
Milli Kitabxanada “26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO
Faktinfo.az xəbər verir ki,25 iyun 2026-cı il tarixində Milli Kitabxanada “26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə rəsmi sənədlər, ordu quruculuğu tarixi, Heydər Əliyev və Müstəqil Azərbaycanın ordu quruculuğu, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mükəmməl ordu quruculuğu strategiyası, hərb tarixi, 44 günlük Vətən müharibəsi, "Dəmir yumruq"un möhürü, tarixə adı qızıl hərflərlə yazılmış generallar, hərbi xadimlər, veteranlar, qazilər və vətən uğrunda şəhid olumuş hərbiçilər haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/26_Iyun_Azerbaycan_Silahli_Quvveler_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1998-ci ildə imzaladığı müvafiq Fərmanla Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. Bu Fərman Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində tarixi bir addım olub. 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə azərbaycanlıların hərbi məktəblərə daxil olmalarının təmin edilməsi, zabit kadrlarımızın vəzifələrə irəli çəkilməsi, hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin əsasının qoyulması ordu quruculuğu sahəsində milli maraqlarımızın bünövrəsini təşkil edib. Xalqın təkidli çağırışlarına səs verərək 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edib və genişmiqyaslı islahatlara start verib.
Ümummilli Lider Heydər Əliyevin ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirərək, müasir hərbi texnika ilə təchiz edərək, möhkəm nizam-intizamlı və yüksək döyüş ruhu ilə seçilən Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasına nail olub. Dünya miqyasında ən güclü ordular sırasında yer alan Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində mükəmməl döyüş taktikası ilə yeni nəsil müharibə nümunəsi göstərib.
26 iyun tarixi Azərbaycan hərb tarixində xüsusi əhəmiyyətə malik olub milli ordunun yaranmasının rəmzi olmaqla yanaşı, ölkənin müdafiə sisteminin inkişaf mərhələlərini, dövlətçilik ənənələrinin möhkəmlənməsini və milli təhlükəsizlik konsepsiyasının formalaşmasını əks etdirir.
Faktinfo.az














Bu xəbər üçün şərh yazın