
"Milli Qurtuluş Günü tariximizin dönüş nöqtəsidir"
1993-cü ilin iyununda Azərbaycan təkcə siyasi böhrandan deyil, vətəndaş qarşıdurmasından,dövlətin dağılmaq təhlükəsindən də xilas oldu.
15 İyun – Milli Qurtuluş Günü tariximizin dönüş nöqtəsidir - parçalanmaqdan qurtuluş, xaosdan sabitliyə keçid, ümidsizlikdən inama doğru dönüş günüdür.
Ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdışı yalnız siyasi deyil, mənəvi dirçəlişin də başlanğıcı oldu. Dövlətçilik anlayışı məhz bu gündən sonra xalqın qəlbində möhkəmləndi. Müstəqil Azərbaycan məhv olmaq təhlükəsindən xilas olaraq öz yolunu tapdı.
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən siyasi rəhbərliyə qayıdışı yalnız növbəti bir hakimiyyət dəyişikliyi deyildi. Bu, Azərbaycanın varlıq savaşı idi. O dövrdə ölkədə xaos hökm sürür, silahlı qruplaşmalar arasında toqquşmalar, vətəndaş müharibəsi təhlükəsi gündəmi zəbt edirdi.Dövlət aparatları iflic olmuş, torpaqların ard-arda işğalı və rəhbərliyə olan ümidsizlik insanların gələcəkdən ümidini kəsmişdi. Belə bir vaxtda xalq öz xilaskarını çağırdı – xalq öz liderinə üz tutdu.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşü ilə təkcə siyasi sabitlik bərpa olunmadı, ölkədə dərin bir mənəvi dirçəliş başladı. İnsanlarda dövlətə inam, sabaha ümid, gələcəyə güvən formalaşdı. Milli dövlətçilik düşüncəsi ilk dəfə o zaman xalqın şüuruna həkk oldu.Artıq Azərbaycan təkcə coğrafi məkan deyildi – suveren bir dövlət, hüquqi varlıq, siyasi mövqe sahibi olan müstəqil bir ölkə idi.
Bu dönüş nöqtəsi müstəqil Azərbaycanın öz yolunu tapmasında həlledici rol oynadı. Ölkə parçalanmaq təhlükəsindən qurtuldu, dövlətçiliyin təməli möhkəmləndi, hüquq, ordu, diplomatiya, iqtisadiyyat kimi sahələrdə ardıcıl və strateji islahatlara başlanıldı. Ən vacibi isə – Azərbaycan xalqı ilk dəfə olaraq öz taleyinə sahib çıxmağın, liderinə güvənməyin və dövlətinə sadiq olmağın nə demək olduğunu dərk etdi.
Heydər Əliyev yalnız rəhbər deyildi – o, milli yaddaşın dirildicisi, dağılmaqda olan bir xalqın toparlayıcısı, dövlətin varlığını qurtaran tarixi şəxsiyyət idi. Onun qayıdışı ilə Azərbaycan təkcə fiziki yox, mənəvi anlamda da xilas oldu.
15 İyun bizə öyrətdi ki, xalq birləşəndə, lider düzgün seçiləndə ölkə parçalanmır.
İbrahim Cəfərov
AMEA-nın müxbir üzvü, professor
Bu xəbər üçün şərh yazın