Milli Kitabxanada “Turan Cavid ” adlı virtual sərgi istifadəçilərə təqdim olundu

Milli Kitabxanada “Turan Cavid ” adlı virtual sərgi istifadəçilərə təqdim olundu 

Bu il Turan Cavidin anadan olmasının 100 illik yubileyi qeyd olunur.

Turan Cavid 2 oktyabr 1923-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin ailəsində dünyaya gəlmişdir.

Turan Cavid 1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq fakültəsində təhsil almış, həmin institutda müəllim kimi saxlanılmış, 1950-1983-cü illərdə “Azərbaycan teatr tarixi”ndən mühazirələr oxumuşdu. 1968-ci illərdə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi və 1968-1991-ci illərdə direktor vəzifələrində çalışmışdı. 1991-ci ildən ömrünün sonunadək Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləmişdi.

O, ölməz şairin irsini qoruyub gələcək nəsillərə çatdırmaq, Cavidlər ailəsinin xatirəsini əbədiləşdirmək kimi böyük missiyanı üzərinə götürərək bu vəzifənin öhdəsindən şərəflə gəlmişdi. Turan Cavid ədibin ev muzeyinin qurucusu, əsərlərinin naşiri kimi öz övladlıq borcunu layiqincə yerinə yetirmişdi. O, Cavidin Azərbaycan ədəbiyyatını zənginləşdirən ölməz əsərlərinin son mükəmməl nəşrini hazırlayaraq, Cavidə, onun ailəsinə məxsus əşyaları, sənədləri illərin sınağından çıxarıb ev muzeyinə təhvil verərək Azərbaycan xalqına qiymətli miras qoya bilmişdi. Turan xanım Hüseyn Cavidin 120 illik yubileyi ərəfəsində H.Cavidin əsərlərini öz qələmindən çıxan kimi, onun üslubunda latın qrafikası ilə nəşr edilməsi üçün böyük zəhmət çəkmişdi.

 Turan Cavid "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüş, "Əmək rəşadətinə görə" medalı, Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri Fərmanı" ilə təltif edilmişdir, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdu.

Faktinfo.az xəbər verir ki,Turan Cavid 2004-cü il sentyabrın 12-də vəfat etmiş və Naxçıvanda Cavidlərin uyuduğu məqbərədə dəfn olunmuşdu. Yubiley münasibətilə ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Turan Cavid” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə fotolar, Turan Cavid haqqında məqalələr, kitablar, tərtib etdiyi kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Turan_Cavid/index.htm linkindən istifadə edə bilər.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi