Milli Kitabxanada "8 noyabr - Zəfər günü" və "8 noyabr – Şuşa şəhəri günü" adlı virtual sərgilər onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada "8 noyabr - Zəfər günü" və "8 noyabr – Şuşa şəhəri günü" adlı virtual sərgilər onlayn rejimdə istifadəçilərə təqdim olunub - FOTO

8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsidir.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilib.

Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa azad edilib.

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə əbədiləşdirilib.  Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i “Zəfər Günü” elan edilib.

Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla “8 noyabr – Şuşa şəhəri günü” elan olunub.

Sonrakı mərhələdə Ermənistan 10 noyabrda kapitulyasiya aktı imzalayıb, acı məğlubiyyətini etiraf edib.   2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları dinc yolla azad olunub.

Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.

Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

Faktinfo.az xəbər verir ki,bu tarixi gün münasibətilə Milli Kitabxanada “8 noyabr - Zəfər günü” və “8 noyabr – Şuşa şəhəri günü”  adlı virtual sərgilər onlayn rejimdə istifadəçilərə təqdim olunub.

8 noyabr - Zəfər günü” adlı virtual sərgidə fotolar, 44 günlük Vətən müharibəsi və şanlı Qələbədən, hərb tarixində misli-bərabəri olmayan, görünməmiş hərbi taktikadan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən  hərbi və siyasi strategiyasından, vətən oğullarının şərəfli döyüş yollarından bəhs edən məqalələr, Azərbaycan və müxtəlif dillədə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Zefer_gunu/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Onu da qeyd edək ki, "8 noyabr – Şuşa şəhəri günü" adlı  virtual sərgisində isə rəsmi sənədlər, fotolar,  Şuşanın böyük dirçəliş və qayıdış dövründən, maddi-mədəniyyət abidələrin bərpasına dövlət qayğısından, quruculuq işlərindən bəhs edən məqalələr, Vətən müharibəsi,  Böyük Zəfər və əməlləri ilə bir ömür boyu unudlmayacaq dərin izlər qoyan qəhrəmanlardan bəhs edən Azərbaycan və xarici dillərində kitablar nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Susa/index.htm  linkindən istifadə edərək tanış ola bilərsiniz.

 



Milli Kitabxanada "8 noyabr - Zəfər günü" və "8 noyabr – Şuşa şəhəri günü" adlı virtual sərgilər onlayn rejimdə istifadəçilərə təqdim olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi