
Milli Kitabxanada “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib
Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Milli Kitabxanada “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib.
Xaqani Şirvani Azərbaycan ədəbiyyatının və Şərq intibahının ən görkəmli nümayəndələrindən biri kimi yüksək bədii-estetik dəyərə malik irsi ilə milli və ümumbəşəri mədəniyyət xəzinəsində mühüm yer tutur. Onun əsərlərində humanizm, ədalət, azadlıq, mənəvi kamillik, insan ləyaqəti və vətənpərvərlik ideyaları öz parlaq bədii ifadəsini tapmışdır.
Məlumat bazasında “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”, “Əfzələddin Xaqani Şirvani”, “Tarixləşən Ömür”, “Şair Haqqında Nəşrlər”, “Yaradıcılıq Nümunələri”, “Xaqani Yaradıcılığı Və Ədəbi İrsi”, “Şirvani İrsi Dünya Universitet Kitabxanalarında”, “Xaqani Şirvani Haqqında Fikirlər”, “Xatirəsinin Əbədiləşdirilməsi”, “Xaqani Rəsmlərdə” və “Videoqalereya” bölmələri yer alır.
Bazada Xaqani Şirvaninin müxtəlif illərdə nəşr olunmuş əsərləri və onların tam mətnli elektron versiyaları, şair haqqında yazılmış monoqrafiyalar, elmi məqalələr, dissertasiyalar, dövri mətbuat materialları, foto və videomateriallar sistemli şəkildə toplanıb.
Elektron məlumat bazası geniş oxucu auditoriyası, tədqiqatçılar, müəllimlər, tələbələr və Xaqani Şirvaninin zəngin irsi ilə maraqlanan hər kəs üçün etibarlı informasiya mənbəyi olmaqla yanaşı, klassik Azərbaycan ədəbi irsinin təbliği və öyrənilməsinə mühüm töhfə verir.
Faktinfo.az












Bu xəbər üçün şərh yazın