“Ofisiant da işləmişəm, satıcı da, amma bundan utanmamışam, zəhmətimlə...”

“Ofisiant da işləmişəm, satıcı da, amma bundan utanmamışam, zəhmətimlə...” 

“Bizdə müğənnilər var ki, yarım saat toy ifa edirlər, elələri də var ki, başdan-ayağa toyu özləri aparırlar.

Məndə də belə olur. Xanım müğənni üçün toyu başdan ayağa idarə etmək çətin olur. Xınalar onlar üçün daha rahatdır, nəinki toy. Toy idarə etmək kişilərə daha çox məxsusdur, ona görə də biz Turalla birlikdə toylara gedirik”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Roza Zərgərli deyib.

“Biz sənətçiyik, müğənniyik. İşimizlə uğur qazanmışıq. Vaxtında doğru məqamda hər şeyi etmişik. Tənbəl olsaydıq adımız bizə işləməzdi. O qədər gözəl müğənnilərimiz var ki. Səsləri məndən də gözəldir. Amma onlar haradadır? Vaxtında işləmək istəməyiblər, tənbəllik ediblər. Mən kasıb ailədə doğulmamışam, hamı bizi tanıyır. Mən Bakıya köçəndə xanımlar məclisində ofisiant da işləmişəm, satıcı da. Bunu heç vaxt danmamışam. Baxmayaraq ki, pulumuz var idi, amma atam müğənni olmağa icazə vermirdi. Zəhmətlə pul qazanmaq ayıb deyil. Bu gün küçədə kişi yaxud qadın əl uzadıb, məndən pul istəyəndə vermirəm. Kimsə əl uzadıb pul istəyirsə, o heç vaxt rahatlıqla qabağa gedə bilməyəcək. Mən bu gün çox populyar olsam da, istədiyim yerdə deyiləm. Amma insanlar var ki, mənim yerimdə olmaq istəyirlər” deyə müğənni bildirib.

Müğənni həmkarlarından da danışıb.

“Bəzən kimlərsə efir xatirinə, reklam xatirinə verilişlərdə adımı çəkirlər. Heç vaxt reaksiya vermirəm. Başa düşürəm ki, bu efirdir. Efirdə zarafat da ola bilər, xoş söhbət də. Amma elə şeylər var ki, bu artıq ünvanlıdır və qırmızı xətti keçirlər. Cızığı keçmək olmaz. Çünki biz hamımız bir camiyədəyik. Bu camiyə çox kiçikdir, üz-üzə gələ bilərik. Sabah üz-üzə gələndə bir-birimizdən utanmayaq. Bəziləri də kamera görən kimi özlərini mələk kimi aparmağa başlayırlar. Necə realdadırlarsa, həyatda da elə olsunlar” deyə müğənni bildirib.

Müğənni övladlarından da danışıb.

“Həyatda insan pul da qazana bilər, gözəl yaşaya da bilər, amma insana xeyirli övlad lazımdır. Sən nə qədər gözəl yaşasan da, övladların pisdirsə gözünə heç nə görünməyəcək. Övlad var ki, valideynin başını ucaldır, yaxud da əksinə edir. Allahımdan razıyam ki, övladlarım başımı hər zaman uca tutub, sözümə baxıblar. Onların hərəsi bu gün bir yerdə çalışır. Öz zəhmətləri hesabına irəli gedirlər. Bir ana kimi bununla yalnız fəxr edə bilərəm” deyə sənətçi bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi