Nazir deputata cavab verdi: "Ülviyyə İlyasova həmin şəxsi evinin mətbəxində əməliyyat edib"

Nazir deputata cavab verdi: "Ülviyyə İlyasova həmin şəxsi evinin mətbəxində əməliyyat edib" 

"Plastik cərrahiyə sahəsində özbaşınalıq var və kim gəldi əməliyyat edir. İnsanları ən sadə mənada desəm, öldürürlər".

Qaynarinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı deyib


"Dünənki vətəndaş qəbulunda valideynlər gəlmişdi. Onların qızları Səbirə Vəliyevanı əməliyyat edən Ülviyyə İlyasova səhv əməliyyat nəticəsində həmin şəxsi öldürüb. Onun iki uşağı yetim qalıb. Həmin gündən bəri onunla bağlı heç bir tədbir görülmür. Valideynlərin dediyinə görə, bu qız 9-cu sinifi bitirib və heç bir tibbi təhsili yoxdur. İndi də "Qurbanova" soyadı ilə işləyir. Hazırda kosmetoloq-üz cərrahı kimi gizli fəaliyyət göstərir. Biz mətbuatda oxuduq ki, plastik cərrahları imtahan edirlər və onların siyahısını dərc edirlər. Lakin bu adamlar kim oldu, biz bunu bilmədik. Bu, geniş ictimaiyyətə təqdim olunmalıdır. Ölən adamı həmin şəxs koma vəziyyətində öz evinə aparıb. Orda ona kömək etmək istəyib, amma fayda verməyib. Valideynləri hədsiz dərəcədə narazıdır və bildirirlər ki, bizim uşağımızın qatili kimdir hələ də bilmirik", deyə Səyyad Salahlı bildirib.

Səhiyyə naziri Teymur Musayev də bu məsələ ilə bağlı danışıb:

"Məlum olduğu kimi, plastik cərrahiyə ilə bağlı xüsusi təftiş komissiyası yaradılıb. Həmin komissiyaya Baş Prokurorluq, Elm və Təhsil və Daxili İşlər nazirliklərinim əməkdaşları daxildir. Komissiyanın işi nəticəsində Azərbaycanın ərazisində plastik cərrahiyə üzrə fəaliyyət göstərməyə icazə verilən 42 plastik cərrah müəyyən olunub. Həmin siyahı ictimaiyyətə çatdırılıb və dərc olunub. Bu siyahıdan kənarda qalan digər tibb ixtisası daşıyıcıları üçün öz ixtisasları çərçivəsində müəyyən əməliyyatları icra etməyə icazə verilib. Bu məsələ öz həllini qanun çərçivəsində tam tapıb. Bu mövzuya bir də qayıtmaq istəmirəm. 


Sara Qəhrəmanovanı deputat Səyyad Salahlıya müraciətinə gəlincə, o xanım mənim də qəbulumda olub. Həmin şəxs onun qızını öz evində mətbəxdə əməliyyat edib. Özü də bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi məhz tibb işçilərinə cavabdeh ola bilər. İş artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırlıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa - istər tibb işçisi, istər mühəndis - buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz".


Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva 2024-cü ilin aprelin 16-da cərrahi əməliyyatdan sonra ölüb. İstintaqla "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi