“Qafqazda sülhü təhdid edən qüvvə Rusiyadır” - FAKT BUDUR!

“Qafqazda sülhü təhdid edən qüvvə Rusiyadır” - FAKT BUDUR! 

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov Ermənistan- Azərbaycan sərhəddindəki vəziyyət barədə danışıb.

O, bildirib ki, Rusiya iki dövlət sərhədində silahlı insidentlərin artmasından narahatdır. Bu insidentlərin hər iki tərəfdən insan ölümləri ilə müşayiət olunması xüsusi təşviş doğurur. Təəssüf ki, gərginlik hələ azalmağa doğru getmir.
Diplomat deyib ki, bütün məsələləri yalnız sülh yolu və siyasi-diplomatik vasitələrlə həll etmək lazımdır: “Rusiya bundan sonra da Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin normallaşması prosesinə, o cümlədən sərhədlərin delimitasiya və demarkasiya üzrə birgə işlərin görülməsinə öz töhfəsini verməyə hazırdır. Bu, Cənubi Qafqazı sabitlik zonasına çevirməyə yardım edəcək”.

Politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev Sherg.az-a açıqlamasında Kremlin qeyri- səmimi olduğunu dedi:

“Həmişə belə olub- Moskva özünü “sülh göyərçini” kimi təqdim etsə, əslində təxribatların arxasında məhz Rusiyanın xüsusi xidmət orqanları dayanır. Hamı yaxşı bilir ki, İrəvan müstəqil deyil, yarımazad dövlətdir. Rusiya Qafqazda möhkəmlənmək üçün Ermənistandan yararlanır. Çünki Gürcüstana gücü çatmır, Moldova əlindən çıxıb. Şimal qonşumuz Qafqazda möhkəmlənmək üçün hətta ölkəsini dağıdacaq addımlar atır. Rusiya uzağı görmək istəmir”.

C.Nuriyev, həmçinin Azərbaycan nə etməli olduğu barədə danışdı:

“Biz müharibə bitəndən dərhal sonra yekun sülh müqaviləsini imzalamağa hazır olduğumuzu bildirmişdik. İndi sərhədlərin müəyyənləşməsi prosesi gedir. Ermənistan uzun illər tapdaq altında saxladığı torpaqların əlindən çıxacağına görə narahatdır. Ona görə də həmin əraziləri özündə saxlamaq istəyir. Kreml isə özünü “sülh göyərçini” kimi göstərsə də, əslində quzğuntək şığımağa hazırdır.

Bakı ilə Ankara arasında “Şuşa bəyannaməsinin” imzalanması Kremli narahat edir. Türkiyədə yanğınların davam etdiyi bir zamanda İran və Rusiyanın fəallaşması heç də təsadüfi deyil.

Tehran Mehri azad iqtisadi zonasının yaradılmasına çalışır, Moskva isə hər gün bir bəyanat verir. Lakin əslində Qafqazda sülhü təhdid edən ən böyük qüvvə məhz şimal qonşumuzdur.
Lakin Rusiya bilməlidir ki, Azərbaycan on il əvvəlki Azərbaycan deyil. Biz bəyanatlara fikir vermədən, uğurlu xarici siyasətimizi davam etdirməliyik. Rusiya onsuz da gec-tez dağılmağa məhkumdur”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi