
Paşinyana qarşı “ifşalar” başladı... + FOTO
Ermənistanda taleyüklü parlament seçkisi yaxınlaşdıqca, siyasi mübarizə daha da amansız şəkil alır. Tərəflər bir-birini müxtəlif səhvlərdə və cinayətlərdə, o cümlədən xəyanətdə ittiham edir. Artıq müxalifətin ittihamları Baş nazirin babasına qədər gedib çıxıb.
Azpolitika.info xəbər verir ki, Ermənistanın keçmiş prezidenti və qarşıdan gələn seçkidə Paşinyanın əsas rəqibi sayılan Robert Koçaryana aid mediada Paşinyana qarşı aparılan təbliğat kampaniyasında Baş nazirin ailə üzvləri də hədəf alınır.
Məsələn, Koçaryana aid “Yerevan.Today” nəşri iddia edib ki, Paşinyanla eyni adı daşımış babası Nikol Paşinyan guya Vermaxtın "Erməni Legionu"nda xidmət edib. Paşinyan özü əvvəllər sosial mediada Qırmızı Orduda xidmət etmiş və 1943-cü ildə həlak olmuş babası haqqında danışıb. Baş nazir hətta babasının adını daşımaqdan qürur duyduğunu da bildirib.
Lakin Rusiyanın "Xalqın fədakarlığı" məlumat bazasındakı məlumatlar fərqli bir mənzərəni ortaya qoyur. Orada 1913-cü ildə doğulmuş, 29 sentyabr 1943-cü ildə həlak olmuş Nikol Vartanoviç Paşinyan adlı şəxs barədə deyilir: "Düşmənlə əməkdaşlıq edib, həlak olub".

Koçaryanın media orqanı iddia edir ki, Paşinyanın babası erməniləri Hitlerin tərəfinə cəlb etmək üçün yaradılmış Vermaxtın "Erməni Legionu"nun 814-cü Piyada Batalyonunda xidmət edib. O, 1943-cü ilin sentyabrında Qərbi Ukraynada SSRİ-yə qarşı döyüşərkən məhv edilib.
Lakin Ermənistan hakimiyyəti jurnalistlərin adları qarışdırdığını və Baş nazirin babasının Nikol Vartanoviç yox, Arakeloviç Paşinyan olduğunu bildirib.
Lakin Ermənistan müxalifəti hakimiyyətin arqumentini qəbul etmək istəmir və xüsusən də 7 iyun parlament seçkiləri ərəfəsində Baş nazirdən bu məlumatla bağlı açıq izahat tələb edir.
Maraqlıdır ki, Hitler Almaniyasına xidmət etdiyi heç kimə, o cümlədən ermənilərin özlərinə sirr olmayan faşist və terrorçu Qaregin Njdeni “xalq qəhrəmanı” elan edib İrəvanda heykəl qoyarkən, Paşinyanın babasının “izinə düşmək” nə dərəcədə doğrudur? Bir xain artıq, bir xain əskik – nə dəyişir ki?












Bu xəbər üçün şərh yazın