SEYMUR ORUCOVUN ƏVVƏLKİ İCRA BAŞÇILARINDAN FƏRQİ -

SEYMUR ORUCOVUN ƏVVƏLKİ İCRA BAŞÇILARINDAN FƏRQİ - Ağstafanın gənc rəhbəri müqayisədə...

Ağstafada nələr baş verdiyini, bu rayona kimlərin rəhbərlik etdiyini bilmədən, rayonun indiki icra başçısı Seymur Orucovu tənqid etmək, onu nələrdəsə ittiham obyektinə gətirmək həqiqətən ədalətsizlikdir.


Ağstafalı biziksə, bu rayona kimlərin rəhbərlik etdiyini, insanları necə aldatdıqlarını, Seymur Orucovun onlarla müqayisədə hansı ali keyfiyyətlərə malik olduğunu bilmədən, bu fikirləri işlətməz, yazıb özümüzü çətin vəziyyətə qoymarıq. Düzdür, əminliklə deyə bilmərik ki, Ağstafa RİH başçısının müavinləri, bir sıra şöbə müdirləri şəxsi istək və arzudan irəli gələn bir şəkildə orada "xəta" etmirlər, rayon rəhbərinə yanlış məlumat vermirlər, narazılıq yaratmırlar. Bunlar ola da bilər, amma belə hallar illər əvvəl bu rayonda haqq və hüququ pozulmuşlarla müqayisədə heç 3- 5 % təşkil etmir.

 

Ağstafa rayonuna son 30 ildə - Cümşüd Musayev (hazırda "Aqrokreditbank"ın Qazax rayon filialının direktoru), Elxan Usubov(Şəki rayonunun hazırkı icra başçısı), Məhərrəm Quliyev (Goranboy rayonunun hazırkı icra başçısı) və Nizaməddin Quliyev (dünyasını dəyişib) rəhbərlik ediblər. Dünyasını dəyişən Nizaməddin Quliyev istisna olmaqla (istisna ona görə yazırıq ki, rayona 5-6 ay rəhbərlik edib) digər icra başçıları Ağstafanı talayıblar, rayon əhalisini sosial layihələrdən məhrum ediblər. Rayona rəhbərlik etmiş bu şəxslər yüzlərlə rayon sakininin torpaqlarını "özününkiləşdirməklə", Ağstafada hara necə gəldi sərəncam verib, min bir hoqqadan çıxıblar. Hətta bu şəxslərin içində elələri olub ki, açıqdan-açığa rayonun idarə, müəssisələrini"hərraca" çıxarıb, bir vəzifəni bir-iki ilin içində üç şəxsə"satıb".Təbii onlara rayonun varidatını talamaqda adlarını belə çəkmək istəmədiyimiz müavinləri,Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri möhtəkirliklə yardımçı olub. Ağstafanın belə vaxtlarında məzlumun, kəndlinin səsinin ərşə çıxdığı,şikayət məktublarının hər gün Prezident Administrasıyasına göndərildiyi zamanlar rayonda bu şəxslər özlərini mütləqi-hakim bilir, az qala göy satandan da haqq almağa rayon rəhbərini inandırmağa çalışırdılar.


İndi bu eybəcərliklərin demək olar heç biri yoxdur. Savadı, intellekti, dünya görüşü ilə seçilə bilən,nəfsinə qul olmayan, məzlumların torpağına, haqqına əl uzatmayan, örüş yerlərini satmayan, rayon təşkilatlarından aylıq rüşvət yığmayan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təkrar ona etimad göstərməsini özü üçün məqsəd bilən icra başçısı var. İnkar etmirik, hansısa təşkilat rəhbərini, kənd icra nümayəndəsini müdafiə etdiyi qarşılığında Ağstafa RİH-də kimlərsə gizlin nələrsə ala bilər.Lakin bu və ya sadalamadığımız onlarla müsbət nümunəyə rəğmən icra başçısı həmişə çalışır ki,insanlar incidilməsin, razı qalsın.

            

Lakin Seymur Orucovun da saytlarda tənqid olunan günləri olur və onun haqqında yazılan tənqidlərdə bəzən jurnalistlər fikirləri ilə hisslərini qarışdırırlar. Qəribəsi də odur ki, Ağstafa RİH başçısı Seymur Orucov "ittiham" edilərkən himayəçilikdə, bəzən də qohumlarına kömək etməkdə günahlandırılır. İcra başçısı olmasında bir sıra şəxslərin rolundan bəhs edilir. Bunu yazanlara özlərinin inanıb-inanmadığına dair təminat verə bilməsək də, ümumi qənaətimizin həqiqət olduğuna şübhəmiz yoxdur.

        

  Yazırlar: "Seymur Orucovun qaynatası keçmiş millət vəkili, Azərbaycan İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyev, qaynanası AMEA Rəyasət Heyətinin Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi Mərkəzinin direktoru Zenfira Hacıyevadır."


Sual olunar, bu şəxslərin adının Seymur Orucovun rəhbərlik etdiyi rayonla bağlı məsələlərdə hallandırılmasının kimə nə aidiyyatı var? Bu şəxslərlə əlaqəli nə baş verib ki, icra başçısından tənqid yazarkən onun qaynatası, qaynanası, dayısı önə çəkilir?! Axı onlar bu rayonda vəzifədə,RİH-də işləmirlər.Belə də, Seymur Orucov Şəmsəddin Hacıyevi millət vəkili seçdirmişdi, rektor təyin etdirmişdi, Zenfira Hacıyevanı AMEA-da işə düzəltmişdi ki, günahkar bilinir?! Ümumiyyətlə, bu şəxslər işləyəndə Seymur Orucov onlarla qohum idi və yaxud qaynata, qaynana işləməməli onlara göstərilən etimaddan imtina etməli idilər?!


Eləcə də, Seymur Orucov haqqında yazarkən həyat yoldaşı Çeşmi Hacıyevadan da bəhs edilir.İcra başçısının xanımına bahalı avtomobil alması, onu Maştağada bağça müdirəsi təyin etdirməsi qeyd edilir. Bunu yazanların arqumentlərinin həqiqətlə heç bir əlaqəsi yoxdur. Niyə? Çünki, Çeşmi xanım tələbəlik həyatında ictimai nəqliyyatdan istifadə etsə də, universitetdə çalışdığı illərdə özü-özünə avtomobil alıb. Bunu bütün işlədiyi universitet də bilirdi. Onda heç Seymur Orucov ilə evlənməmişdi.


İkincisi də, indiki zamanda kimin avtomobili yoxdu.İş yerinə gəlincə, o,bir neçə yerdə işləyib və bunlardan biri də Maştağada bağça müdirəsi vəzifəsi olub. Bu zaman kəsiyində də Seymur Orucov icra başçısı olmayıb, həyat yoldaşı icra başçısı olanda o tamam başqa bir yerdə işləyib. Bir də ki, Çeşmi Hacıyeva iqtisad elmləri üzrə fəlsəfə doktorudur, bir neçə xarici dil bilir, savadlı mütəxəssis kimi yüksək məvacib alır, özünə xarici avtomobil alıb, iş yeri tapa bilməz ki?

 

Qaldı, Seymur Orucovun Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsində dayısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri,millət vəkili Səttar Möhbalıyevin adının qəti imkan tədbirində hallandırılmasına, bu da yanlışdır. Səttar Möhbalıyevin bu məsələdə rolunun olması məntiqlə də uzlaşmır. 


Çünki, heç kim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsinə təsir etmək iqtidarında deyil. Bunu neçə illərdir, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına rəhbərlik edən, hər halda ağıl qılıncını kəsərdən düşməyə qoymayan Səttar Möhbalıyev də bilməmiş deyil. 


O səbəbdən də Seymur Orucovun Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsində  önəmli faktor kimi Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olması götürülməlidir.

FUAD İSGƏNDƏROV

 FAKTİNFO.AZ






Birinci məlumatlanmaq üçün facebook səhifəmizi