Milli Kitabxanada “Asəf Zeynallı – 115” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Asəf Zeynallı – 115” adlı kitab sərgisi açılıb - FOTO

Musiqi tariximizdə özünəməxsus xüsusi yer tutan görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallı 1909-cu il 5 apreldə Dərbənddə doğulub.

Azərbaycan musiqisində bir çox janrın banisi, böyük əsərlərin yaradıcısı sayılan Asəf Zeynallı cəmi 23 il yaşasa da, mədəniyyətimizin korifeyləri sırasında əbədi yer qazanıb.

"Ölkəm", "Seyran", "Sual", "Sərhədçi", "Çadra" adlı romansları, fortepiano üçün "Çahargah", "Durna" pyesləri, skripka və fortepiano üçün "Muğamsayağı" pyesi unudulmaz bəstəkardan yadigar qalan sənət nişanəsidir.

Bəstəkar öz əsərləri ilə milli pianoçuluq məktəbinin inkişafına da böyük təsir göstərib, tədris repertuarını zənginləşdirib. Onun fortepiano yaradıcılığında ən maraqlı əsərlərdən biri 6 pyesdən - "Kuklaların marşı", "Uşaq və buz", "Oyun", "Rəqs", "Qoyunlar", "Mübahisə"dən ibarət "Uşaq süitası"dır. O, bu pyesləri ilə Azərbaycanda uşaq fortepiano miniatürünün əsasını qoyub.

Faktinfo.az xəbər verir ki,Milli Kitabxanada görkəmli bəstəkarın doğum günü ilə əlaqədar “Asəf Zeynallı - 115” adlı geniş kitab sərgisi hazırlanıb.

Sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, həyat və yaradıcılığına həsr olunmuş kitablar Azərbaycan və rus dilləridə nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

Milli Kitabxanada “Asəf Zeynallı – 115” adlı kitab sərgisi açılıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi