“Sığorta şirkətləri bilərəkdən ajiotaj yaradır”

“Sığorta şirkətləri bilərəkdən ajiotaj yaradır” - Mənzillərin sığortası məcburidir?

İcbari sığorta haqqında 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun 35.2. maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

 Dövlət qeydiyatına alınmış daşınmaz əmlak dedikdə, qarajlar, mağazalar, evlər, mənzillər və sair dövlət qeydìyyatına alınmış (“kupça”sı olan) obyektlər nəzərdə tutulur. “Kupça”sı olmayanlara sığorta məcburi deyil.


Maraqlıdır, 2011-ci ildə qüvvəyə minən və indiyədək heç bir nəzarət, cərimə mexanizmi tətbiq edilməyən icbari sığorta, qanuna heç bir dəyişiklik edilmədiyi halda, niyə 2020-ci ildən məcburi hal alır? Sığorta hadisəsi kimlərin maraqlarına işləyir?


Modern.az-ın bu qəbildən olan suallarını iqtisadçı Natiq Cəfərli cavablandırıb.


N.Cəfərli qeyd edib ki, heç bir yenilik olmadığı halda, əhali arasında yaranan ajiotajın səbəbkarı sığorta şirkətləridir:


“Sığorta şirkətləri bilərəkdən ajiotaj yaradaraq, əhalinin daşınmaz əmlakını sığortaya cəlb etmək niyyəti güdür, əlavə gəlir mənbəyi əldə etməyə çalışırlar. Bu qanun çoxdan qəbul olunub, amma tətbiqilə bağlı ciddi problemlər var. Çünki ölkədə 650-700 min daşınmaz əmlakın sənədi yoxdur. İllərdir “sənədsiz evlər” məsələsi həll olunmur. Sənədi olmayan daşınmaz əmlakın sığortalanması mümkün deyil. Ölkədə təqribən milyon yarıma yaxın daşınmaz əmlak var. Bunların sığortasını 50 manatdan hesablasaq, 75 milyon manat əlavə gəlir deməkdir. Belə baxanda sığorta şirkətlərinin iştahası pis deyil, obrazlı desək, piroqdan pay götürmək istəyirlər. Əgər ölkə ərazisində qanun hamıya bərabər şəkildə tətbiq olunmursa, onun işləməsi mümkün deyil. Ona görə də əhalinin təşivişinə, narahatlığına əsas yoxdur. Yalnız insanların öz daşınmaz əmlakı ilə bağlı hüquqi əməliyyat həyata keçirərkən, satarkən, yaxud kiminsə adına keçirərkən, həmin sənədi tələb edə bilərlər. Yalnız o zaman vətəndaş məcburiyyətdən həmin sənədlə bağlı addım atar”.


Ekspertin sözlərinə görə, milyonlarla daşınmaz əmlakın mövcud olduğu ölkədə hamıya cərimə yazılması mümkün deyil:


“Belə bir yanlış informasiya yayılıb ki, guya cərimə yazıldığı halda, onu ödəməyən vətəndaş hər 20 gündən bir cərimlənəcək. Bu, absurd bir şeydir, yenə də kimlərinsə maraqlarına xidmət edir. Hansısa qanun pozuntusuna görə cərimə il ərzində 1 dəfə yazıla bilər. Amma eyni əmələ görə hər 20 gündən bir cərimə yazılması mümkün deyil. Bu ajiotajın aradan qaldırılması üçün Azərbaycan hökuməti açıqlama verməlidir. Təəssüf ki, rəsmi orqanlar susur, danışanlar isə sığorta şirkətlərinin nümayəndələridir. İlkin olaraq daşınmaz əmlakla bağlı amnistiya aktı qəbul olunmalıdır. Bütün daşınmaz əmlaklar rəsmiləşdirildikdən, rəsmi qaydaya düşdükdən sonra sığortanın icbari tətbiqilə bağlı qərar verilə bilər. Eyni məhəllədə, eyni binada yaşayan iki qonşudan birində “kupça” yoxdursa, onun əmlakının sığortası məcburi olmur, amma sənədi olan məcburi qaydada daşınmaz əmlakını sığortalatdırmalıdır. İndiki halda bu, bərabərlik hüquqlarıın pozulmasıdır, həm məntiqə ziddir, həm də hüquqa. Rəsmilər mütləq şəkildə məsələyə aydınlıq gətirməlidirlər. Əks halda şayiələr də artaraq, insanları narahat edəcək”.


N.Cəfərli bildirib ki, şəxsən öz daşınmaz əmlakını sığortalatdırmayıb:


“Bunun üçün narahat deyiləm, vətəndaşları da rahat olmağa çağırıram. Cərimənin yazılması və yığılması ilə bağlı aidiyyatı və məsul orqan da yoxdur. Sığorta şirkətlərinə cərimə tətbiq etmək səlahiyyəti verilməyib”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi