Qazilər niyə intihar edir?

Qazilər niyə intihar edir? -Onları bu həddə çatdıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir-Ekspert

"Qazilərimizi narazı salan qurumlar əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi yanında Hərbi Hospital və rayon icra başçılarıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında son dövrlər intihar yolunu seçən qazilərimizin belə bir duruma düşməsinə hansı rəsmi qurumların səbəbkar olduğuna aydınlıq gətirərkən, politoloq Cümşüd Nuriyev deyib.

Həmsöhbətimiz düşünür ki, bu kateqoriyadan olan insanlar adətən qayğı umur:

"Qazilərimizin intihar səbəbi onların psixoloji durumu ilə bağlıdır. Qazilərdə həm maddi, həm də sağlıq durumlarında problemlər yaranır. Nəticədə insan qayğısızlıqdan bezir. Ailəsinə maddi baxımdan heç bir kömək əlini uzada bilməyəndə insan psixoloji cəhətdən artıq özünü idarə edə bilmir. Bəzi dövlət məmurlarının qazilərimizə qarşı soyuq münasibəti, hörmətsizliyi, onları aşağılamaları qəhrəmanlarımızı həyatdan küsdürür”.

C. Nuriyev məmurları qazilərə münasibətdə tərbiyyəsiz hərəkətlərə son qoymağa çağırıb: "Azərbaycanda qazilərin narazılığının əsas mənbəyi, onları incidənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və rayon icra hakimiyyətləri başçılarıdır. Bu da məmurların təcrübəsizliyi və həddən artıq korrupsiyaya uğramalarından qaynaqlanır. Qazilərə qarşı bu hörmətsizlikdə Müdafiə Nazirliyinin nəzdindəki Hərbi Hospitalın da "xidməti” var. Onlar insan taleyini məhv etdiklərini başa düşmür”.

Ekspert əlililik dərəcəsinin verilməsində deferensasiya aparılmasının tərəfdarıdır: "Qazilərimizi ağrıdan məsələlərdən biri odur ki, adi qəza nəticəsində, iş yerində, təbii şəkildə əlililik alanla müharibədə əlililik alan eyni cür dəyərləndirilir. Bu yolverilməzdir. Deferensasiya aparılmalıdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi