə seçki keçirir, Şuşanı az qala paytaxt elan edir, bir sözlə, bizim torpaqlarımızda at oynadır. Bu halda biz səngərlərimizi birləşdirməyə məhkumuq. Əgər Dağlıq Qarabağ problemi həll olunsaydı, ölkə demokratik bir relsin üstünə çıxsaydı Zəlimxan Məmmədli fərqli qərar qəbul edə bilərdi. Amma bu gün namus məsələmiz hərraca qoyulub. Digər tərəfdən, daxildə demokratiya ələ salınır, Rəsulzadə irsinə kölgə salınır, Elçibəy irsinə qarşı ideoloji savaş davam edir, milli qüvvələr təqib olunur. Mütərəqqi bir məkan olan Avropadan uzaqlaşırıq. Azərbaycan cəngəlliyə çəkilir. Bütün bunların baş verdiyi bir zamanda “sən dünən YAP-da idin”, “yaxud müsavatçı idin” və s. bu kimi söhbətləri bitirmək lazımdır. Sürət Hüseynov xəyanət edib, deyir yaxşı eləmişəm. Amma Rəhim Qazıyev səhvlərini etiraf etdi və bağışlandı.
- Əli İnsanov da etiraf edibmi? Hər halda sadaladığınız problemlər vaxtilə təmsil olunduğu hakimiyətin aktivinə yazılır və onun da bu məsələlərdə az rol oynamadığını söyləyə bilərik...
- Əlbəttə etiraf edib. Müsahibələrinə baxın. Nazir olub, müəyyən xətalar olub. Sonra ortaya iddia qoyub. Bu, təmsil olunduğu hakimiyyətin xoşuna gəlməyib və 14 il həbsə məhkum edilib. Amma bu14 ili kişi kimi “yatıb”, iddiasından əl çəkməyib. Əyilməyib, bütün məhrumiyyətlərə sinə gərib. Mən bunu yüksək qiymətləndirirəm. İndi də qanuna uyğun şəkildə partiya qurub.
- Bəzi iddialara görə, Əli İnsanovun aktiv siyasi fəaliyyətə başlaması, patiya təsis etməsinin arxasında qısasçılıq dayanır...
- Bəli deyirlər ki, Əli İnsanov qisas almaq istəyir filan. Amma bu yanlış düşüncədir. Əli İnsanov bu partiyanı şəxsi maraqlarını təmin etmək üçün qurmayıb. Heç mən də orada hansısa korporativ baxımından təmsil olunmuram. Bizi narahat edən bayaq sadaladığım problemlərdir.
- Partiyanın konkret olaraq hədəfi nədir?
- Biz ideoloji olaraq ortaya qoyduğumuz platforma Azərbaycanda demokratiyanın bərqərar olunması, Dağlıq Qarabağ, Qərbu Azərbaycan, Borçalı və bütövlükdə milləti düşündürən digər problemlərin həllinə nail olmaq, yaxud bu problemlərin həllinə hansısa formada yardım göstərməkdir. Əli İnsanovun vaxtilə bu hakimiyyətdə təmsil olunması tarixdə olan xətadırsa, bugünkü reallıq deyir ki, biz bir səngərdə olmalıyıq.
Bilisiniz, təəssüf ki, Azərbaycanda birləşmə meyllərini dağıtmağa təşviq, yaxud təhrik olunan beyinlər daha itidir. Bu gün keçmişi qurdalamaq, birləşə bilməyəyin kökü burdadır. Bu gün Azərbaycanın olduğu qatar onu fəlakətə aparır. İndi “filankəs dünən korrupsioner olub, o heç nə deyə danışa bilməz” söyləməyin vaxtı deyil. Korrupsioner olub, istintaq olub cəzasını da alıb. Biz baxmalıyıq ki, bu insan bu gün nə deyir, nə bəyanat verir. Mənim fikrimcə, onun bu gün üçün düşüncələri çox aydın və sağlamdır.
- Niyyəti safdırmı və siz səmimi şəkildə buna inanırsınızmı?
- Hesab edirəm ki, niyyəti safdır. Ora gedişimin kökündə həm də bu amil dayanır. İndi kimsə yazır ki, Elçibəyin adamı idi, oldu filankəsin adamı. Mən heç kimin, o cümlədən Elçibəyin adamı olmamışam. Sadəcə Elçibəy mənim gənc olaraq düşündüklərimi mükəmməl formada yerinə yetirən bir şəxs olub.
- Bəy, siyasi fəaliyyətinizi vaxtilə sizinlə birgə xalq hərəkatında olanlarla birgə aparmaq olmazdımı? Hər halda Rəsulzadə-Elçibəy platformasından çıxış edən AXCP və Müsavat Partiyaları var. Aydındır, müəyyən fikir ayrılıqlarınız olub. Amma əgər Əli İnsanovun keçmişinin üzərindən xətt çəkib onunla bir araya gələ bilirsinizsə, hərəkat yoldaşlarınızla daha asan anlaşa bilərdiniz.
- Mümkün olmadı. Uzun illər bu yöndə göstərilən səylər nəticə vermədi. Haqq və Ədalət Partiyasına gəlincə, bu yeni formatdır. Bu, həm də yeni qüvvələrin siyasi proseslərə cəlb olunması üçün stimuldur. Bəlkə də mövcud resursların bir araya gətirlməsi üçün şansdır. Hesab edirəm ki, bu şansı dəyərləndirib vahid güc mərkəzi yaradaraq ölkəni batırmaq istəyənlərlə üz-üzə qoymaq olar. Üz-üzə qoymaq dava deyil. Biz demirik ki, sənin prezidentin maneədir. Biz deyirik ki, demokratiyanı pozursan, ciddi islahatlar aparmırsan. İndiki addımlar islahat deyil. Bir-iki icra başçısı tuitmaq, qocanı çıxarıb yerinə onunla eyni təfəkkürdə olan cavanı qoymaq islahat deyil.
Mən islahatlara dəstək verənlərdənəm. Hətta bu yöndə çıxışlarıma görə “Zəlimxan satılıb” deyənlər də var idi. Xeyr, satılmamışam. Sadəcə məqsədim dövlətçi düşüncəsi olan bir şəxs kimi vəziyyətdən daha ağrısız çıxış yolu aramaqdır. İnqilabların, üsyanların öz fəsadları var. Biz daha mötədil yanaşmalarla, bir-birimizn varlığını qəbul etməklə üçüncü qüvvələrin əlini Azərbaycandan qopara bilərik.
Bu xəbər üçün şərh yazın