"Sahil-S İnşaat” MTK-ya aid tikilidə bir mənzili 5 nəfərə satıb...

"Sahil-S İnşaat” MTK-ya aid tikilidə bir mənzili 5 nəfərə satıb... - Prezidentə müraciət olundu

Azərbaycanda hər növ mənzil dələduzluğuna rast gəlinib - GEN MMC, Mur-Ay MTK və onlarla rəhbəri fırıldaqçı olan tikinti firmasının adlarını çəkmək olar.

Bu şirkətlərin sahibləri bir mənzili iki adama satdığı üçün hazırda dörd divarlıq hücrədə cəzasını çəkir, aldadılan sakinlərdən isə çoxunun pulu batıb, kimlərsə də baha qiymətə binaları təzədən almalı olublar. Amma "Sahil-S İnşaat” MTK və onun rəhbəri Taleh Allahverdiyev nə keçmişdə edilən dələduzluğa görə həbsdə olan fırıldaqçıların taleyindən ibrət dərsi çıxarıb, nə də onlara oxşayır, daha betəridir... Söhbət ondan gedir ki, Yeni Günəşli qəsəbəsinin A-B massivində inşa etdiyi binadan mənzillərin hər birini iki yox, dörd-beş adama satan T. Allahverdiyev heç bir orqandan çəkinmədən bu kələkbazlığı, saxtakarlığı davam etdirir.

Bu barədə Anaxeber.info-ya məlumat verən sakinlərin sözlərinə görə, Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, müraciət edirlər. Aldadılan vətəndaşlar müraciətində qeyd edirlər ki, "Sahil-S İnşaat” MTK rəhbəri T. Allahverdiyev dövlətin ali şəxslərindən, ölkənin qanunlarından çəkinməyərək hamıya meydan oxuyur. Əgər belə olmasaydı, bir mənzili 4-5 adama satdığına görə barəsində cinayət işi başlanar, həbs qətimkan tədbiri seçilərdi. Vətəndaşlar müraciətdə bildirirlər ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı abaş Mübarizə İdarəsi tərəfindən çağırılmış şirkət rəhbəri, daha sonra sərbəst buraxılıb və barəsində heç bir tədbir görülməyib. Bu da MTK sahibini arxayınlaşdırıb və ruhlandırıb. Odur ki, T. Allahverdiyev bildiyini edir, dələduzluq əməli ilə bağlı məsuliyyətə cəlb olunmur. Hazırda yüzlərlə sakin aldadılıb, pulları alınıb, amma bir mənzil 5 adama satılıb, heç birinə evlərin açarı verilməyib, bütün payçılarla oxşar müqavilələr imzalanıb. Prezidentə və Baş Prokurora müraciət edərək dövlətdən kömək istəyən aldadılmış sakinlər deyirlər ki, şirkət rəhbərinə cinayət işi açılmırsa, deməli, ya onu müdafiə edənlər var, ya da prokurorluq işi obyektiv araşdırmır. Müraciət müəllifləri K. Əliyevə inandıqlarını qeyd edir və istintaqın günü bu gün hərəkətə keçməsini gözləyir: "Cənab Prezident və hörmətli Baş Prokuror, Taleh Allahverdiyev adlı fırıldaqçı başımıza oyun açıb, bir mənzili 4-5 adama satıb, pullarımızı mənimsəyib, aldıqlarını qaytarmır. Xeyli müddətdir ki, üzləşdiyimiz bu qanunsuzluq, dərəbəylik haqda dövlət orqanlarını məlumatlandırırıq, ictimailəşdiririk, lakin nəticəsi yoxdur. Cənab Prezident yerli telekanallara müsahibəsində demişdi ki, bir çox özbaşınalıqlar, neqativ hallar barədə mətbuatdan xəbər tutur. 


Ona görə biz də mətbuat vasitəsi ilə bir daha dövlət rəhbərliyinə, baş prokurora üz tuturuq, yardım istəyirik. Bu şirkət rəhbəri həbs edilməlidir, bizim pullar qaytarılmalıdır. Ortalıqda böyük cinayət, mənimsəmə, dələduzluq faktı var. Amma səlahiyyətli orqanlar susurlar. Halbuki bu günədək bir çox belə fırıldaqçı şirkətlər cəzalandırılıb, sahibləri həbs olunub, bizə gəldikdə isə bu addım atılmır. Bu şirkətə pul ödəyən hər kəs sevinmişdi ki, kirayələrdən xilas olur, bir isti yuvaya sahiblənir, amma Taleh Allahverdiyev bu qədər insanın haqqını yeyib, aradan çıxıb, qəbuluna düşə bilmirik. Cənab Kamran Əliyevdən böyük gözləntimiz var ki, bu məsələyə reaksiya verib araşdırılmasını tapşıracaq. Əfsus ki, şirkətin sahibi nə tikintini başa çatdırır, nə evləri əsl sahiblərinə qaytarır, nə də eyni mənzili satdığı adamların pulunu verir. Bu adama qarşı dövlət orqanlarının susqun qalması başadüşülən deyil". Müraciətdə əlavə edilir ki, şirkətin vergidən yayınması, müqavilənin bağlanmasından sonra sazişləri pozub mənzillərin kvadratının qiymətini qaldırması haqda dəfələrlə məlumat verilib: "Amma bizə məlum olur ki, 2018-ci ildən bəri tikintini başa çatdırmayan şirkətin dərdi bu deyilmiş, demə, eyni mənzilləri bir neçə adama satıbmışlar. Biz istintaq aparılmasını və təcili cinayət işi açılmasını istəyirik. Necə ki digərləri həbs edilib, bu şəxs də eyni cəzanı almalıdır. Ümid edirik ki, dövlət və prokurorluq səsimizə səs verəcək. 


Ümumiyyətlə, Baş Prokurorluq aydınlıq gətirməlidir ki, nə üçün sözügedən şirkətlə bağlı araşdırma aparılmır, nə üçün sahibi dindirilərək sərbəst buraxılıb?! Görünür, onu qoruyan himayədarları var və prokurorluq orqanları addım atmaq istəmir. Lakin ortada cinayət əməli var, dələduzluğa yol verilib, Prezident baş prokurora böyük etimad göstərib, o da ictimailəşən məsələ barəsində göstəriş verməlidir. Biz pandemiya səbəbindən toplaşmırıq, qanunlara riayət edir, artan yoluxmaya əsasən yığışmırıq, amma bu gedişat bizi məcbur edir ki, tədbir görülməsə, haqqımızı tələb edək. Bununla belə, Taleh Allahverdiyevin fırıldaq əməlini qısa zamanda təftiş edib üzə çıxarmaq mümkündür. Bizim tək istəyimiz qanuni çərçivədə iş aparılsın, günankarlar cəzalansın, bizim pullarımız qaytarılsın, mənzillərin verilməsi ədalətli həllini tapsın. Necə olur ki, bir mənzil 5 adama satılır, ölkədə bu miqyasda dələduzluq var, amma prokurorluq göz yumur? Maraq nədir? Bəs, biz hara, hansı ölkəyə şikayət edək? Ayrı vaxt birinin dükanından 1 manat oğurlananda dərhal tuturlar, bizim isə mənzillər üçün verdiyimiz böyük pullar gedib, hərəkət yoxdur. Bu cəzasızlıq mühiti belə şirkət rəhbərlərini arxayın salır. Ona görə çox xahiş edirik ki, bizim dərdimizə çarə qılın, ümidimizi qırmayın". 

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi