Prezidentin tənqidindən sonra “Azəriqaz”da yoxlamalar başladı

Prezidentin tənqidindən sonra “Azəriqaz”da yoxlamalar başladı 

Hesablama Palatası daha bir dövlət qurumunda yoxlamalara başlayıb.

Məlumata görə, palata  "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətini araşdırır. Belə ki, Hesablama Palatası vəsaitlərin istifadəsinə dair maliyyə yoxlamaları aparır. Bundan başqa Azəriqaz” İstehsalat Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinə dair nəzarət tədbirləri üzrə hesabatlar yoxlanılır.

Məsələ ilə bağlı  açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev yoxlamaların aparıldığını təsdiqləyib:

"Bütün idarə və təşkilatlarda olduğu kimi Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Azəriqaz” İstehsalat Birliyində dövri yoxlamalar aparılır. Bu yoxlamalar qrafik üzrə həyata keçirilir. Yoxlamaların nə zaman bitəcəyi dəqiq bilinmir." (Unikal.org)

Xatırladaq ki, Nazirlər Kabinetinin son toplantısında prezident İlham Əliyev “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətini tənqid etmişdi. İ. Əliyev bildirmişdi ki, qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də işlər aparılır. “Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin. 

Eyni zamanda, “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi