Rektorla jurnalistin məhkəməsində dava düşdü

Rektorla jurnalistin məhkəməsində dava düşdü 

Dövlət Dillər Universitetinin rektoru Kamal Abdullanın iddiası əsasında təhsil ocağının üç işçisinə və jurnalistə qarşı məhkəmə prosesi qalmaqalla başlayıb.

Rektoru məhkəmədə təmsil edən vəkil Muxtar Mustafayevin “Xural” qəzetinin rəhbəri Əvəz Zeynallıya ünvanlanan “gözləyin, quzu balası kimi təkzib verəcəksiniz” ifadəsi ikincinin sərt reaksiyasına səbəb olub. Budan sonra vəkillə jurnalist bir-birinin ünvanına təhqiramiz ifadələr işlədib.

 Faktinfo.az Bizimyol.info-ya istinadən  xəbər verir ki, hakim əlbəyaxa dava vəziyyəti yarandığını gördüyündən, Muxtar Mustafayevi zaldan çıxarıb.

 Hazırlıq iclasında Kamal Abdullanın işdən çıxardığı və ya cəzalandırdığı üç nəfərdən (Vüsalə Ağabəyli, Pərvin Mürsəlova və Elmira Baxşəliyeva) sonuncu işə Binəqədi Rayon Məhkəməsində baxılmasına etirazını bildirib. Elə Əvəz Zeynallı da onunla eyni mövqe göstərib. Elmira Baxşəliyeva Kamal Abdullanın məhkəmənin sədri Araz Kazımovun mərhum atası Nurəddin Kazımovla əvvəllər yaxşı münasibətləri olduğunu iddia edir. Onun fikrincə, Araz Kazımov işi rektorun xeyrinə həll etməyə çalışacaq.

 Kamal Abdulla həm Əvəz Zeynallının, həm də “xural.com” saytına müsahibə vermiş işçilərin cəzalanmasını istəyir. Rektor jurnalistdən 10, Vüsalə Ağabəylidən 5, Pərvin Mürsəlova ilə Elmira Baxşəliyevanın hərəsindən 3 min manat təzminat alınmasını istəyir. Üstəlik, onların üzr istəməsini, saytın təkzib materialı verməsini tələb edir.

 

Kamal Abdulla ilə universitet əməkdaşlarının məhkəmə çəkişməsi çoxdandır gedir. Onlar rektoru müəllim və tələbə heyətinin ifadə azadlığını əlindən almaqda ittiham edir. Hər üç şəxs Kamal Abdullanı məhkəməyə verib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi