Milli Kitabxanada “Xalq şairi Rəsul Rza – 115” adlı geniş kitab sərgisi açılıb

Milli Kitabxanada “Xalq şairi Rəsul Rza – 115” adlı geniş kitab sərgisi açılıb 

Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, xalq arasında hədsiz şöhrət qazanmış, böyük istedadı, zəngin və hərtərəfli bədii təfəkkürü ilə ölümsüz əsərlər yaratmış ustad sənətkar, Xalq şairi Rəsul Rzanın 115 illik yubileyinə həsr olunmuş “Xalq şairi Rəsul Rza – 115” adlı geniş kitab sərgisi açılıb. 

Sərgidə şairin yüksək bədii dəyəri, bəşəriliyi, milliliyi və rəngarəngliyi özündə ehtiva edən əsərləri, tərtibçisi və redaktoru olduğu, tərcümə etdiyi, həyatı və yaradıcılığı haqqında kitablar, sözlərinə bəstələn­miş musiqi notları Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Xatırladaq ki, Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev) 19 may 1910-cu ildə Göyçay şəhərində anadan olub. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda və s. elm və təhsil ocaqlarında oxuyub.

"Bu gün" adlı ilk şeiri 1927-ci ildə Tiflisdə "Qığılcım" almanaxında dərc olunub və həmin dövrdən başlayaraq müasirlik ruhu ilə seçilən poeziya nümunələri oxucuların diqqətini cəlb etməyə başlayıb. Bundan sonra şairin "Gənc işçi" qəzetinin səhifələrində "Avropanın ölüm çağı", "Arş", "Bir avqusta", "Qara yelin xəbəri" adlı şeirləri dərc edilib.

Böyük Vətən müharibəsi illərində hərbi müxbir işləyən Rəsul Rzanın xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını əks etdirən "Vətən", "İntiqam! İntiqam…" adlı şer kitabları, "Ölməz qəhrəmanlar", "Qəzəb və məhəbbət", hekayə və oçerk topluları, "Vəfa" pyesi işıq üzü görüb.

 "Şerlər" (1959), "Pəncərəmə düşən işıq" (1962), "Duyğular, düşüncələr" (1964), "Dözüm" (1965), "Dünən, bu gün, sabah" (1973), "Güneylər, quzeylər" (1977), "Üzü küləyə" (1979), Şairin "Rənglər" silsiləsi də məşhurdur.

Şairin "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir. Poemanın mövzusu Müşfiqin həyatı və taleyindən götürülüb.

 Yaradıcılıqla yanaşı ictimai-siyasi fəaliyyətlə də məşğul olan Rəsul Rza bir çox dövlət vəzifələrində çalışıb. 1939-cu ildə Azərbaycan Yazıçıları İttifaqının sədri, 1945-1948-ci illərdə Azərbaycan Kinematoqrafiya naziri, 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasının baş redaktoru, 1960-1981-ci illərdə Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri olub. 1964-cü ildə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib.

2005-ci ildən Göyçay şəhərində Rəsul Rzanın ev-muzeyi fəaliyyət göstərir. Bakı küçələrindən biri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə aid quru yük gəmisi və Azərbaycanda ədəbiyyat mükafatı Xalq şairi Rəsul Rzanın adını daşıyır.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi