Pakistanda və İraqda ABŞ konsulluqlarına hücum - Ölən və yaralananlar var

Pakistanda və İraqda ABŞ konsulluqlarına hücum - Ölən və yaralananlar var 

Pakistanın Karaçi şəhərində ABŞ Konsulluğu yaxınlığında baş verən hadisələr zamanı azı 6 nəfərin həyatını itirdiyi, çoxsaylı şəxsin isə yaralandığı bildirilir

"Azpolitika.info"-nun Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İranın ali dini lideri Əli Xameneinin öldürülməsindən sonra baş verən hadisələr fonunda Karaçidə ABŞ Konsulluğu yaxınlığında toqquşmalar qeydə alınıb.

Xilasetmə xidməti qarşıdurma zamanı ölən və yaralananların olduğunu açıqlayıb.

Etirazçıların daş ataraq binaya daxil olmağa çalışması polis müdaxiləsinə səbəb olub. Hüquq-mühafizə orqanları kütləni dağıtmaq və vəziyyəti nəzarətə götürmək üçün gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə edib. İlkin məlumata əsasən, polis və etirazçılar arasında baş verən toqquşmalarda azı 5 nəfər yaralanıb.

Yaralılar ətraf xəstəxanalara çatdırılıb. Rəsmilər təhlükəsizliyi təmin etmək məqsədilə bölgədə əlavə qüvvələr yerləşdirib. Etiraz aksiyaları səbəbindən şəhərin bəzi hissələrində nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.

ABŞ və İsrail tərəfindən həyata keçirildiyi bildirilən hücumdan sonra İraqın paytaxtı Bağdadda da etiraz aksiyaları keçirilib.

Etirazçılar hökumət binaları və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi yüksək təhlükəsizlik zonası olan Yaşıl Zona ətrafında təhlükəsizlik qüvvələri ilə üz-üzə gəliblər.

Əl-Cəzirə tərəfindən yayımlanan və təsdiqlənən görüntülərdə etirazçıların bayraqlar qaldırdığı və şüarlar səsləndirdiyi görünür. Şahidlərin sözlərinə görə, bəzi qruplar ABŞ səfirliyinə doğru irəliləməyə çalışıb.

Kadrlarda həmçinin etirazçıların Yaşıl Zona girişinə yaxın yol qovşağında nəqliyyatın hərəkətini məhdudlaşdırmağa cəhd etdiyi əks olunub.

Hadisələrlə bağlı araşdırmalar davam edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi