Milli Kitabxananın 100 illik yubiley tədbirləri çərçivəsində “Türk dünyası ədəbiyyatının talantları”mövzusunda dəyirmi masa keçirilmişdir

Milli Kitabxananın 100 illik yubiley tədbirləri çərçivəsində “Türk dünyası ədəbiyyatının talantları”mövzusunda dəyirmi masa keçirilmişdir - FOTOLAR

22 sentyabr tarixində Azərbaycan Milli Kitabxanasının 100 illik yubiley tədbirləri çərçivəsində “Türk dünyası ədəbiyyatının talantları” mövzusunda dəyirmi masa, qazax ədəbiyyatının görkəmli nümayəndəsi Kemel Tokayevin Azərbaycan dilində nəşr olunan “Gecə açılan atəş” və XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin qazax dilində çap olunan “Dağların qəlbi” kitablarının təqdimat mərasimləri keçirilmişdir.

Faktinfo.az xəbər verir ki,Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov tədbir iştirakçılarını salamlamış, bu mötəbər tədbirin məhz kitabxananın 100 illik yubiley tədbirləri çərçivəsində keçirilməsinin əlamətdar hadisə olduğunu söyləmişdir.

“Türk dünyası ədəbiyyatının talantları” seriyasından qazax ədəbiyyatının görkəmli nümayəndəsi Kemel Tokayevin və XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş kitab sərgisinin açılışı olmuşdur.

Daha sonra Qazaxıstan Milli Kitabxanasının direktoru, Qazaxıstan Kitabxanalar Birliyinin sədri Bakıtjamal Ospanova da öz növbəsində hər kəsi salamlamış, qazax qonaqları təqdim etmişdir.

Tədbir Milli Məclisin üzvü, akademik Nizami Cəfərov və Qazaxıstan Prezidenti mükafatı laureatı, Qazaxıstan radiosunun Alma-Atı filialının rəhbəri Bakıt Jaqıparulının moderatorluğu ilə başlamışdır. Akademik Nizami Cəfərov qonaqları, iştirakçıları salamlamış, Mir Cəlal Paşayevi XX əsr Azərbaycan ədəbiyyatının ən mötəbər sənətkarlarından biri adlandırmış, onun əsərlərində Azərbaycançılıq, Azərbaycan xalqının milli ideologiyası, milli ruhunun əks olunduğunu söyləmişdir. Bakıt Jaqıparulı isə Azərbaycan xalqına qazax xalqının səmimi salamlarını çatdırmış, qazax prozasında xüsusi yeri olan Kemel Tokayevin yaradıcılığı haqqında məlumat vermiş, Azərbaycan və qazax ədəbiyyatlarının ən görkəmli nümayəndələrinin kitablarının təqdimat mərasimlərinə toplaşmaqla iki xalqın tarixi ədəbi-mədəni əlaqələrinə töhfə verdiklərini qeyd etmişdir.

Şair-ifaçı Talant Arınqali dombrada ifa etdiyi musiqi ilə iştirakçıları salamlamışdır.

 Giriş sözü ilə Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Adil Kərimli çıxış edərək, qonaqları salamlamış, bu tədbirin məhz Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi çərçivəsində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləmişdir. İki ölkə arasında tarixi köklərə söykənən çoxşaxəli əlaqələrimizin hörmətli prezidentlərimiz sayəsində daha da inkişaf etdiyini vurğulayan nazir, istənilən sahədə olduğu kimi, mədəniyyət sahəsində də bu münasibətlərin daim mövcud olduğunu qeyd etmiş, iki ölkənin görkəmli şəxsiyyətinin kitablarının təqdimat mərasimlərinin ölkələrin, xalqların daha da yaxınlaşmasına öz töhfəsini verəcəyini bildirmişdir. O, hər iki kitabın həm Azərbaycan, həm də qazax oxucusuna çatdırılmasının xalqların bir-birinin mədəniyyəti, ədəbiyyat və tarixi ilə daha yaxından tanışlığa əsas verəcəyini bildirmişdir. Nazir, həmçinin bu əsərlərin tərcümə edilməsi, nəşri, ümumiyyətlə meydana gəlməsində yaxından iştirak edən, əməyi keçən hər kəsə təşəkkürünü bildirmiş, kitabların hər iki ölkə oxucuları üçün dəyərli hədiyyə olacağını vurğulamışdır.

Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otarbayev hər kəsi salamlamış, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin xüsusi olaraq göndərdiyi mesajı diqqətə çatdırmışdır. Ortaq tarixə, kökə, mədəniyyətə malik olan iki dost və qardaş xalqlar arasında əlaqələrin bütün sahələrdə daim inkişaf etdiyini söyləmiş, bugünkü tarixi anın Milli Kitabxanada keçirilməsinə görə prof. Kərim Tahirova təşəkkür etmişdir.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Qənirə Paşayeva kitabların nəşrinə görə əməyi keçən hər kəsə minnətdarlığını bildirmiş, Mir Cəlal irsinə verilən dəyərə görə Malik Otarbayevə, həmçinin bu cür layihələrə hər zaman göstərdiyi dəstəyə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkür etmiş, zəngin olan bu iki ədibin yaradıcılığını birləşdirən ən önəmli amilin vətənpərvərlik, milli düşüncə, milli duyğular olduğunu söyləmişdir. O, ədəbiyyatımızın qardaş dillərə çevrilməsinin əhəmiyyətindən danışaraq ortaq ədəbiyyatın oxunmasının vacibliyini diqqətə çatdırmış, bunun gənc nəsli daha da yaxınlaşdırdığını bildirmişdir. Natiq qeyd etmişdir ki, bu iki ədib bizim ortaq böyük şəxsiyyətlərimizdir və bu gün onların ruhunu şad etməklə biz, gənc nəsillərə də önəmli mesaj veririk.

 Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel bugünkü tədbir münasibətilə hər kəsi təbrik etmiş, tədbirin yüksək səviyyədə təşkil edilməsinə görə Azərbaycan və Qazaxıstan milli kitabxanalarının rəhbərlərinə təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, Qazaxıstan iki gün öncə bəyanat yayaraq Azərbaycanın ərazi bütövlüyünə dəstəyini təsdiq etmişdir. “Qardaş ölkələr həmişə bir-birinin yanında olmalıdır və olacaqdır” deyən səfir növbəti daha bir zəfərə görə xalqımızı təbrik etmişdir. O, bu ilin Ümummilli lider Heydər Əliyevin, görkəmli ədiblər Kemel Tokayev və Mir Cəlal Paşayevin yubileylərinin olması ilə əlamətdar olduğunu diqqətə çatdırmışdır. Əməkdaşlığımızın gücləndirilməsinin etimada söykəndiyini vurğulayan natiq  bildirmişdir ki, bu gün Qazaxıstan-Azərbaycan münasibətləri yeni mərhələyə çıxıb. Alim Bayel Malik Otarbayevə gözəl tərcüməyə görə yazıçı, publisist Nəriman Əbdülrəhmanlıya dövlət mükafatı verilməsini təklif etmiş, həmçinin Xalq yazıçısı Çingiz Abdullayevə yazdığı ön sözə görə təşəkkürünü bildirmişdir.

ADA universitetinin rektoru, professor Hafiz Paşayev tədbirdə iştiraka görə prof. Kərim Tahirova təşəkkür edərək, kitabxananın 100 illik yubileyi münasibətilə təbrik etmişdir. O, kitabı ən gözəl, ən dəyərli hədiyyə adlandırmış, eyni zamanda Qazaxıstanlı diplomatlarla, səfirlərlə olan münasibətləri xatırlamış, hələ sovet dövründə xüsusən ölkələrin müstəqilliyinin möhkəmlənməsi uğrunda çalışdıqlarını söyləmişdir. Natiq atasından ədəbiyyatı sevməyi öyrəndiklərini qeyd etmişdir. O, həmçinin bu kitabları universitetlərdə yaymağın vacibliyindən danışmış, hazırda 4 qazax universiteti ilə əlaqə və mübadilələrin mövcud olduğunu vurğulamışdır.

Akademik Nizami Cəfərov Hafiz müəllimin “Bir səfirin manifesti” əsərinin Qazaxıstanda qazax dilində tərcümə və nəşr edilməsini təklif etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli ilk dəfə iki ölkədən iki fərqli yazıçının əsərlərinin təqdimatının keçirildiyini söyləmiş, görkəmli yazıçıların yaradıcılıqlarının oxşar və fərqli cəhətləri haqqında danışmışdır. O, bildirmişdir ki, fərq ondadır ki, Kemel Tokayev detektiv əsərlər yazmış, heç vaxt hekayə janrına müraciət etməmişdir. Lakin bu fərqə baxmayaraq, oxşarlıqlar da mövcuddur. Belə ki, sovet dövründə yaşamalarına baxmayaraq, hər iki yazıçı sovet ideologiyasından uzaq durmuşlar. Bundan başqa, hər iki yazıçının yaradıcılığı gerçək həyat hekayələrini əks etdirir, hər ikisində vəzifəli şəxslərin obrazları yoxdur, hər ikisi sadə insanların böyük ədəbiyyatını yaratmışdır. Kemel Tokayevin əsərlərindəki generallar isə epizodik obrazlardır.

Akademik qeyd etmişdir ki, Mir Cəlal satirik hekayələrin böyük müəllifidir və bir sıra hekayələrini bir qədər dərinləşdirsək, detektiv ədəbiyyat nümunələri ola bilərlər. Natiq həmçinin öz möhürlərini vurmuş bu iki görkəmli şəxsiyyətin hər ikisinin uşaq yaşlarında atalarını itirdiyini, əzablı həyatları olduğunu söyləmiş, Mir Cəlalın kitabının nəşrinin ədibin 115 illiyinə qazax xalqının, Kemel Tokayevin kitabının çapının isə onun 100 illiyinə Azərbaycan xalqının hədiyyəsi olduğunu bildirmişdir.

Qazaxıstan Respublikasının Əməkdar xadimi Koyşıkul Zarlı, “Mənəvi dirçəliş” mərkəzinin rəhbəri, yazıçı, Mir Cəlal Paşayevin əsərlərinin tərcüməçisi Nurqali Oraz, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək, iki ədibin yubileylərinə töhfə olan və qardaşlıq əlaqələrinin göstəricisi olan bu kitabların nəşrinə və tədbirin təşkilinə görə təşəkkürlərini bildirmişlər.

Sonda hədiyyəyər təqdim edilmiş, xatirə şəkli çəkdirilmişdir.

Faktinfo.az



Milli Kitabxananın 100 illik yubiley tədbirləri çərçivəsində “Türk dünyası ədəbiyyatının talantları”mövzusunda dəyirmi masa keçirilmişdirMilli Kitabxananın 100 illik yubiley tədbirləri çərçivəsində “Türk dünyası ədəbiyyatının talantları”mövzusunda dəyirmi masa keçirilmişdirMilli Kitabxananın 100 illik yubiley tədbirləri çərçivəsində “Türk dünyası ədəbiyyatının talantları”mövzusunda dəyirmi masa keçirilmişdirMilli Kitabxananın 100 illik yubiley tədbirləri çərçivəsində “Türk dünyası ədəbiyyatının talantları”mövzusunda dəyirmi masa keçirilmişdirMilli Kitabxananın 100 illik yubiley tədbirləri çərçivəsində “Türk dünyası ədəbiyyatının talantları”mövzusunda dəyirmi masa keçirilmişdirMilli Kitabxananın 100 illik yubiley tədbirləri çərçivəsində “Türk dünyası ədəbiyyatının talantları”mövzusunda dəyirmi masa keçirilmişdir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi