“Rus qoşunlarının Qarabağa gətirilməsi işğal deməkdir”

“Rus qoşunlarının Qarabağa gətirilməsi işğal deməkdir” 

“Baş verənlər erməni hiyləgərliyinin bir formasıdır. Zatən 30 ilə yaxın yalvarırdılar ki, Rusiya ordusu gəlsin, ordumuz bütün əraziləri işğaldan azad edə bilməsin”

“Bir halda ki, Azərbaycan hökuməti bu vədi verir, onda 15 min erməninin qorunması üçün o qədər rus əsgərinin, texnikasının ora gəlməsinin nə mənası var?”

“Rus ordusuna erməni terrorçularını Qarabağdan çıxarmaq, silahlı erməniləri silahsızlandırmaq vəzifsi də qoyulmalıdır”

Azərbaycan və Rusiya prezidentləri arasında əldə olunan razılaşmaya əsasən, 1960 nəfər rus hərbi qulluqçusu sülhməramlı qismində Qarabağa gəlməkdədir. Hansı ki, bu anlaşma bəzi siyasilər tərəfindən “Rusiyanın Azərbaycanı işğalı” kimi dəyərləndirilir. Bəs, bu, həqiqətən də belədir? Bu və digər suallarla bağlı ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.

– Sərdar bəy, rus ordusunun sülhməramlı qüvvə şəklində Qarabağa yerləşdirilməsi haqda nə deyəbilərsiniz?

– Əvvəlcə onu deyim ki, bir var qələbə, bir də var tam qələbə. Azərbaycan Şuşaya qədər olan ərazilərin işğal edilməsi və şəhidlərimizin can verməsi, qazilərimizin qan tökməsi, elə Ali Baş Komandan İlham Əliyevin də kifayət qədər qətiyyətli mövqeyi ilə müəyyən qələbə əldə edib. İşğalda olan ərazilərimizin 25-30 faizini azad etmişik. Amma tam və qəti qələbəmizdən danışa bilmərik. Bu bəyanat atəşkəs bəyanatıdır, sülh bəyanatı deyil. Yəni Ermənistan Azərbaycana qarşı heç bir iddiasından imtina etməyib. Dövlətimizə düşmənçilikdən imtina etməyib. Paşinyan əməliyyatın gedişinin son mərhələsində Rusiyaya “Xankəndi əldən çıxır, kömək edin” yalvarmaqla rus qoşunlarının bölgəyə gətirilməsinə nail oldu. Baş verənlər erməni hiyləgərliyinin bir formasıdır. Zatən 30 ilə yaxın yalvarırdılar ki, Rusiya ordusu gəlsin, ordumuz bütün əraziləri işğaldan azad edə bilməsin. İkincisi, İlham Əiyev bəyanat vermişdi ki, müharibəyə 3-cü tərəf qoşularsa Azərbaycan tərəfi mütləq Türkiyəyə müraciət edəcək. Amma rəsmən Türkiyənin Azərbaycana dəvət edilməsi ilə bağlı bir bəyanata rast gəlməmişik. Ona görə mən buradan Baş Komandana deyirəm ki, rus qoşunları Azərbaycana türk qoşunları ilə eyni vaxtda, eyni həcmdə və statusda daxil olmalıdır. Rus qoşunlarının Qarabağa gətirilməsi işğal deməkdir. Sülhməramlı qüvvələr, beynəlxalq hüquqa görə, münaqişə edən tərəflər arasında yerləşdirilir. Biz Ermənistanla münaqişə ediriksə təmas xətti Ermənistan-Azərbaycan sərhədi olmalıdır. Amma rus qoşunları Dağlıq Qarabağa gətrilib.

– O halda, sizcə, sülhməramlıların Dağlıq Qarabağa yeridilməsinə nə ehtiyac var idi?

– Əslinə baxsan, buna ehtiyac yox idi. Bunu ermənilər istəyirdi, ruslar da təzyiq edirdi. Ruslar 200 il yaratdıqları bu problemi konservləşdirib, gələcək nəslə ötürmək üçün bu addımı atdı. Onların sülhməramlı niyyəti yoxdur. Sülhməramlı təfəkkürü də yoxdur. İki dəfə dünya müharibəsi baş verib, ikisini də ruslar başlayıb. Ruslar Vyetnamda, Əfqanıstanda müharibə aparıblar. Bu dəqiqə Yaxın Şərqdə müharibə aparırlar. Ukraynada müharibə aparırılar. Rusların tarixlərində sülhsevər missiyası olubmu? Təcili şəkildəeyni həcmdə türk qoşunları Qarabağa yeridilməsə, bu rus qoşunlarının Azərbaycanı işğalıdır. İkinci 28 aprel hadisəsidir. Qarabağ Azərbaycanın mərkəzidir. Qoşunlar ermənilərlə sərhədimizdə yerləşdirilməli idi. Bakıdan 300 km məsafədədir. Qarabağda rus qoşunları nə edəcək?

İkincisi, bəyanatda qeyri-müəyyən məqamlar var. Göstərilir ki, Kəlbəcərdən, Laçından, Ağdamdan erməni dəstələri çıxarılacaq. Hara çıxarılacaq? Onlar Qarabağa gətiriləcək ya Ermənistana aparılacaq? Xankəndində, Xocalıda, Xocavənddə olan erməni hərbi hissələri necə olacaq? Bəyanatada 3 rayondan ermənilərin çıxarılmasından söhbət gedir. Belə çıxır ki, 1993-cü ildə bizə hansı şərtləri ermənilər qoyublarsa, bu gün Rusiya eyni şərtləri qoyur. O vaxt Bişkek protokoluna bir şərt qoyulmuşdu: atəşkəs olsun, süh hərbçiləri sülhməramlı kimi Qarabağa gətirilsin. Heydər Əliyev ölənə qədər bunun reallaşmasına imkan vemrədi. Hətta o vaxt Rəsul Quliyev getdi, bu qüvvələrin türk, rus, azərbaycanlı hərbi qüvvələri kimi qeyd olunmasına çalışdı. Heydər Əliyev rusların sülhməramlı kimi Qarabağa gətirilməsinin əleyhinə olub. Bu gün də türk qoşunları Qarabağa yeridilməyəcəksə, bu HeydəƏliyevin siyasətinə əks olacaq.

– Yeri gəlmişkən, bu bəyanat açıqlanarkən Ceyranbatan yaxınlığına ermənilər tərəfindən raket atıldı…

– İlham Əliyev də bildirdi ki, ermənilər atəşkəsə əməl etməsələr biz də əks-hücuma keçəcəyik. Ermənilərin rusların bura gəlməsində məqsədi itirilmiş mövqelərini bərpa etmək, rus sülhməramlılardan istifadə edərək bizim əksə həmlələrimizin qarşısını almaqdır. Ermənilər yenidən hücum etsə ruslar onlara qarşı heç bir hərəkət etməyəcək. Suriyada rus əsgərlərinin nə etdiklərini gördük. Dövriyyə etdikəri 30-40 türk əsgərini ölürdülər. Lazım olsa Pakistanın da hərbi qüvvələri sülhməramlı kimi gətirilməlidir bura. Nəyə görə ancaq rus əsgərləri sülhəramlı kimi çıxış etməlidir?! Ruslar Xocalı soyqırımını törədib. İndi ruslar orda ola-ola biz Xocalını görənləri ora qaytara bilərik?  Ruslar imkan verəcəkmi Xankəndinə azərbaycanlılar qayıtsın?

– Birgə yaşayış barədə danışıqlarda bildirilir ki, dinc ermənilərlə yaşaya bilərik. Amma kim zəmanət verə bilər ki, növbəti erməni təxribatı baş verməyəcək?

– Buradan Azərbacan müxalifəti olaraq İlham Əliyevə müraciət edib deyirəm ki, Qarabağ deyiləndə Xankəndi, Xocalı və 3 rayon da nəzərdə tutulur. Xalq da prezidentin yanındadır. Amma Rusiyanın bu prosesə daxil olması çox təhlükəli məqamlardan xəbər verir. Türk qoşunları da ruslarla eyni mövqedə yerləşsələr, yenə bu təhlükənin həcmi azalmayacaq. Sülhməramlı adı altında ruslar 90 tank gətiriblər. Süılməramlılar o tanklarla nə edəcək? Bu texnika döyüş əməliyyatı aparmaq üçündür. Mən oxudum ki, bir tatar deputat Ulyanovskda olan rus xüsusi təyinatlıların Qarabağa aparıldığını deyib. Sonra bu deputatı məcbur etdilər ki, fikrini bu cür ifadə etsin: “Mmən xüsusi təyinatlıları hava limanında gördüm, onların Qarabağ-Qarabağ deməsindən ora göndəriləcəyini anladım”. Bəyanat razılaşdırılıb, elan olunmamışdan 10 saat əvvəl xüsusi təyinatlılar artıq ora yola düşüb. Qarabağda 15 min erməni var, onları qorumaq üçün bu tərkibdə rus hərbi texnikası lazımdır? Bu, əslində hərbi bazadır. İlham Əliyev dəfələrlə demişdi ki, biz oradakı erməniləri öz vətəndaşlarımız kimi təminat altına alırıq və onlara ən yaxşı yaşam şəraitini təmin edəcəyik. Orada bir erməninin burnu qanayacaqsa, Azərbaycan hökuməti cavabdehlik daşıyacaq. Bir halda ki, Azərbaycan hökuməti bu vədi verir, onda 15 min erməninin qorunması üçün o qədər rus əsgərinin, texnikasının ora gəlməsinin nə mənası var? Ulyanovskdakı hərbi hissə tam tərkiblə köçürülüb Qarabağa… Belə çıxır, necə ki, Ermənistanda hərbi bazaları var, burada da hərbi baza yaratmaq istəyirlər. 200 il xalqımıza qarşı aparılan siyasəti davam etdirmək istəyirlər. Buradan İlham Əliyevə müraciət edirəm ki, bütün siyasi pariyalar sizin arxanızdadır, indiyə kimi Azərbaycanın mövqelərini necə qorumusunuzsa, bundan sonra da qoruyun. Rusdan qorxmağa ehtiyac yoxdur. Biz burada bir an geciksək Qarabağı itirəcəyk, azad etdiyimiz yerlər işğal altına düşəcək. Azərbaycan bunu bilsin. Qarabağ hadisələri təzə başlayanda ruslar dedilər ki, xalqlar qırğınının qarşısını almaq üçün xüsusi idarə yaradaq, başına da rus qoyaq. Volskinin başçılıq etdiyi qurum yaratdılar, Xocalı soyqırımı baş verdi, bizi qovdular. Silahlanıb ərazilərimizi işğal etdilər. Məhz ruslar orada olduğuna görə. Ruslar oradan çıxandan sonra hərbi bazanın bütün silahlarını ermənilərə verdilər. Orada qalan ermənilərə də sursat daşıyacaqlar. Narazılıq olsa deyəcəklər ki, bazamıza daşıyırıq. Ona görə bizim tərəf Dağlıq Qarabağda hansısa silahlı erməninin olmamasını şərt kimi qoşmalıdır. Rus ordusuna erməni terrorçularını Qarabağdan çıxarmaq, silahlı erməniləri silahsızlandırmaq vəzifsi də qoyulmalıdır. Baxaq görək erməniləri silahsızlandıracaqlar, ya bizim əsgərlərə qarşı onlara daha güclü silahlar verəcəklər. Sülh bəyannaməsində belə fikir var idi ki, hərbçilərimiz tutduqları mövelərdən geri çəkilməyəcək. Məlumatımıza görə, ordumuz Xankəndinin içindədir, Xocalı, Xocavənd də bizim nəzarətimiz altındadır. Baxaq görək, oradan bizim qoşunlarımızı çıxaracaqlar, ya yox? Prezident Xankəndinin azad olunması xəbərini verəcək və elan edəcəkdi ki, Qarabağ tam azad olundu. Prezidentin bunu edə bilməməsi üçün ruslar tələm-tələsik ordu göndərdilər. Xalq da bilməlidir ki, bu sülh müqaviləsi deyil, atəşkəsdir. Müharibə davam edir. Dağlıq Qarabağa 3-cü bir yol çəkiləcək. Yolu da ruslar qoruyacaq. Dağlıq Qarabağa Şuşadan yol gedir, bu yol niyə çəkilməlidir? Məqsəd odur ki, Azərbaycan Dağlıq Qarabağa nəzarət edə bilməsin. Sən 5 illiyə gəlmisənsə, niyə 10 illik proje edirsən?

O ki qaldı Naxçıvan dəhlizinə, o yol sovet vaxtı ermənilərə Rusiyaya gediş-gəliş üçün lazım idi. Naxçıvan ərazisi Azərbaycanındır. Belə çıxır ki, Azərbaycana Naxçıvanla dəhliz verilirsə, Naxçıvan da bizim ərazimizdirsə, onda Laçın dəhlizinin də Ermənistanı bağlayacağı yer Ermənistanındır. Rəsmi şəkildə olmasa da dəhlizlərin eyni statusa gətirilməsi qeyri-rəsmi şəkildə Naxçıvanla Qarabağın eyniləşdirilməsidir. Belə çıxır ki, Naxçıvan koridorla əsas əraziyə birləşdirilən bizim ərazimizdirsə, Qarabağ da Ermənistanın əsas ərazisinə birləşdirilən erməni ərazisidir. Rusların əvvəlcədən çalışdıqları da 5+2 Lavrov planı idi. Belə çıxır ki, bunu da Azərbaycana etdirdilər. 7 rayon qayıdan kimi Qarabağa rus əsgəri yeritdilər. Dağlıq Qarabağ 1-ci növbədə Xankəndi, Xocalı, Əsgəran, Xocavənddir. Erməni qoşunlarının çıxması bəndi də qeyri-müəyyəndir. Hara çıxmalıdır erməni qoşunları? Ermənilər bizim vətəndaşımızdılarsa, bizim orduya qatılmalıdırlar. Yox, Ermənistan qoşunlarıdılarsa, Ermənistana çıxarılmalıdır. Rus-erməni birliyi növbəti dəfə bizə oyun oynaya bilər.

– Amma Ermənistanda çaxnaşma baş verir. Məğlubiyyəti qəbul etmirlər…

– Onlar bilirlər ki, burada qazanan Rusiyadır.

– Ola bilərmi Paşinyan getsin, onun yerinə gələn hakimiyyət eyni siyasəti davam etdirsin?

– Mütləq olacaq. Rusiya heç vaxt Qafqazın sülhdə yaşamağına imkan verməyəcək. Həmin bəyənnamədə Dağlıq Qarabağda Azərbaycan, Ermənistan yoxsa, Rusiya qanunlarının işləyəcəyi bildirilmir. Azərbaycan qanunları işləycəksə, qanuna gərə ölkə ərazisində xarici dövlətin bazası olmamalıdır.

Həm Heydər Əliyev, həm İlham Əliyev rus qoşunlarının Azərbaycana gətirilməsinin qarşısını alıblar. Dünən Ulyanovskdan tələm-tələsik Dağlıq Qarabağa gətirilməsi bizi fakt qarşısında qoymaq üçün idi. Rus ordusu harada dislokasiya olunub, hansı sərhədlər daxilində hərəkət edəcəklər, necə müşahidə aparacaqlar, toqquşma olarsa necə qarşısını alacaqlar-bu məsələləraydın deyil. Bu göstərir ki, məqsəd yalnız bu qoşunu ora gətirmək idi. Əgər Ermənistandan yenə bizə raket zərbəsi olsa Azərbaycan bunu cavabını verməlidir. Sülhməramlılar buna qarışa bilməz. Yuqoslaviya dağılanda serblərlə boşnakların arasında hollandlar sülhməramlı kimi gəlmişdilər. Hollandlar çəkildlər kənara, serblər 200 min boşnakı öldürdü. Afrikada mavidəbilqəlilər deyilən sülhməramlıların gözü qarşısında milyonlarla adam öldürülüb. Rusların gözü qarşısında ermənilərin bizim xalqımızı genosid etməsi çox asan olacaq. Həm də ruslara sülhməramlı statusu kim verib? BMT ruslara bu statusu verməyib. Ruslar özü-özlərinə sülhməramlı statusu verib. BMT bayrağı ilə gəlinməlidir. BMT tankları nişanı olmalıdır.

– Naxçıvan yaxınlığında rus vertolyotunun vuruması təxribat ola biərmi?

– Əslində rus qoşununun Qarabağa gətirilməsi üçün o vertolyot vuruldu. Azərbaycanın üstünə atdılar, rus vertolyotu orada nə gəzirdi… Biz nə bilirik ki, o vertolyotu kim sürür? Rus ordusunu rədd edə bilmiriksə, təcili türk ordusu gətirilməlidir. Xocalı soyqırımını ruslar etdilər. Ermənilər özü bunu deyir. Azərbaycan xalqına təzyiq üçün bunu etdilər. İndi də eyni cür təhlükə rus təhlükəsi var. Bizim sülhməramlıya ehtiyacımız yoxdur. Rusiya zorla gəlib Qarabağa girdi. BMT bayrağı daşıyır onlar? BMT mandat verib ruslara? Azərbaycan xalqının hərblə qazandığı qələbəni qeyd etmək haqqı var. İlham Əliyev Xankəndinin alınmasını xəbər verəcəkdi, sivil ermənilər də orada yaşayacaqdı, hər şey həll olacaqdı. Ruslar imkan vermədi, çünki rusun çörəyi ermənilərlə bizim bir-birimizi qırmağımızdan çıxır.

– Rusiyanın Qarabağa girməsi Minsk qrupunun buraxılması deməkdir?

– Rusiyanın Qarabağa girməsi de-fakto Minsk qrupunun buraxılması deməkdir. ATƏT yığışsın, elan etsin ki, Minsk qrupu de-yure buraxılıb. Özlərinə hörmət edirlərsə bunu etsinlər. Minsk qrupu Rusiyanın bu hərəkətinə qiymət verməli idi. Mən İlham Əliyevə müraciət edirəm ki, Ali Baş Komandan kimi təcili türk qoşunlarını dəvət etsin. Özüm də birbaşa Türkiyə hökumətinə müraciət edirəm ki, Türkiyə Dağlıq Qarabağa qoşun yeritsin. Çünki Rusiya bizi işğal edib. Adamlar evdə ağlayırlar ki, Rusiya qoşunu Qarabağa girib. Hamı bilir ki, bu işğaldır. Nə sülhməramlı qüvvə? Rusiya beynəlxalq hüquqa uyğun hərəkət etmir. Özbaşına gəlib girib Qarabağa. Mənə güllə dəyəndə nə bilim güllə mənə ermənidən gəldi, ya rusdan. Təcili Xocalıya, Xankəndinə-rus qoşuunları harada durubsa, ora türk qoşunları yeridilməlidir. İkisi bir yerdə Ermənistanla-Azərbaycan arasında tam sülh müqaviləsi imzalanana kimi təhlükəsizliyi təmin edə bilərlər.

Əslində ermənilərin hay-küyü də sevincdəndir. Onların ərazisində necə rus bazası varsa, rus qoşunlarının da Azərbaycana gətirilməsinə səbəb oldular. Bir tərəfdən bizə oğullarımızı qırmaqla, Qarabağı illərlə işğal altında saxlamaqla, talamaqla ziyan vurdular, digər tərəfdən işğalçl rus ordusunu ərazimizə gətirməklə. Türkiyənin rəsmən Dağlıq Qarabağa çağırılmasını görmək istəyirik. Rusiya harada sülhə nail olub? Suriyada sülhə nail olubmu Qarabağda da nail olsun? Rusiyanın Qarabağdakı 2 minlik ordusunun da xərci Azərbaycanın üzərinə qoyulacaq. Ruslar hansı funksiya yerinə yetirəcəksə, türk ordusu da eyni funksiyanı yerinə yetirəcək. Lazım gəlsə Pakistanı da 3-cü tərəf kimi dəvət etməliyik. Azərbaycan haqlı tərəfdir, heç nədən qorxmamalıdır.

Ülviyyə ŞÜKÜROVA

Hurriyyet.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi