
“Oman körfəzində 11 İran hərbi gəmisini məhv etmişik” – CENTCOM açıqlama yaydı
ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki əməliyyatlarına rəhbərlik edən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində 11 İran hərbi gəmi və katerinin məhv edildiyini açıqlayıb.
Komandanlığın bəyanatında bildirilir ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı əməliyyat zamanı Oman körfəzi ərazisində yerləşən İran gəmiləri hədəfə alınıb.
“İki gün əvvəl İran rejiminin Oman körfəzində 11 gəmisi var idi, indi isə bir dənə də qalmayıb”, – deyə CENTCOM-un açıqlamasında qeyd olunur. Bəyanatda həmçinin vurğulanır ki, İran “onilliklər ərzində Oman körfəzində beynəlxalq gəmiçiliyi təqib edib və hücumlara məruz qoyub. Bu dövr başa çatdı”. Məlumata zərbənin görüntülərinin yer aldığı video da əlavə olunub.
CENTCOM daha əvvəl Tehranın İran hərbçilərinin ABŞ aviadaşıyıcısını vurduğu barədə iddialarını da rədd edib. Komandanlıq bildirib ki, döyüş əməliyyatları zamanı zərbə alan yeganə aviadaşıyıcı tipli platforma İranın “Shahid Bagheri” adlı hərbi gəmisidir. Qeyd olunur ki, bu gəminin göyərtəsində pilotsuz uçuş aparatları yerləşdirilə bilərdi. Açıqlamada gəminin batıb-batmadığı konkret göstərilməyib.
Bundan əvvəl “Naval News” nəşri də Oman körfəzində, Çah-Bəhar limanı yaxınlığında İranın “Jamaran” sinifli korvetinin batırılması barədə məlumatı təsdiqləmişdi.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl təxminən 10 İran gəmisinin artıq “dənizin dibində olduğunu” bildirmişdi. O, İran donanmasına qarşı zərbələrin davam edəcəyini vurğulayıb.
ABŞ tərəfi İranın raket potensialının zəiflədilməsi və nüvə proqramının qarşısının alınması ilə yanaşı, İran hərbi-dəniz qüvvələrinin sıradan çıxarılmasını da əməliyyatın əsas məqsədlərindən biri kimi göstərib.
Rəsmi Tehran isə hələlik Hərbi Dəniz Qüvvələrinə dəyən mümkün ziyanla bağlı açıqlama verməyib.
İran Hərbi Dəniz Qüvvələrinin tərkibində onlarla sualtı qayıq, bir neçə freqat və korvet, həmçinin çoxsaylı raket katerləri, desant və patrul gəmiləri var.
İslam İnqilabı Keşikçiləri Korpusunun – SEPAH nümayəndəsi bazar ertəsi axşam bildirib ki, İran Hörmüz boğazı vasitəsilə gəmi hərəkətini bağlaya bilər. İran mediası bu bəyanatı sitat gətirib.
Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzini dünya okeanı ilə birləşdirən əsas strateji keçiddir və bölgə ölkələrinin neft ixracının böyük hissəsi məhz bu marşrutla həyata keçirilir. Boğazın bağlanması qlobal neft qiymətlərində ciddi artıma səbəb ola bilər.
Bazar ertəsi həmçinin boğazda Honduras bayrağı altında üzən tankerin hücuma məruz qaldığı bildirilib. Lakin rəsmi Tehran hələlik boğazın bağlanması barədə qərar qəbul edildiyini açıqlamayıb./Azpolitika.info












Bu xəbər üçün şərh yazın