“Mən soruşdum ki, Qarabağ Azərbaycanın tərkibində olmaya bilərmi?...”

“Mən soruşdum ki, Qarabağ Azərbaycanın tərkibində olmaya bilərmi?...” -Paşinyan müxalifəti ittiham edib

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətin son günlərdə Qarabağ danışıqları ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.

O, müxalifəti “yalan narrativləri davam etdirməkdə” ittiham edib və danışıqlar paketinin artıq dərc olunduğunu xatırladıb.

Paşinyanın sözlərinə görə, əgər müxalifət əvvəlki illərdə “bu məsələləri həll etmək üçün real şansa malik idisə”, bunu niyə etmədiyini izah etməlidir: “Onlar deyirlər ki, danışıqlar prosesi belə və ya elə olmalı idi. Hörmətli müxalifət nümayəndələri, siz təxminən 30 il hakimiyyətdə oldunuz. Əgər hansısa ‘proerməni’ həll variantı var idisə, niyə o zaman bunu reallaşdırmadınız? Onda niyə bizi ‘xain’ adlandırırsınız? Xain siz özünüzsünüz".

Baş nazir həmçinin ATƏT-in Minsk qrupunun 2019-cu il sənədinə də toxunub. Paşinyan bildirib ki, hökumət həmin sənədi artıq dərc edib və onun mənşəyi barədə dəfələrlə danışılıb: “Mən 2018-ci ildə Baş nazir olanda həmsədrlərə dedim ki, çoxlu sənəd var, amma hansı onlardan əvvəlki danışıqların yekunu sayılır – aydın deyil. Onlar da mənə həmin 2019-cu il sənədini təqdim etdilər".

Paşinyan qeyd edib ki, həmin paketdə Qarabağın Azərbaycan tərkibində olmaması imkanının yalnız bir şərtlə nəzərdə tutulduğu bildirilirmiş: “Mən soruşdum ki, bu paketlərə əsasən Qarabağ Azərbaycanın tərkibində olmaya bilərmi? Dedilər: bəli, amma yalnız Azərbaycan razılıq verərsə".

Baş nazir əlavə edib ki, hazırda müzakirə olunan “son paket” Serj Sarkisyanın vaxtında parlamentdə təqdim etdiyi sənəddir.

Paşinyan Ki-Uest paketi ilə bağlı suallara da münasibət bildirib: “Deyirlər, niyə Ki-Uest paketi dərc olunmur? Ona görə ki, hökumətdə belə bir sənəd yoxdur. Ki-Uest paketinin əsasında Levon Ter-Petrosyanın qərargahının ‘ArmTimes’ qəzetinə ötürdüyü və orada dərc edilən material dayanır".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi