Prezidentin özü üçün əlamətdar olan günlərdə xalq arasında olması xalqa və dövlətə xidmətin və sevginin göstəricisidir

Prezidentin özü üçün əlamətdar olan günlərdə xalq arasında olması xalqa və dövlətə xidmətin və sevginin göstəricisidir 

Vətən müharibəsinə qədər Ali Baş Komandanın öz iradəsi və qətiyyətli mövqeyi ilə həyata keçirdiyi fəaliyyətin tərkibində xalq qarşısında çıxışları xüsusi yer tutur.

Tarix göstərdi ki, ölkəmizin başçısının dediyi sözlər reallığa çevrilən vədlər idi. Bu reallıqların arxasında isə böyük siyasətçinin həyata keçirdiyi düzgün daxili və xarici siyasət dururdu. Vətən müharibəsindəki böyük qələbədən sonra isə Müzəffər Ali Baş Komandanın hər dəfə işğaldan azad edilən ərazilərə səfəri, müxtəlif vaxtlarda etdiyi çıxışları cəmiyyət tərəfindən qürur hissi ilə izlənilir. Bu qəbildən olan daha bir səfər və çıxışı dekabrın 24-də, məhz möhtərəm Prezidentin 60 illik yubileyi ilə eyni gündə baş verdi. Prezidentin özü üçün əlamətdar olan günlərdə xalq arasında olması xalqa və dövlətə xidmətin və sevginin göstəricisidir.

Bəli, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev 60 illiyini yenə bölgədə, azad olunmuş torpaqlarda, o cümlədən Şuşada qeyd etdi,  özü də bu dəfə qalib sərkərdə kimi... Müzəffər Ali Baş Komandanın Şuşaya səfəri sayca yeddinci idi. Cənab Prezident hər dəfə Şuşaya əlamətdar hadisələrlə bağlı gedib. Milli bayramımız olan Novruz bayramını Şuşada qeyd etməsi, Xarıbülbül festivalı, Şuşa Bəyannaməsinin imzalanması, müxtəlif açılış və təməlqoyma mərasimlərinin hər biri tarixi hadisələrdir. Bütün bunlar Şuşanın əsl sahibinə qovuşmasını simvolizə edən önəmli amillərdir. Azərbaycanın gözü olan Şuşada çıxışı zamanı ilk dəfə Prezident seçildiyi gündən bu günə qədər xalqın dəstəyini hiss etdiyini qeyd edən ölkə başçısı “Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq” – deyə söyləməklə xalqımızın dəstəyinə güvəndiyini dedi. Bu dəstək Azərbaycan dövlətinin inkişafına yönələn ən əsas amillərdəndir. Müdrik xalqımızın öz liderinə olan inamı dövlətimizin güclənməsi üçün görülən işlərdə ölkə başçısına mənəvi güc verib.

Hər zaman, bütün çıxışlarında olduğu kimi, Şuşadakı çıxışında da şəhidlərimizin ruhuna ehtiramını bildirən dövlət başçısı Qarabağ müharibəsində əldə edilmiş Zəfərdən sonra gücümüzün, nüfuzumuzun, təsir dairəmizin  daha da genişləndiyini bir daha böyük qürurla  söylədi, Hadrutda Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı kimi yeni  silahlı birləşmə olan Komanda Briqadasının hərbi hissəsinin açılışında  iştirak etdiyini bildirdi. O, həmçinin dedi:  “Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən ad günlərimə təsadüf edən günlərdə hansısa sosial  obyektlərin açılışında iştirak edirəm, məcburi köçkünlərlə,  şəhid ailələri ilə görüşürdüm... 50 illiyimi də məcburi köçkünlərlə bərabər qeyd etmişdim... 60 illiyimi isə Qarabağda -- bu dəfə Şuşada keçirirəm... Bu gün azad  Qarabağda,  Şuşada və Hadrutda olarkən mən,--əgər belə demək mümkündürsə,--öz ad günümü qeyd edirəm...”.

Öz çıxışında ulu öndərin ruhunu ehtiramla yad edən Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirən layiqli övlad və siyasi varis kimi bundan sonra bu torpaqlarda Azərbaycan xalqının əbədi yaşayacağını, Qarabağda Azərbaycan muğamının əbədi səslənəcəyini bir daha dünyanın gözü qarşısında bəyan etdi.

Fariz Sadıqlı,

Salyan rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər