Rusiyanın Qarabağda “rus oyunu”: - Ortada insanlar yox, rəqəmlər var

Rusiyanın Qarabağda “rus oyunu”: - Ortada insanlar yox, rəqəmlər var 

Rusiya Qarabağda imperiya siyasətini həyata keçirmək üçün növbəti separatizm ocağı yaratmağa başlayıb.

Kreml Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında “rus icması”nın yaradılması prosesinə başlayıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının keçmiş məzunu Aleksandır Bordovun Qarabağdakı rus icmasına rəhbər seçilməsi xəbəri yayılıb. Erməni əslilli Aleksandr Bordovun Qarabağda separatizmin ideoloqlarından biri, azərbaycanlıların soyqırımında iştirak etmiş Zori Balayanın yaxın dostu olduğu bildirilir. Dekabrın 1-dən başlayaraq Xankəndi və ətrafında “slavyan əsilli” şəxslərin siyahıya alınmasına başalanıb. Bunu separatçı rejim yox, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya silahlı qüvvələri təşkil edir.

Qarabağda yaşayan rusların sayı çox deyil, onlar ermənilərlə qarışıq ailələrdə yaşayırlar. Məqsəd Qarabağda guya çoxlu sayda rus milliyətinə mənsub əhalinin yaşadığını göstərmək və Rusiya sülhməqamlı kontingentinin onların təhlükəsiliyi üçün həmin bölgədə yerləşməsinin vacibliyinə dair rəy yaratmaqdır. Bununla da Rusiya Moldovadakı təxribatçı fəaliyyətini Azərbaycanda təkrarlamaq istəyir. Belə ki, 1992-ci ildə Dnetryanı bölgəyə sülhməramlı qüvvə yeritmiş rəsmi Moskva rusdilli əhalinin müdafiəsi adı altında qoşunlarını Moldova ərazisində saxlayır. Rəsmi Kişinyov dəfələrlə Rusiyadan hərbi kontingentini Moldovanın suveren ərazisindən çıxartmağı tələb etsə də Rusiya 29 ildir bu çağırışa məhəl qoymur. Rusiyanın Qarabağda rus icması axtarması da Kremlin sülhməramlı qüvvələrinin bölgədə həmişəlik qalmasını təmin etməyə hesablanıb. Yəni Qarabağda Rusiya pasportları paylamaq və perspektivdə onların müdafiəsinin zəruriliyini gündəmə gətirməklə Azərbaycanın ərtazi bütövlüyünüə qarşı növbəti problem yarada bilər.

Hələ 2008-ci ildə Rusiya Dövlət Duması ətraf ölkələrə qarşı hibrid müharibələri və ərazi iddialarını legitimləşdirmək üçün qanun da qəbul edib. Həmin qanuna görə, Rusiya Federasiyasının ərazisindən kənarda yerləşən subyektlər Rusiyanın tərkibinə daxil olmaq üçün müraciət edə bilər. Subyektlər deyərkən təbii ki, özünü qanunsuz şəkildə müstəqil elan etmiş və ya beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünü pozmuş separatçı rejimlərdən gedir. Rusiya Abxaziyada, Cənubi Osetiyada, Krımda bu cür addımlar atmaqla işğal faktına hüquqi əsas yaratmağa çalışır.

Eləcə də, Ukraynanın Dontetsk və Luqansk vilayətlərində yaşayan rus icmasının müdafiəsi bəhanəsi ilə Donbasın de-fakto işğalını həyata keçirib. Ona görə də yaxın gələcəkdə Rusiya Qarabağda saxta rus icması formalaşdırmaqla bundan öz siyasi planlarını həyata keçirmək üçün istifadə edə bilər. Qeyd edildiyi kimi, bu, ilk növbədə, rus icmasının təhlükəsizliyinin təmin edilməsi adı altında sülhməramlı qüvvələrin uzun müddət Azərbaycan ərazisində qalması məqsədi daşıyır.

İkincisi, Rusiya yeni münaqişə ocağı yaratmaqla həm Azərbaycana yeni təzyiq vasitəsi əldə etmək, həm də Cənubi Qafqazdakı hərbi-siyasi mövqelərini möhkəmlətməyə çalışır.

İkinci Qarabağ müharibəsindən sonra status-kvo ləğv edilib və Ermənistan işğalı amili Azərbaycana təzyiq vasitəsi kimi əhəmiyyətini itirib. Ona görə də Rusiya bölgədə geosiyasi üstünlüyünü saxlamaq üçün yeni təxribat planları qurur. Qarabağda rus icmasının təşkili gələcəkdə Azərbaycana siyasi təzyiq vasitəsi kimi həmin separatçı rejimin Rusiyanın tərkibinə daxil olması məsələsini gündəmə gətirə bilər.

Bu isə artıq Azərbaycanın Rusiya ilə münaqişə vəziyyətinə girməsi deməkdir. Belə olan halda Azərbaycan daha təhlükəli problemlə üzləşmiş olar. Qarabağdakı rus icması siyasətinin Kremlin işğal planlarına xidmət etdiyinə dair konkret dəlillər də mövcuddur.

Belə ki, 2020-ci ildə Azərbaycan işğal altındakı ərazilərin azad edilməsi üçün hərbi əməliyyatlara başlayanda özünü Rusiyanın Dağlıq Qarabağdakı diasporunun nümayəndəsi kimi təqdim edən Qalina Somova Prezident Vladimir Putinə müraciət edərək kömək istəyib. Sonradan rəsmi Moskva “rus icması”na rəhbərlik işini 1977-ci il avqustun 21-də Bakıda anadan olmuş və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirmiş hüquqşünas və yazıçı Aleksandr Bordova həvalə edib. Lakin Qarabağda yaşayan rus əhalinin sayı ilə bağlı məlumatlar belə bir icmanın möcvudluğunu şübhə altına alır.

“Cümhuriyət” qəzeti olaraq Qarabağdakı rus əhalinin sayını müəyyənləşdirmək üçün demoqrafik göstəriciləri araşdırmaq qərarına gəldik.

“Google.ru” axtarış sistemində ləğv edilmiş Dağlıq Qarabağda 125 min 300 nəfərin yaşadığı, onların 596 nəfərinin ruslar olduğu bildirilir. Bu da ümumi əhalinin 0,5 faizini təşkil edir. Əvvəla, bu, qətiyyən inandırıcı deyil. Çünki Rusiya Müdafiə Nazirlyininin məlumatına görə, sülhməramlıların müvəqqəti nəzarət bölgəsindəki ermənilərin sayı 53 min nəfər civarındadır. Ancaq Azərbaycanın apardığı müşahidələr və rəsmi təsdiqini tapmış rəqəmlər Xankəndi və ətraf bölgələrdə cəmi 25 min nəfərə yaxın əhalinin yaşadığını sübut edir. Sözügedən məlumat bazasında rusların yaşadığı üç bölgənin adı çəkilir. Xankəndi şəhərində 59 nəfər, Şuşa şəhərində 9 nəfər, Füzuli rayonunda 9 nəfərin yaşadığı qeyd edilir. Bu statistikaya inansaq Qarabağda 77 nəfər rus milliyyətinə mənsub insanın yaşadığı qənaəti yaranır.

O halda sual oluna bilər: “Bəs yerdə qalan 519 nəfər necə oldu?” Deməli, göstərilən rəqəm saxtadır.

İkincisi, Şuşa şəhəri işğal altında olduğu dövrdə orada yalnız ermənilər məskunlaşıb. Hazırda isə Şuşa şəhərində yalnız hərbçilər və tikinti-bərpa işləri ilə məşğul olan azərbaycanlılar yaşayır. Füzuli rayonuna gəlincə, bu bölgə işğal altında olduğu müddətdə tamamilə məhv edilib.

Orada nəinki rusların, heç ermənilərin belə yaşaması üçün hər hansı infrastruktur qalmayıb. Ona görə də göstərilən rəqəmlərin saxta olduğu şübhə doğurmur. Qarabağda yaşayan rusların sayı barədə dəqiq olmayan son məlumat 2005-ci ilə aiddir.

İşğal dövründə Ermənistanın qondarma rejimin adılndan apardığı siyahıyaalmaya görə, həmin vaxt keçmiş Dağlıq Qarabağda 171 nəfər rus yaşayıb. Onların 76 nəfəri Xankəndi şəhərində, 7 nəfəri Əsgəran rayonunda, 14 nəfəri Hadrut, 23 nəfəri keçmiş Ağdərə rayonunun ermənilər yaşayan hissəsində, 22 nəfər Xocavənd, 20 nəfəri Laçın rayonunda, 7 nəfər isə Şuşa şəhərində yaşayıb.

Bundan başqa, ermənilər ləğv edilmiş Şaumyan rayonunun işğal altında qalan hissəsində guya 2 nəfər rusun yaşadığını bildirir. Göründüyü kimi, ermənilər bu şübhəli statistikaya Dağlıq Qarabağa aidiyyəti olmayan Laçın rayonunu da daxil ediblər. Bu da işğal altındakı Azərbaycan ərazilərində yaşayan rusların sayı barədə məlumatların dəqiq olmadığını göstərir.

Digər tərəfdən, 2005-ci ilin qeyd edilən məlumatında rusların ümumi əhalinin 0,1 faizini təşkil etdiyi bildirilir. Bu isə çox cüzi rəqəmdir və onu şişirdib rus icması kimi təqdim etməyin heç bir əsası yoxdur. 44 günlük müharibədən sonra sülhməramlıların müvəqqəti nəzarət bölgəsində əhalinin yaşaması üçün əlverişli şərait olmadığından Qarabağdakı və Ermənistandakı ermənilər kütləvi şəkildə Rusiyaya immiqrasiya edir. Belə olan halda, rusların Qarabağda yaşamağa üstünlük verdiyini iddia etmək tamamilə məntiqsiz fikirdir. Xankəndi şəhərində bir neçə nəfər rus yaşayırsa, onlar da vaxtilə erməni kişilərlə ailə qurmuş, əsasən yaşlı qadınlardır.
Cebhe.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi