Sərhəd hansı xəritələrlə çəkilməlidir? –

Sərhəd hansı xəritələrlə çəkilməlidir? – Prezidentdən mühüm açıqlama

Nə üçün 1975-ci ilin, hətta bəzi təkliflərdə 70-90-cı illərin xəritələrinin əsas götürülməsi təklif edilir?

Cavab çox sadədir və mən bu gün bu barədə açıq danışmaq istəyirəm: sirr deyil ki, 20-ci əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir.

Bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.

"1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra (29 mayda – red.), əfsuslar olsun ki, İrəvan şəhəri ermənilərə verildi. Halbuki bunun heç bir əsası yox idi. İrəvan qədim Azərbaycan şəhəridir, Azərbaycan xalqı əsirlər boyu orada yaşayıb və İrəvanın bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin çoxəsirlik mövcudluğunu təsdiqləyir. Və İrəvan o şəhərlərdəndir ki, sanki orda “köhnə şəhər” yoxdur. Sadəcə ona görə ki, ora Azərbaycan şəhəri olub və o da sökülüb-dağılıb.

O qərara gəldikdə isə - yəqin hamı mənimlə razılaşar – o böyük bir tarixi cinayət idi, səhv yox, cinayət.

Birincisi, o vaxt İrəvanda yaşayan azərbaycanlılardan soruşulmadı; ikincisi, nə qaçaqaç idi, hara tələsirdilər? Yəni 28 mayda respublika elan olunur, 29 mayda İrəvan ermənilərə verilir. Onun izahatı heç bir məntiqə sığmır: guya bunu verməklə ermənilər Azərbaycana ərazi iddialarından əl çəkir. Əl çəkdimi? Yox. Daha da azğınlaşdılar.

İrəvandan Azərbaycan Xalq Cümhuriyyətində təmsil olunan nümayəndələrin etirazı nəzərə alınmadı. Yəni böyük tarixi cinayət idi. Və o bir başlanğıc idi. 1920-ci ilin aprelində sovetləşmədən sonra, noyabr ayında artıq Sovet hökuməti Qərbi Zəngəzurun böyük bir hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir. Bu da tarixi faktdır, xəritələr var, 20-ci əsrin xəritələrində görünür, Azərbaycan xalq Cümhuriyyətinin xəritəsi var və orada Qərbi-Şərqi Zəngəzur yoxdur, bütün Zəngəzur Azərbaycan ərazisidir.

Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir. O vaxta qədər bizim torpaqlarımız Ermənistana verilirdi və təxminən 100 min kv.km-dən çox ərazi 86,6 min kv.km-ə düşdü. Heydər Əliyev 1969-cu ilin iyul ayında rəhbər seçiləndən sonra artıq torpaq hədiyyələri dayandı. Məhz buna görə 70-ci illərin xəritələrini onlar əsas götürmək istəyirlər.

Mən sual verəndə ki, yaxşı, niyə 70-ci illərin? Deyirəm, mənə izah edin: bunun hansı metodoloji əsasları var? Siyasi əsasları var? Yoxdur! Əgər siyasi əsaslara istinad etsək, onda ya Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsini götürməliyik istinad nöqtəsi kimi, ya da sovetləşmə dövrünü (28 aprel 1920-ci il – red.). Bu olar siyasi metodologiya.

Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq 20-ci əsrin əvvəlindəki xəritələrə - gəlin, bu xəritələrin üzərində işimizi quraq. Yəni siz 50, 60 ili kənara qoyursunuz, məhz 70-ci illərə istinad etmək istəyirsiniz. Məhz ona görə ki, o vaxt artıq bizim tarixi torpaqlarımız onlara verilmişdi.

Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Və əfsuslar olsun ki, bu 70-ci illərin xəritəsini əsas götürmək istəyən təkcə Ermənistan deyil, “Ermənistan+” qruplaşmasıdır. Və buna heç vaxt biz razılıq verə bilmərik.

Bizim mövqeyimiz çox ədalətli və məntiqlidir: ya siyasə metodologiya əsas götürülməlidir, ya xranalogiya əsas götürülməlidir, ya da bütövlükdə, heç bir xəritə əsasında biz işimizi qurmamalıyıq. Komissiya yaradılıb, komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır, getsinlər qarışqarış o yerləri gəzib, sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır", - İ.Əliyev qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər