
"Silahlı mübarizə dövrü başa çatıb" - Öcalandan növbəti çağırış + VİDEO
Terror təşkilatı PKK-nın sözdə lideriı Abdullah Öcalanın İmralı həbsxanasından yeni bir videosu yayımlanıb.
Azpolitika.info Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Öcalan sözügedən açıqlamasında 27 fevral 2025 tarixli “Sülh və Demokratik Cəmiyyət Çağırışı”na sadiq qaldığını ifadə edərək, PKK-nın bu çağırışa “12-ci Buraxılış Qurultayı” ilə cavab verməsini tarixi addım kimi dəyərləndirib.
O, PKK-nın artıq savaş strategiyasından əl çəkdiyini, təşkilatın varlığının tanındığını və məqsədinə çatdığını bildirib.
"PKK dövlətçi bir məqsəddən və savaş strategiyasından imtina edib. Silahlı mübarizə dövrü başa çatıb. Bu bir son deyil, yeni bir başlanğıcdır", - deyə o, qeyd edib.
Öcalan TBMM tərəfindən qurulacaq komissiyanın və demokratik hüquqi mexanizmlərin bu prosesdə mühüm rol oynayacağını vurğulayıb.
“Silahların könüllü şəkildə təhvil verilməsi və bu prosesin hüquqi çərçivədə həyata keçirilməsi vacibdir”, - deyə Öcalan bildirib.
DEM və digər siyasi partiyaların bu prosesdə aktiv iştirakının önəmli olduğunu bildirən Öcalan, şəxsi azadlığı ilə bağlı isə bu sözləri deyib:“Mən azadlığımı heç vaxt fərdi məsələ kimi görmədim. Fərd və cəmiyyət bir-birindən ayrılmazdır. Azadlıq ancaq qarşılıqlı şəkildə mümkündür".
Öcalan bölgədə son vaxtlar yaşanan siyasi və hərbi hadisələrin bu prosesin təcili həyata keçirilməsinin vacibliyini göstərdiyini də bildirib:“Silahın deyil, siyasətin və ictimai sülhün gücünə inanıram. Gəlin bu tarixi mərhələni birlikdə uğurla başa çatdıraq".
Qeyd edək ki, bu bəyanatın ardından silah buraxma ilə bağlı mexanizmlərin necə qurulacağı və TBMM-nin atacağı addımlar maraqla gözlənilir.
Bu xəbər üçün şərh yazın