
Milli Kitabxanada “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO
Milli Kitabxanada insan hüquqlarının müdafiəsi və təbliği məqsədilə “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə Heydər Əliyev və Azərbaycanda insan hüquqları, Azərbaycanın ən böyük insan haqları layihəsi – Qərbi azərbaycanlıların qayıdışı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin geniş fəaliyyəti və s. mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar və kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/18_iyun/index.html linkindən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində isə rəsmi sənədlər toplusu, Heydər Əliyev və Azərbaycanda İnsan Hüquqlarının Təminatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyəti, insan hüquqlarının praktik vəziyyəti, erməni riyakarlığı və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bunu nəzərə alaraq dövlətimizin başçısı İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir.
Müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində baş verən bütün köklü müsbət dəyişikliklər məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş genişmiqyaslı islahatlar nəticəsində mümkün olub.
Hüquqi islahatların təməli isə 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyadır, hansı ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi özündə təsbit edib.
Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi davam edir.
Belə ki, bu gün artıq Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur.
Faktinfo.az

Bu xəbər üçün şərh yazın