Risklər Ulu öndəri xalqı və ölkəsi üçün zəruri hesab etdiyi addımı atmaqdan çəkindirə bilməzdi

Risklər Ulu öndəri xalqı və ölkəsi üçün zəruri hesab etdiyi addımı atmaqdan çəkindirə bilməzdi -Aqiyə Naxçıvanlı

Ötən əsrin sonlarında birbaşa ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə layihəsi hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası bu gün də özünün yüksək potensialı və mükəmməl hüquqi bazası ilə xalqımızın azad və firavan yaşamasına xidmət edir.

 Məlumdur ki, 1918–1920-ci illərdə, cəmi 23 ay ərzində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu məsələlərində bir çox önəmli nailiyyətlərə imza atsa da, dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Azərbaycanın ilk Konstitusiyası artıq sovetlər dönəmində - 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiqlənib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. Həmin dövrdə Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev yeni Konstitusiyanın mətninə milli-ideoloji mənsubiyyətimizi vurğulayan həyati əhəmiyyətli məqamların əlavə edilməsinə nail olmuşdu. Sosialist-beynəlmiləlçiliyi ideologiyasına, ən əsası da Kremlin siyasətinə zidd olan belə bir addımın atılması həmin vaxt böyük risk idi. Lakin belə risklər xalqını və ölkəsini canından artıq sevən Ulu Öndərimizi heç zaman düzgün bildiyi qərarları verməkdən, zəruri hesab etdiyi addımları atmaqdan çəkindirə bilməzdi.

FAKTİNFO.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.


  Deputat bildirib ki, azərbaycançılıq dünyagörüşü ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi hər iki dövrdə onun siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapıb. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə ulu öndər Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış edib. Milli-ideoloji siyasətin tərkib hissəsi olaraq 1978-ci ildə Ümummilli Liderimizin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR-in sonuncu Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub”.


A.Naxçıvanlı qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də məhz müstəqil dövlətimizin yeni Konstitusiyasının hazırlanması olub. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri saysız və misilsizdir. Hər biri tarixi əhəmiyyət kəsb edən bu xidmətlərdən biri də məhz suveren dövlətimizin yeni Konstitusiyasının hazırlanmasıdır. Prezident İlham Əliyev bu tarixi sənəd barədə demişdir: “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir”. Həqiqətən də müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Ölkənin Əsas Qanununda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və bu kimi digər nailiyyətlər təsbit olunmuşdur. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda iştirak edən seçicilərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, ulu öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilir.

  Müasir dövrün tələblərinə uyğun dəyişilən sosial-siyasi reallıqlar səbəbindən, eləcə də əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi