Nazir Türkiyədə mədəndə baş verən partlayışın səbəbini açıqladı

Nazir Türkiyədə mədəndə baş verən partlayışın səbəbini açıqladı - VİDEO

Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə baş verən partlayışın səbəbi bəlli olub. Bununla bağlı Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez açıqlama verib.

Nazir bildirib ki, ilkin araşdırmalara görə, hadisə mədən qazından qaynaqlanan partlayış nəticəsində baş verib. Partlayış zamanı meydana gələn yüksək təzyiq və temperatur çox sayda işçinin həyatını itirməsinə səbəb olub.

Nazir Fatih Dönmezin sözlərinə görə, partlayış nəticəsində bəzi yerlərdə qismən çökmə baş verib. O, həmçinin yeraltı tuneldə havalandırma sisteminin düzgün işlədiyini qeyd edib.

Dönmez 15 işçinin xilas edilməsi üçün işlərin davam etdiyini əlavə edib.

“Hazırda 15 yoldaşımız mədəndədir, axtarışlar hələ də davam edir. Partlayışdan sonra yeraltı tuneldə yanğın baş verib. Hazırda komandalarımız yanğının və orada əmələ gələn dəm qazının təsirini azaltmağa çalışırlar”, - deyə nazir bildirib.

Fatih Dönmez qeyd edib ki, 15 işçinin harada olduğu məlumdur. Nazir həmçinin partlayış yerinin də təxmini bəlli olduğunu əlavə edib.

“10-11 işçi yanğının davam etdiyi bölgədədir. Çox böyük yanğın deyil. Təhlükəsiz şəkildə oraya girmək üçün yanğının və karbonmonoksit qazının dəf edilməsi lazımdır. Bəzi yerlərdə qismən çökmə var. 4-5 işçimiz də çökmə olduğu bölgədədir. İşlər davam edir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə partlayış zamanı ölənlərin sayı 40 nəfərə çatıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi