“Mübariz İbrahimov intihar edib...”

“Mübariz İbrahimov intihar edib...” – Dərsliklərdəki biabırçı səhvlər AzTV-də - VİDEO

“Təhsildə müəyyən boşluqlar varsa bu cinayətə bərabər məsələdir”

Azərbaycan Televiziyasında efirə gedən "Çıxışa doğru" tok-şousunun bugünkü buraxılışında məktəb dərsliklərində qarşılaşdığımız problemlər, dərsliklərin kəmiyyət və keyfiyyət məsələsi müzakirə olunub. 

Mövzu ilə əlaqədar ekspertlər - texnologiya üzrə mühəndis Könül Məmmədzadə, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev, iqtisadçı Arzu Əliyeva, təhsil eksperti Almaz Həsrət və auditoriyada əyləşən iştirakçılar öz fikirlərini bildiriblər.

Təhsil eksperti Almaz Həsrət dərsliklərdəki orfoqrafik səhvlərdən və onun məsuliyyətindən söz açıb. Onun fikrincə, son on ildə təhsil sahəsinə nəzər saldıqda əsas problemlərdən biri kimi, dərsliklərdə buraxılan səhvlər nəzərə çarpır: “Bunun da əsas səbəbi kurikurum təhsilinə keçidlə bağlı yeni tədris resurslarının hazırlanmasıdır. Ənənəvi dərsliklərdən fərqli olaraq, müasir və hər bir standarta uyğun olaraq məzmunu özündə ehtiva edən dərsliklər hazırlanmağa başlandı. Buradakı mənfi cəhət ondan ibarət oldu ki, bu dərsliklərin hazırlanmasında xüsusi hazrlıqlı kontingent (kadr hazırlığı) düzgün qurulmadı”.


Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib ki, dərslik bu gün cəmiyyətin ən yaralı yeridir: “Həm proqramın, dərsliklərdəki qüsurlar , həm də uşaqların onları qavraya bilməməsi cəmiyyətdə narazılıq yaradır. Keçmiş kitablarda biz oxuyarkən heç bir səhv tapa bilmirdik. Bu heç müzakirə mövzusu ola bilməzdi. Amma bu gün istənilən şəxs dərslikdən rahatlıqla səhv tapa bilir. Bu səhvlər müxtəlifdir. Biri var dərslikdə hansısa sözlərin yazılışı, biri də var dərslikdəki mövzular. Bəzən dərslikdə elə məzmunlu mövzular, şəkillər qoyulur ki, bu uşağı dərsliyə qarşı soyudur. Uşaq düşünür ki, mən kitabda səhv tapa bilirəmsə ondan nə öyrənə bilərəm?


Bəzən dərsliklərdə strateji məsələlərdən də səhvlərə rast gəlirik. Məsələn 5-ci sinif ədəbiyyat dərsliyində Milli qəhrəman Mübariz İbrahimovla bağlı hekayə çap olunub. Bu hekayədə mərkəzdə olan qəhrəman sonda intihar edir. Lakin bu hekayənin müəllifindən soruşduqda bildirib ki, bu sadəcə yazıçı təxəyyülüdür. Lakin belə mövzularda diqqətli olmaq lazımdır. Çünki bu kimi məsələlər uşaqlarda ciddi psixoloji təsirlər yarada bilir”. 


Auditoriyada əyləşən iştirakçılardan biri dərsliklərdə diqqətini çəkən bir problemdən danışıb. O, dərs proqramının çətin olduğunu, həm də uşaqların çantalarının həddən artıq ağırlığı barədə fikirlərini bildirib. Müzakirəyə qoşulan daha bir iştirakçı isə dərsliklərdə orfoqrafik səhvlərin həddən artıq çox olmasından şikayətlənib.


Veriliş həftə içi 5 gün, saat 17.00-da canlı yayımlanır. Tok-şouda əsasən sosial məsələlər, internet və media, informasiya təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılır."Çıxışa doğru" tok-şousunun informasiya dəstəkçisi BakuPostşaz saytıdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər