“Nərminin anası dedi ki, polis rəisindən pul almağa gəlmişəm” - ŞAHİD

“Nərminin anası dedi ki, polis rəisindən pul almağa gəlmişəm” - ŞAHİD 

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmədə bəzi məqamlar məlum olub.

APA.az xəbər verir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovun əmisi oğlu, sabiq polis əməkdaşı Murad Süleymanov ifadəsində cinayət işi üzrə bir neçə məqama toxunub.

Murad Süleymanov deyib ki, Nərminin yanmış meyiti tapılan gün səhər anası Aynurə İsmayılovanı Polis Şöbəsində görüb: “Yanvarın 6-da şöbənin qarşısında “razvod” bitdi, içəri keçəndə Aynurə İsmayılovanı gördüm. Soruşanda dedi ki, polis rəisi Şirzad Əsgərovdan pul almağa gəlmişəm”.

Şahid onu da bildirib ki, meyit yanması haqda polis rəisinə xəbər verəndən 15 dəqiqə sonra Şirzad Əsgərov rəis müavini Şahlar Cəfərovla hadisə yerinə gəlib: “Şirzad Əsgərov hadisə yerinə çatan kimi “Şahlar, odur - Nərmindir” – dedi”.

Murad Süleymanov Nərminin meyiti tapılmazdan əvvəl aparılan axtarışlar barədə də danışıb.

Süleymanov xatırladıb ki, hələ meyit tapılmamışdan öncə rəis müavini Cəfərov ondan Dondar Quşçuda tək yaşayan sakinlər haqda soruşub.

Proses aprelin 11-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi