Samtsxe-Cavaxetidə yaşayan ermənilər erməni terrorizminə necə dəstək olur?

Samtsxe-Cavaxetidə yaşayan ermənilər erməni terrorizminə necə dəstək olur? 

Erməni millətçiləri daim Gürcüstana və Azərbaycana qarşı təxribatlar törədir və bu istiqamətdə təxribat xarakterli aksiyaları həyata keçirməyə davam edirlər. Bu aksiyalar Ermənistanda gürcüfobiyanın və azərifobiyanın mövcud olmasını bir daha açıq-aşkar sübut edir.

 Sözügedən aksiyalarda gürcülərə və azərbaycanlılara qarşı erməni millətçilərinin nifrət aşılaması açıq-aşkar müşahidə olunur. Bu baxımdan Axalkalakidə erməni icmasına məxsus “Zori Zoryan” və “Cavaxk” gənclər birliklərinin üzvləri tərəfindən Qarabağ ermənilərinə dəstək aksiyasının keçirilməsini qeyd etmək olar. Aksiya iştirakçıları Gürcüstan parlamentində fəaliyyət göstərən erməni deputatı Samvel Manukyana məktublar göndərmişlər. Həmin məktublarda onlar “Artsax”ın yəni Qarabağın heç vaxt Azərbaycanın bir hissəsi olmayacağını qeyd etmişlər [1].


Qeyd etmək lazımdır ki, Zori Zoryan Daşnaksütyun partiyasının üç həmtəsisçisindən birinin, Stepan Zoryanın əmisi oğludur. Z.Zoryan azərbaycanlıların və türklərin qətlində fəal iştirak etmiş, 1918-ci ildə Ermənistan-Gürcüstan müharibəsi zamanı iki dəfə həbs olunmuşdur. Gürcüstan parlamentinin Daşnaksütyundan deputatı olan Z.Zoryan Gürcüstana məxsus Samtsxe-Cavaxetinin Ermənistana birləşdirilməsinin fəal tərəfdarlarından biri olmuşdur [2]. Görünüşə görə, erməni icmasına məxsus “Zori Zoryan”, “Cavaxk” və s. birliklər əslində erməni terrorizmini dəstəkləməkdən ötrü yaradılır.


Erməni təxribatçıları məqsədyönlü şəkildə Ermənistanın saxta ərazi iddiaları naminə Gürcüstanda və digər ölkələrdə özlərinə antiqüvvələr hazırlayırlar. Ermənistanın məkrli niyyətinə xidmət edən bu antiqüvvələrin beyinlərinə azərbaycanlılara, türklərə və gürcülərə qarşı nifrət aşılanır. Ermənistana məxsus həmin antiqüvvələr ölkələrarası arapozuculuq fəaliyyətlərini həyata keçirməyə çalışırlar. Gürcü politoloqu, Qafqaz Xalqları Konfederasiyasının sədri Zaal Kasrelişvili Caliber.az informasiya agentliyinə verdiyi müsahibəsində belə qeyd edir: “Samtsxe-Cavaxetidə ermənilərin quru təxribatı faktı var və bunun səbəbləri var. Sovet İttifaqı yaranan zaman digər muxtariyyətlərlə yanaşı, xüsusən Gürcüstanın cənubunda da müəyyən müstəqil regionun yaradılması nəzərdə tutulurdu. Amma bu layihə heç vaxt həyata keçirilmədi”. “Ümumiyyətlə, mən deyərdim ki, ermənilərin bu torpaqlar üzərində aborigen hüquqlarına dair heç bir sənədi və ya başqa sübutu olmamışdır. Çünki 1839-1840-cı illərdə Gürcüstanda və ümumilikdə Qafqazda ermənilərin məskunlaşdıqları dəqiq məlumdur. Rusiya imperiyasının o vaxtkı hakimiyyət orqanları İrəvanda bir milyona yaxın, Gürcüstanda isə 200 minə yaxın erməni məskunlaşdırmışdılar, lakin onlar bizdən muxtariyyət almamışdılar, amma görünür, bu əhval-ruhiyyə hələ də davam edir”, - deyə gürcü politoloqu Z.Kasrelişvili hesab edir. Gürcü politoloqu Z.Kasrelişvilinin fikrindən də göründüyü kimi, erməni separatizminə xidmət edən “Cavaxk” təşkilatı Gürcüstanın bütövlüyünə və onun digər ölkələrlə münasibətlərinə dair dəfələrlə təxribatlar törətmişlər. Bu təxribatların həyata keçirilməsində məqsəd Ermənistanın maraqlarını təmin etmək olmuşdur. Qeyd etmək lazımdır ki, Ermənistanın təxribat cəhdlərinə baxmayaraq, Gürcüstanın Samtsxe-Cavaxeti rayonunda hər bir vətəndaşın, bütün siyasi qüvvələrin və təşkilatların səsvermə hüququ vardır. Gürcü politoloqunun da qeyd etdiyi kimi, Gürcüstan ərazisində yaşayan hər hansı millətin hüquqları pozulmamalıdır, ölkənin xarici siyasətinə və qonşuları ilə münasibətlərinə xələl gətirilməməlidir [1].


Qeyd etmək lazımdır ki, Samtsxe-Cavaxetidə məskunlaşan erməni icması Ermənistanın işğalçılıq siyasətini dəstəkləyirlər. Belə bir fakt məlumdur ki, 2020-ci ilin sentyabrın 28-də Gürcüstanın Ninotsminda rayonunda Vladimir və Qayos Qarslyan qardaşlarının adı altında Qarabağa göndəriləcək ermənilərin stadionda qeydiyyatına başlanılmışdır. Verilən məlumatlara əsasən, həmin vaxt Samtsxe-Cavaxetidən 3 mindən – 5 minədək erməni imza ataraq razılıq vermişdir. O vaxt Axalkalakidəki stadionda da qeydiyyat aparılmışdır. Daha sonra Ermənistan ərazisinə Samtsxe-Cavaxetidən gələn ermənilər Qarabağa göndərilmək üçün Ermənistan Respublikası Müdafiə Nazirliyinin avtobuslarını gözləmişlər. Sözügedən günlərdə erməni separatçısı Çaxalyan 50 nəfərdən ibarət dəstəsi ilə Qarabağa gəlmişdir. O, erməni deputatı Qasparyanın komandanlığı altında döyüşmüşdür [1].

 

Qeyd edək ki, erməni millətçiləri tərəfindən keçirilən aksiyada erməni separatçıları, erməni və gürcü dillərində - “Artsaxa həyat yolunu aç”, “Artsax, biz səninləyik”, “Artsax 100 gün blokadadadır”, “Artsaxın blokadası soyqırıma aparır” kimi təxribat xarakterli yazılarını plakatlarda sərgiləmişlər [2]. Göründüyü kimi, Ermənistan öz xəyal aləmini reallıqla səf salaraq, Azərbaycanın əzəli torpağı olan Qarabağın hələ də uydurma “Artsax” olduğunu zənn edir. Ermənistan özü işğalçı, terrorçu bir dövlət olduğu halda günahı Azərbaycanın üzərinə atmağa çalışır. Halbuki Ermənistanın işğalçılıq siyasəti, Azərbaycana qarşı törətdiyi soyqırımlar bütün tarixçilərə birmənalı şəkildə məlumdur. Erməni millətçiləri daim gürcülərlə yanaşı, azərbaycanlılara qarşı da nifrət aşılamışlar. Xatırlatmaq lazımdır ki, məhz ermənilər 1918-ci ilin martın 31-də azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmişlər. Stepan Şaumyanın etirafından bizə məlum olmuşdur ki, mart soyqırımını ermənilərin “Daşnaksütyun” partiyasının 3-4 min nəfərədək terrorçuları törətmişlər. Erməni quldurları dinc azərbaycanlıların yaşadıqları məhəllələrə hücuma keçərək böyükdən kiçiyədək hər kəsi qətlə yetirmişlər. Azərbaycanlılara qarşı erməni terrorunun birbaşa şahidi olan alman əsilli Kulner adlı şəxs Bakı hadisələrinə dair 1925-ci ildə yazısında ermənilərin müsəlman məhlələrinə soxularaq hər kəsi öldürdüyünü, qılıncla parçaladığını və dəlmədeşik etdiklərini qələmə almışdır.

Alman əsilli Kulnerin yazısından açıq-aşkar bizə məlum olmuşdur ki, ermənilər insanlığa qarşı misli görünməmiş vəhşiliklər törədərək 87 nəfər azərbaycanlıya məxsus cəsədlərin qulaq və burun nahiyyələrini kəsmiş, qarınlarını yırtmış, cinsiyyət orqanları doğramışlar. Ermənilər nə yaşlılara, nə hamilə olanlara, nə də ki uşaqlara qətiyyən rəhm etməmişlər [3]. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək küçə və meydanlarda toplaşan dinc əhalini amansızcasına qətlə yetirmişlər. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir.

Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir” [4]. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsində yerləşən dinc əhalisinə qarşı soyqırım törətmişlər. Bu soyqırım Ermənistanın insanlığa vurduğu ciddi zərbəni tarixin yaddaşına həkk etdirmişdir. 1994-cü ilin martında Ümummilli lider Heydər Əliyevin Xocalı faciəsinə dair fərmanı, 31 mart soyıqırımına dair 1998-ci il 26 mart tarixli fərmanı, o cümlədən, “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası”na dair verdiyi fərman – ermənilərin müxtəlif vaxtlarda azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırım və işğalçılıq siyasətinin hərtərəfli tədqiq olunması və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə “Xocalıya ədalət!” kampaniyası həyata keçirilmişdir. Həmin kampaniyanın uğurlu fəaliyyətinin nəticəsi olaraq 1992-ci ilin fevralında baş verən Xocalı faciəsinə dair həqiqətlər dünyaya çatdırılmışdır. 1997-ci ilin yanvarın 31-də ümummilli lider Heydər Əliyev Milli Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşü zamanı demişdir: “…Xalqımız bundan tarixi nəticə çıxarmalıdır.


Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır” [5]. 2018-ci ilin yanvarın 18-də Azərbaycanın Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Həmin sərəncamda belə qeyd olunur: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir” [6].

İstifadə olunmuş mənbələr:

«После 44-дневной войны армянские провокаторы в Джавахетии активизировались» /27.03.2023/ https://caliber.az/post/154806/

Антиазербайджанская провокация армян в Самцхе-Джавахети /22.03.2023/ https://caliber.az/post/154055/

K.Salayev. Mart soyqırımında azərbaycanlıların qətlə yetirilməsinə dair ermənilərin etirafları /31.03.2022/ https://xeberfakt.az/siyaset/41813-mart-soyqrmnda-azrbaycanllarn-qtl-yetirilmsin-dair-ermnilrin-etiraflar.html?fbclid=IwAR34Wgm1s10w9YqyP983gV_B5GkqrZyWXsWukuFW4irReLKzOrrEkoik9J0

K.Salayev. Ermənistanda gürcüfobiya hansı məqsədlər üçün istifadə olunur? /18.01.2023/ https://reyting.az/siyaset/93828-ermenistanda-gurcufobiya-hansi-meqsedler-ucun-istifade-olunur.html?fbclid=IwAR2kbi3ZfZ-RRgQYrRL5PAyzThbtKltxQGZD0J8YOMLEXgnl0vZDUlgZkGI

K.Salayev. Ermənistanın bəşər cəmiyyətinə qarşı törətdiyi ağır cinayət: Xocalı soyqırımı /26.02.2022/ https://kiriminsesigazetesi.com/erm%C9%99nistanin-b%C9%99s%C9%99r-c%C9%99miyy%C9%99tin%C9%99-qarsi-tor%C9%99tdiyiagir-cinay%C9%99t-xocali-soyqirimi-kamal-salayev/

İlham Əliyev 31 mart soyqırımından yazdı /31.03.2020/  https://reyting.az/gundem/29562-lham-eliyev-31-mart-soyqirimindan-yazdi.html

Kamal Salayev

AMEA-nın Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi

Samtsxe-Cavaxetidə yaşayan ermənilər erməni terrorizminə necə dəstək olur?
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi