Millət vəkili Xorvatiyanın Azərbaycandakı səfiri Cənab Zebiçə məktub ünvanladı

Millət vəkili Xorvatiyanın Azərbaycandakı səfiri Cənab Zebiçə məktub ünvanladı 

Azərbaycan - Xorvatiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Könül Nurullayeva “30 May Xorvatiya Dövlətçilik Günü” münasibətilə Xorvatiyanın Azərbaycandakı səfiri Cənab Branko Zebiçə rəsmi təbrik məktubu ünvanlayıb, Xorvat dövləti və xalqını əlamətdar gün münasibətilə təbrik edib, Xorvatiya xalqına firavanlıq və əbədi müstəqillik arzu edib.

Faktinfo.az xəbər verir ki,məktubda həmçinin qeyd olunur: “Azərbaycan və Xorvatiya arasında siyasi, iqtisadi, ticarət, elmi və mədəni münasibətlər günü-gündən inkişaf etməkdədir. Ümid edirəm ki, Azərbaycan və Xorvatiya əlaqələri yaxın illərdə daha da şaxələnərək, möhkəmlənəcəkdir”.

K. Nurullayevanın Xorvatiyanın Azərbaycandakı səfiri Cənab Zebiç ilə rəsmi görüşü zamanı çıxışında da qeyd etdiyi kimi, müstəqil Azərbaycan və Xorvatiya respublikaları arasında diplomatik münasibətlər artıq 25 ildən çoxdur ki, uğurla davam etdirilir. Xorvatiya 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. Ölkələrimiz arasında sektorlararası münasibətlər özünü enerji, informasiya texnologiyaları, infrastruktur layihələr, turizm və s. bu kimi sahələrdə əks etdirib. Bu günədək Xorvatiya və Azərbaycan 25 əməkdaşlıq sənədi imzalamışdır ki, onlardan 2013-cü ildə imzalanmış “Strateji Əməkdaşlıq” razılaşması ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir.

Parlament səviyyəsində Azərbaycan və Xorvatiya arasında əlaqələr artıq 15 ildir ki, möhkəmlənib. Parlamentlərarası İşçi Qruplarının mütəmadi olaraq Azərbaycana və Xorvatiyaya qarşılıqlı səfərləri təşkil olunur.
Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında Xorvatiyanın da dəstəyi xüsusi qeyd olunmalıdır.  

Belə ki, 44 günlük Vətən Müharibəsi zamanı K.Nurullayeva Xorvatiya-Azərbaycan Parlamentlərarası İşçi Qrupuna məktub ünvanlamış, Xorvatiya parlamentinin üzvlərindən dəstək məktubu almış, haqq səsimizi Xorvat ictimaiyyətinə çatdırmaq məqsədilə Xorvatiyanın aparıcı mətbu orqanlarında, Veçerjni List və Zaqorje portallarında Qarabağ həqiqətlərini əks etdirən məqalələrlə çıxış etmişdir. Qeyd edək ki, Azərbaycanın haqq işini dəstəkləyən rəsmi Zaqreb hər zaman regionda sülhün və firavanlığın bərqərar olunmasına tərəfdar olduğunu bəyan edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi